QƏBRİMİN ÜSTÜNƏ KİM GÜL QOYACAQ
Ölüm haqdı, mən də köçüb gedəcəm-
Qəbrimin üstünə kim gül qoyacaq?!
Kiminə dünyanı zindan edəcəm?-
Qəbrimin üstünə kim gül qoyacaq?!
Dünyaya gələndən mən neyləmişəm?
Bağrımın başını hey teyləmişəm….
Son vaxtlar özümə dərd eyləmişəm;-
Qəbrimin üstünə kim gül qoyacaq?!
Fələyə fərq etməz neçədi yaşın?
Adım yazılanda üstünə daşın,
Yadına düşməsəm dostun, tanışın-
Qəbrimin üstünə kim gül qoyacaq?!
Qırılmış şamama tağı olacam,
Bir ağız bayatı, ağı olacam….
Kimin ürəyinin dağı olacam?-
Qəbrimin üstünə kim gül qoyacaq?!
…Yaşımız artdıqca oluruq kövrək,
Vaxt gəlir döyünmür sinədə ürək.
İnsan sağlığında düşünsün gərək;-
Qəbrimin üstünə kim gül qoyacaq?!
Qəbrimin üstünə gül qoyan olar?