İsmayıl Şıxlının “Dəli kür” romanından bir parça: “Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar.
Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa əllərinə keçən quru çırpılan, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı.
Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi.
Pakizə evdə o yan-bu yana qaçır, anasına və gəlinlərinə əl-ayaq verir, həm də axşamın tez düşməsini gözləyirdi. O, nədənsə, bu il Novruz bayramını daha böyük həvəs və eşqlə qarşılamağa hazırlaşırdı.
Nəhayət, yenicə cücərib yaşıllaşan yamacları, torpaqdan baş qaldıran çiçəkləri isti nəfəsi ilə xumarlandıran günəş qərbə doğru əyildi, üfüqdəki pənbə buludlar çəhrayı rəngə boyandı. Kürün üstünə qanadını gərən axşam kölgəsi sürünə-sürünə kəndə doğru yeridi. Pəncərələrdə solğun işıqlar göründü. Ancaq heç kəs içəri, evə girmək istəmirdi. İlıq bahar havası hamını xumarlandırırdı.
Pakizə təzə paltarını geyindi, qapıda xeyli hərləndi, sonra damın belinə çıxdı. Əlini gözünün üstünə qoyub yasəmən rənginə çalan üfüqə boylandı. Kürə, yenicə yaşıllaşan meşəyə, sahilin göy otlarına baxdı. Hava ilıq idi. Kür tərəfdən əsən meh isti nəfəs kimi adamı məst edirdi”.

MUASİRMEDİA.AZ
M.RƏŞADƏTOĞLU
M.RƏŞADƏTOĞLU