Boşanma, yalnız ailənin dağılması demək deyil, eyni zamanda uşağın psixoloji dünyasında dərin izlər buraxan bir prosesdir.
Ayrılan valideynlər arasında yaranan ziddiyyətlər çox zaman uşağın bir valideynlə – əsasən atası ilə – münasibət qurmaq istəməməsi ilə nəticələnir. Uşaq bu münasibətə ya laqeyd qalır, ya da qəti şəkildə imtina edir. Bu imtinanın arxasında duran səbəbləri araşdırmaq vacibdir. Boşanma zamanı valideynlər arasında yaranan emosional gərginlik bəzən uşağa ötürülür. Uşaq kimin “haqlı”, kimin “haqsız” olduğunu dərk edə bilmədən, bir valideynin təsiri altına düşür. Bu təsir şifahi yönləndirmə ilə yanaşı, davranışlarla da özünü göstərə bilər. Tərəflərdən biri uşağın digər valideynlə görüşməsini istəmədikdə və ya bu prosesi bilərəkdən çətinləşdirdikdə, uşaq zamanla həmin valideynlə əlaqəni tamamilə kəsə bilər. Bu, hüquqi müstəvidə deyil, daha çox psixoloji və emosional zəmin üzərində baş verir. Digər tərəfdən, bəzi hallarda atalar da əlaqənin pozulmasında passiv davranırlar. Boşanmadan sonra uşağın gündəlik həyatı ilə maraqlanmamaq, onun emosional ehtiyaclarını görməmək və yalnız maddi dəstək göstərməklə kifayətlənmək uşağın ataya qarşı soyuq münasibət formalaşdırmasına səbəb ola bilər. Uşaq diqqət və qayğı görmədiyi bir insana qarşı yaxınlıq hiss edə bilmir. Bu isə görüşmək istəməmək kimi təzahür edir. Uşaqlar, xüsusilə də kiçik yaşlarında baş verən bu hadisələri tam başa düşmür və çox vaxt özlərini günahkar hiss edirlər. “Ata niyə getdi?”, “Məni niyə sevmir?” kimi suallar cavabsız qaldıqca, uşaqda ataya qarşı mənfi emosiyalar güclənir. Əgər bu suallara nə valideynlər, nə də mühit doğru cavab vermirsə, uşağın atasını rədd etməsi özünü qoruma instinktinə çevrilir. Ətraf mühitin təsiri də az rol oynamır. Ailə üzvləri, qohumlar və bəzən hətta müəllimlər belə şərh və münasibətləri ilə uşağın fikir formalaşdırmasına təsir göstərə bilirlər. Bu fikirlər təkcə ataya qarşı münasibəti deyil, ümumilikdə uşağın gələcəkdə ailəyə və ata fiquruna olan baxışını dəyişə bilər. Uşağın atasına qarşı münasibətində yaranmış bu uçurumu aradan qaldırmaq üçün emosional körpü bərpa edilməlidir. Məsələ yalnız hüquqla deyil, psixoloji yanaşma ilə həll olunmalıdır. Uşağı dinləmək, onu manipulyasiya etmədən sevməyə davam etmək, sabit və müsbət emosional təmas yaratmaq valideynlər üçün əsas istiqamət olmalıdır. Ata olmaq yalnız hüquqi status deyil, emosional iştirak tələb edən bir məsuliyyətdir.
MUASİRMEDİA.AZ
Zaur Quliyev Hüquqşünas, Mediator