Hacı Cabbar haqqında

Tarix
Nikahına Kazım Qarabəkir paşanın şahidlik etdiyi, Mustafa Kamal Paşa tərəfindən “İstiqlal” medalına layiq görülən naxçıvanlı xeyriyyəçi – Hacı Cabbar haqqında bir-iki söz...
Hacı Cabbar Kömək 1869-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. O, həm Azərbaycanda, həm də Türkiyədə xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. Türkiyə İstiqlal Müharibəsinə dəstək məqsədilə könüllü dəstələrin təşkilində mühüm xidmətlər göstərib. Qardaş Türkiyə Respublikasında (1922-ci ilə qədər Osmanlı imperiyası idi-M.R) yaşadığı müddət ərzində dövrünün nüfuzlu xeyriyyəçisi və mötəbər dövlət xadimi kimi tanınıb. Onun Çanaqqala döyüşündə göstərdiyi fədakarlıq və qardaşlıq nümunəsi bu gün də hər iki dövlətin tarixi və xalqı üçün çox qiymətli insanlıq nümunəsidir.
1919-cu il 23 iyul – 7 avqust tarixlərində keçirilən Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad və Vedibasar bölgələrinin müsəlman əhalisinin səlahiyyətli nümayəndəsi kimi iştirak edib. Onun Ərzurum Milli Müdafiə Cəmiyyətinə göndərdiyi iki teleqram bu gün də Türkiyə arxivlərində qorunub saxlanılır…
Ticarətlə məşğul olan Hacı Cabbar bir müddət Türkiyənin Uşak şəhərində yaşayıb. Milli Mübarizə dövründə qanunla nəzərdə tutulan 10 faiz vergi əvəzinə gəlirinin 40 faizini ödəyib. Eyni zamanda, imkanları daxilində orduya maddi dəstək göstərib və bu xidmətlərinə görə Təqdirnamə ilə təltif olunub. Sonradan Mustafa Kamal Atatürkün təklifi ilə ona “Kömək” soyadı verilib.
1921-ci ildə Qars şəhərinə köçüb. Mustafa Kamalın tapşırığı ilə Kazım Qarabəkir paşa ona böyük bir mülk bağışlayıb və şəxsi iştirakı ilə onun nikahında şahid olub. Yeri gəlmişkən, xatırladaq ki, Kazım Qarabəkir paşa 1918-ci ildə Naxçıvanın ən ağır günlərində, erməni daşnaklarının günahsız insanları kütləvi şəkildə qırıb, məhv etdiyi bir zamanda köməyimizə gəlmişdi. Onun yurdumuza ayaq basmasını naxçıvanlılar böyük sevinclə qarşılamışdılar. Bu barədə Lətif Hüseynzadənin xatirələrində kifayət qədər zəngin və maraqlı məkanları var…
Hacı Cabbar Kömək 1925-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən İstiqlal Medalı ilə təltif olunub. Bu medal, Qurtuluş Savaşı dövründə ön və arxa cəbhədə qəhrəmanlıq və fədakarlıq göstərən şəxslərə verilirdi.
Yazılanlara görə onun Mustafa Yaşar adlı bir oğlu, İsmət və Mürvət adlı iki qızı olub. Qızları, Bakıda doğulan və İsmət İnönünün yavərləri olmuş Boyu soyadlı iki qardaşla ailə həyatı qurublar. Nəsil-şəcərəsi həyatdadır. Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov da Hacı Cabbar Köməyin qohumudur…
Hacı Cabbar 1948-ci ildə Qarsda vəfat etmiş və orada dəfn olunmuşdur.

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir