Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 18,3 milyon manatı Mədəniyyət Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Mədəniyyət, İqtisadiyyat, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda qeyd olunub ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991-1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən ağır beynəlxalq cinayətlər törədilmişdir.
1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir.
MUASİRMEDİA.AZ