Bu adi davanın, uşaqların mübahisəsinin nəticəsi deyil

Kriminal
Elgün 17 yaşında idi. Gəncədə bir küçədə tanınmaz halda tapıldı. Başı parçalanmış, gözü çıxarılmış, ciyərləri tikə-tikə edilmiş, qabırğaları sındırılmışdı. Bu adi davanın, uşaqların mübahisəsinin nəticəsi deyil. Bu — planlı, xüsusi qəddarlıqla törədilmiş bir vəhşilikdir. Bu – insanlığa sığmayan bir qaranlığın içimizdə boy atdığını göstərir.
Elgün artıq məktəbə getməyəcək, dostları ilə gülməyəcək, gələcəklə bağlı arzular qurmayacaq. O ömrünün baharında susduruldu. Əlləri hələ də gəncliyin səmimiyyətini daşıyan bir uşaq idi… indi isə əlləri qanla yuyulmuş vicdansızların sükutu altında uyuyur.
Kimdir bu qəddarlığı törədənlər? Onlar təkcə Elgünün canını almadılar – onlar bir ailənin həyatını söndürdülər, bir ananın gözünü yaşa boğdular, bir millətin gələcəyinə zərbə vurdular. Əgər doğrudan da bu əməlləri onun yaşıdları törədibsə, sual buradadır: bu cəmiyyət nəyi itirib ki, uşaqlar bu qədər vəhşiləşib? Hara baxırdıq biz? Kimdir bu övladları böyüdənlər?
Valideyn övladının gözündəki nifrəti, qəzəbi, içindəki zəhəri görməlidir. “Mən bilmirdim” demək haqq deyil. Elgünün anası bu gün oğlunun baş daşına sarılıb ağlayarkən, kiminsə evində bir ana “mənim övladım elə bilməz” deməsin! Bilir, edir və öldürür!
Biz Elgünün səsini eşitməsək, sabah öz övladlarımızın harayı boğula bilər. Bu bir uşağın yox, bir cəmiyyətin fəryadıdır. Bu qan içində susdurulan ədalətin səsidir. Elgün indi susur… amma biz susmamalıyıq!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir