Mediator Hər bir cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri onun hüquq mədəniyyətidir. Hüquq mədəniyyəti deyəndə bəziləri yalnız qanunların mövcudluğunu və onların tətbiqini nəzərdə tutur. Amma bu anlayış təkcə bununla məhdudlaşmır. Hüquq mədəniyyəti – cəmiyyətin hüquqa münasibəti, hüquqi düşüncə tərzi və hüquqi münasibətlərə yanaşma formasıdır. Bu kontekstdə mediasiya hüquq mədəniyyətinin ayrılmaz hissəsi kimi diqqət çəkir. Yeni dövrün hüquq alimləri bu qənaətə gəliblər ki, hüquqi mübahisələrin mediasiya yolu ilə, yəni qarşılıqlı anlaşma və razılaşma əsasında həll olunması hüquq mədəniyyətinin bir təzahürüdür. Mən də bu yanaşma ilə tam razıyam. Mediasiya – zor gücünə deyil, söz gücünə əsaslanan bir hüquqi mexanizmdir. Bu institut tərəfləri düşmən etmədən, qalib və məğlub anlayışları yaratmadan problemi aradan qaldırmağı hədəfləyir. Mediasiya tərəflərə bir-birini dinləmək, başa düşmək və ortaq qərar vermək fürsəti yaradır. Bu isə hüquqi münasibətlərə mədəni yanaşmanın ən gözəl nümunəsidir. Təcrübədə də görürük ki, mediativ həll tərəflər arasında gələcək münasibətlərin qorunmasına şərait yaradır. İnsanlar arasında barış, etimad və anlayış kimi dəyərlər hüququn əsas dayaqlarından biri kimi önə çıxır. Hüquq yalnız qayda-qanunlar toplusu deyil, eyni zamanda bu cür insani münasibətlərin təşviqidir. Ona görə də deyə bilərik: Mediativ həll – hüquq mədəniyyətinin yüksək təzahürüdür. Bu təzahür cəmiyyətin daha sağlam, hüquqa sayğılı və humanist əsaslarda formalaşmasına xidmət edir. Mediasiya hüququn yalnız nəticəsi deyil, həm də onun həyata keçirilmə üsuludur – mədəni, sülh yönlü və insani.
MUASİRMEDİA.AZ
Zaur Quliyev