Ümummilli lider Heydər Əliyev, qardaşı Aqil Əliyev, anası İzzət xanım və bacısı Rəfiqə xanım. Bu gün Heydər Əliyevin doğum günüdür!
* * * * * * *
Ümummilli lider Heydər Əliyevin bacısı Şəfiqə Əliyeva anası İzzət xanım haqqında yazır: “Anam hamının xeyrinə-şərinə yaramaqla bərabər ona müraciət edən hər kəsə əl tutardı. Evimiz məscid qapısı kimi hamının üzünə açıq idi. Una, sabuna, yarmaya gələn adamlardan heç birini əliboş geri qaytarmazdı. Anam olduqca qənaətcil, ehtiyatlı bir qadın idi. Atam dəmiryolçu olduğu üçün onlara torpaq sahəsi və tonla buğda verilirdi. Bu çətin illərdə evimizdən lavaş əskik olmazdı. Bizim kənddə Sisyandan qohumlarımız vardı. Xüsusən də əmim bizə çox şey göndərərdi. O ağır günlərdə kəndlə əlaqəmiz bizə böyük dayaq idi. Naxçıvandan beş kilometr kənarda da qohumlarımız çox idi. Böyük qaysı bağları vardı. Göndərilən hər bir meyvəni anam bişirər, qənaətlə işlədərdi. Axı o, qardaşı uşaqlarının da ümid yeri idi. Anamın cəfakeşliyindən, ürəyiaçıqlığından bütün məclislərdə ağız dolusu danışırdılar.
Yay olanda evimizdə nə vardısa həyətimizə köçərdi. Yorğan-döşək, qab-qaşıq. Ev bomboş olardı. İsti hava olduğu üçün həyətimizdəki taxtda yatardıq. Müharibənin ağırlığı bütün ailələrin üstünə çökmüşdü. Kənddə Xurşud xanım adlı bir qadın yaşayırdı. Əri cəbhəyə getdiyi üçün beş uşağın əzab-əziyyətini çəkmək məsuliyyəti onun üstünə düşmüşdü. Anam ona əl tutardı. İsti yay gecələrindən biri idi. Saat üç olardı. Xurşud xanımın uşaqlarının ağlaşma səsi bizi yuxudan oyatdı. Anam dözmədi. Gedib astadan Xurşud xanımı çağırdı ki, ay qonşu, bu uşaqlar niyə ağlayırlar? Xurşud xanım məhzun-məhzun “Neynim, a İzzət bacı?-dedi- Acdırlar, yata bilmirlər”. Anam əlini ürəyi üstünə qoymuşdu. Üzünə hopan iztirab ay işığında aydın sezilirdi. Tələsik addımlarla evə keçib xeyli lavaş və pendir götürdü. Uşaqların anasına verib geri döndü. Mən onun taxtın kənarında əyləşib başını əlləri arasına almağına, fikirləşdiyinə tamaşa etdim. Artıq Xurşud xanımın həyətindən səs gəlmirdi. Anamın isə yuxusu ərşə çəkilmişdi. O, sübhə qədər yatmadı. Çünki mən gözlərimi açanda onu beləcə fikir-xəyal ümmanında gördüm. Həmin gündən etibarən anamın bir qayğısı da artmışdı.
Həyətimizdə divar boyu qızıl gül əkilmişdi. Əsl qızılgül itburnu çiçəyi kimi beş ləçəkli olur. Ondan gülab çəkmək üçün, mürəbbə bişirmək üçün istifadə edərdik. Yaxşı xatirimdədir ki, anam sübh tezdən durar, ələyi və qayçını götürüb qızılgül kollarına tərəf gedərdi. Çox tikanlı olduğu üçün o gülə əl vurmaq olmazdı. Ləçəkləri çox zərif olardı bu güllərin. Anam ələyi gülün altına tutub sonra qayçı ilə kəsərdi. Topladığı güllərin ləçəklərinin ucundakı sarıları kəsib əvvəlcədən şirə tökdüyü tavaya atardı. Çünki ləçəklər qalsaydı, quruyub xarab ola bilərdi.
Artıq qalan gül çiçəklərindən anam gülab çəkər, gülqənd edərdi. Gülün ləçəklərini qənd tozu ilə döyüb ona zəncəfil, darçın qatardı. Bu mədə və soyuqdəymə xəstəliklərində istifadə olunan ən təsirli, əvəzi olmayan dərman hesab edilirdi. Həyətimizdə üzüm olsa da, əmim bizə üzüm göndərərdi. Anam sirkə qoyardı. İri küplərdə qoyulmuş sirkə 40 günə gələrdi. Ana lazım olan qədər götürüb, yerdə qalanına həyətdən yığdığı meyvə-tərəvəz, şaftalı, gavalı, xiyar, göy lobya, göy pomidor tökərdi. Bütün qış boyu sadaladığım bu meyvə-tərəvəz sirkədə qalardı. Buna bizdə həftəbecər deyərdilər. Anam heç bir meyvə-tərəvəzi istifadəsiz qoymazdı. Elə buna görə də evimizin bütün ehtiyatı vardı…”

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU