Görkəmli bəstəkarımız 29 aprel 1916-cı ildə Bakıda anadan olub

Tarix
Ədilə xanım Hüseynzadə bəstəkarlıq sahəsi üzrə ali təhsil alıb ilk xanım sənətçimizdir. Bu gün onun doğum günüdür...
Görkəmli bəstəkarımız 29 aprel 1916-cı ildə Bakıda anadan olub. O, altı yaşından yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlayıb. Dəqiq elmlərə göstərdiyi yüksək marağa görə Ədilə xanım əvvəlcə (1929-1932-ci illərdə) Nəriman Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil alıb. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnib.
Ədilə xanım həm bəstəkar kimi, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə öz töhfəsini verib. O, bir çox janrlarda uğurla çalışıb simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Görkəmli bəstəkarımız Nizaminin sözlərinə yazılmış “Vəslin həvəsi” romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan “Duyğular” vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir. Həmçinin “Bülbül”, “Qarayazı meşəsində”, “Bir səs”, “Susdu bülbülümüz”, “Günədən gənclik istədim”, “İnsanları sevməsəydim”, “Yenə elədir” və digər romansların da müəllifi Ədilə xanımdır. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün olduğu kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaradıb.
Ədilə Hüseynzadənin yaradıcılığında iri həcmli əsərlərin yazılması iki mərhələdən ibarətdir: birinci mərhələ 1946-1953-cü illəri, ikinci mərhələ isə 1972-1975-ci illəri əhatə edir. Birinci mərhələdə xor üçün “Oktyabr”, xor və simfonik orkestr üçün “Vətən” kantatası, simfonik poema, “Vətən” vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün “Sülhün səsi” kantatası yazılıb. Habelə bəstəkar 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi simfonik poemanı qələmə alıb. Xor və kollektivlər üçün əsərlər bəstələnmiş ikinci mərhələdə tar və solistlər və xor üçün “Ərəb dostlarıma”, solistlər və xor üçün “Neylərəm”, xor üçün “Üzün bərqi gülitərdir”, a kapella xoru üçün “Vətən” adlı xor əsərləri, solist bariton, qadın xoru və orkestr üçün “Oğlumun babasına” adlı ballada yazılıb.
Ədilə xanım 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub və onun tədbirlərində fəal iştirak edib. Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyovun tələbələrindən biri Ədilə xanım Hüseynzadə 2005-ci ilin 20 iyulunda vəfat edib. Məzarı II Fəxri xiyabandadır.
Bir siyah beyaz 1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ

Məcid Rəşadətoğlu

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir