Ədəbiyyat tariximizdə ilk dəfə olaraq Salman Mümtaz “Azərbaycan ədəbiyyatı” seriyası adı altında 16 kitab nəşr etdirmişdi. Bu seriyanın birinci kitabı 1925-ci ildə çap olunmuş və Ağa Məsih Şirvaninin yaradıcılığına həsr edilmişdi. Həsənoğlu, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai və Füzuli kimi tanınmış ədibləri Salman Mümtaz “maarif göylərimizin beşguşəli ulduzu” adlandırırdı. O, bu şairlərin ana dilində yazmalarını yüksək qiymətləndirir, onların yaradıcılığına böyük sevgi ilə yanaşır və əsərlərini araşdırırdı. Salman Mümtaz bu ədiblərin bir çox bilinməyən əsərlərini aşkar etmişdi. Bundan əlavə, o, Həbibi, Ənvəroğlu, İsmayıl bəy Qutqaşınlı və daha onlarla şair haqqında ədəbiyyat tarixində ilk dəfə məlumat vermişdi. Mümtaz bir sıra əsərlərin müəlliflərini ilk dəfə müəyyənləşdirmiş və poeziya sahəsində bir çox şairin əsərlərini nəşrə hazırlamışdı. Çox əfsuslar olsun ki, belə böyük bir şəxsiyyət “37”-nin qurbanlarından oldu. Salman Mümtazın topladığı əlyazmalar onun həbsindən sonra yandırıldı, arxivi məhv edildi.
..

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU