Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fıncanın üçündür;
Vəz eylədiyim hədyəvü ehsandan ancaq
Ümdə qərəzim kisəvü həmyanın üçündür;
Sərkəştəliyim xirməni-buğdalar ucundan,
Aşiftəliyim sərvətü samanın üçündür;
Fərş eylədiyim sinəmi hər gün qədəmində,–
Kəskin təməim süfrədəki nanın üçündür;
Bimar tənim küftəvü bozbaş ələmindən,
Xunin ciyərim dolma-badımcanın üçündür;
Ağzım dolusu neməti-firdovs dedikdə,–
Boşqabda qara gözlü fisincanın üçündür;
Vəsf eylədiyim zövqlə ənhari-behişti,–
Kövsər məzəli şərbəti-reyhanın üçündür;
Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,
Bildim bu tədarük şəbi-ehsanın üçündür.
Ax, bircə görəydim səni, ey sevgili varis,
Meylim sən ilə dəsti-zərəfşanın üçündür!
Münimlərə can ver, könül, uyma füqərayə,
Sinəmdə səni bəslədiyim anın üçündür.
Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,
Bu od sənin ancaq alışan canın üçündür….
Yan, dinmə, sən Allah!
Qan, dinmə, sən Allah!
Həq söyləmiş olsan,
Dan, dinmə, sən Allah!
MUASİRMEDİA.AZ