Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm xanım və oğlu Nəcəf

Tarix
Nərimanov. Ötən əsrin 20-ci illəri...
Gülsüm xanım 1898-ci ildə Bakı şəhərində, əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev şəraitində təhsil almış, rus dilini mükəmməl öyrənmişdir. 1915-ci ildə böyük maarifçi və dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və bu nikah onun həyatında yeni bir dövrün başlanğıcı olur.
1941-ci ildən etibarən Sovet Qadınları Antifaşist Komitəsinin üzvü kimi fəaliyyət göstərən Gülsüm xanım radio vasitəsilə ingilis qadınlarına müraciətində həyat yoldaşı haqqında belə deyirdi:
“…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas və qayğıkeş bir həyat yoldaşı, xalqın azadlığı uğrunda yorulmadan çalışan bir mübariz insan gördüm. Həyatımızın sonuna qədər o, mənim üçün ən əziz dost və müəllim oldu.”
Nəriman Nərimanovun təsiri ilə ictimai fəaliyyətə qoşulan Gülsüm xanım tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları maarifə və yeniliyə səsləmişdir. Gidərək daha da fəallaşaraq Bakıda əlillər evi, uşaq bağçaları və körpələr evlərinin yaradılması işində böyük rol oynamışdır.
Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının məktəbəqədər tərbiyə şöbəsinin qadınlar üçün açdığı ilk kursu bitirmişdir. 1925-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra oğlu Nəcəfin tərbiyəsi ilə yanaşı, Moskva Pokrovski məktəbinin fəhlə fakültəsində təhsil almışdır. Nərimanovun elmi, ədəbi və siyasi irsinin qorunması üçün onun arxivini səliqəyə salaraq Azərbaycan Dövlət Muzeyinə təqdim etmişdir.
1931–1935-ci illərdə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında bağçılıq və meyvəçilik fakültəsində, daha sonra Qaragül qoyunçuluğu institutunda təhsilini davam etdirmişdir. 1931-ci ildə institutun göndərişi ilə Qərbi Sibirin Barabin rayonundakı “Qoyunçuluq” sovxozuna ezam olunmuş, orada əkin sahələrinin yanğından qorunması və silos xəndəklərinin qazılması kimi ağır işlərdə iştirak etmişdir.
Sibirdəki təcrübəsinə əsaslanaraq “Çox mühüm yem bazası”, “Silos kampaniyasında kəskin dönüşə nail olmalı”, “Silos üçün qüllələr və xəndəklər uğrunda”, “Kollektivləşmə qadını azadlığa çıxarır” adlı kitabçalar yazmışdır. Eyni zamanda “Təsadüfi kampaniya” adlı məqalə, “Uşaqlar üçün nağıl və hekayələr”, “Bakinskiy raboçi” qəzetinə yazılar və “Mənim xatirələrim” adlı əsəri çap olunmuşdur.
1932-ci ildə bu dəfə Özbəkistanın “Mübarək” sovxozuna ezam olunmuşdur. Burada da ağır şəraitdə qoyunların süni mayalanması ilə məşğul olmuş, tədqiqat işləri aparmışdır. Gərgin əmək və yuxusuz gecələr nəticəsində səhhəti pozulmuş, kəskin nevroz diaqnozu ilə Moskvaya müalicəyə qayıtmalı olmuşdur.
Böyük Vətən müharibəsi dövründə 5021 saylı hərbi xəstəxanada çalışmış, göstərdiyi xidmətlərə görə Moskva Hərbi Dairəsi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.
Yeganə oğlu Nəcəf Volnovaxa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olsa da, Gülsüm xanım xeyriyyəçilik işlərini davam etdirmişdir. Moskva Qəyyumluq Şurasının sədri, bir neçə uşaq evinin qəyyumluq şurasının üzvü kimi yetim uşaqlara kömək etmişdir. Bu fəaliyyətinə görə Moskva Hərbi Dairəsi, Moskva Səhiyyə Şöbəsi və Hərbi Xəstəxana tərəfindən dəfələrlə təltif olunmuş, “Almaniya üzərində qələbəyə görə” medalı və “SSRİ-nin sanitar mühafizəsi əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdır.
Gülsüm Nərimanova 1953-cü ildə vəfat etmiş, Moskvadakı Vaqankovskoye qəbiristanlığında dəfn olunmuşdur…

MUASİRMEDİA.AZ 
MƏCİD  RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir