Hüquq anlayışı cəmiyyətin sarsılmaz dayağı, insanın isə ictimai münasibətlərdə mövcudluğunun təməlidir.
Hər bir fərdin hüquqları olduğu kimi, bu hüquqlarla birgə vəzifə və məsuliyyətləri də var. Amma əgər insan öz hüququnu bilmirsə, bu zaman onun vəzifəsini yerinə yetirməsi də qeyri-mümkünləşir. Çünki hüquqi şüur yalnız hüquqları deyil, vəzifələri də dərk etməyi tələb edir.
Gündəlik həyatda tez-tez qarşılaşdığımız problemlərin kökündə hüquqi savadsızlıq dayanır. İnsanlar bəzən özlərinə aid olan hüquqları bilmədikləri üçün onları tələb etmir, bəzən də başqasının hüququnu pozduqlarının fərqində olmadan davranırlar. Bu isə cəmiyyətdə etimadsızlıq, ədalətsizlik və sosial narazılığa yol açır.
Məsələn, valideynlər arasında boşanma zamanı məhkəmə tərəfindən müəyyən olunmuş aliment və uşaqla ünsiyyət hüququ bəzən ya bilinmir, ya da bilərəkdən pozulur. Atanın hüququ var ki, övladı ilə görüşsün, uşağın da hüququ var ki, hər iki valideyni ilə ünsiyyət saxlasın. Eyni zamanda, aliment ödəmək valideynin borcudur. Ancaq tərəflərdən biri bu hüquq və vəzifələri bilmədikdə, məsələn, ana uşağın atasını görməsini qadağan etdikdə və ya ata aliment ödəməyin yalnız “kömək etmək” olduğunu düşünərək öhdəlikdən yayınmağa çalışdıqda, nəticədə zərər çəkən yenə uşaq olur.
Belə hallarda hüququnu bilməyən valideyn, nə hüquqi məsuliyyətini, nə də insanlıq borcunu dərk edir. Məhz bu səbəbdən maarifləndirmə və hüquqi şüurun artırılması vacibdir. Hüquq yalnız tələb etmək deyil, həm də cavabdehlik daşımaq deməkdir.
Cəmiyyətin hüquqi mədəniyyəti yalnız qanunlarla deyil, onların şüurlu şəkildə mənimsənilməsi ilə formalaşır. Hüququnu bilən vətəndaş vəzifəsini də yerinə yetirər. Bu isə bizi daha ədalətli və balanslı bir cəmiyyətə doğru aparar.

MUASİRMEDİA.AZ
Zaur Quliyev
Hüquqşünas, Mediator