Hənifə Məlikova 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə dünyaya göz açıb. Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil alıb. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərib, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı deyil, həm də mübarizə yoldaşı olub. Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan altı qadından birincisi olan Hənifə Məlikova 16 il əri ilə birlikdə Zərdabda nəzarət altında yaşayıb.Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkib. Bu ziyalı xanım əri ilə Zərdabda yaşadıqları vaxtlarda mənzillərində pulsuz məktəb açıb, təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrədib.
