Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan sayılan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus əhəmiyyətli yer tutur. Dini-mədəni və tarixi abidələri, sarayları ilə tanınmış Şuşa ədəbiyyat, incəsənət, siyasət və digər sahələrdə yetişdirdiyi parlaq simaları ilə yanaşı, el arasında böyük hörmət sahibi olmuş nüfuzlu şəxsiyyətləri ilə də məşhur olub. Belə şəxsiyyətlərdən biri Mahmud bəy Müqimov idi
Şuşanın Təbrizli məhəlləsinin tanınmış Müqimovlar (İmanbəyovlar) nəslinin nümayəndəsi olan Mahmud bəy Hacı İbrahim bəy oğlu Müqimov 1857-ci ildə Şuşa şəhərində anadan оlub.
Mahmud bəyin ulu babası Müqim ağa XVIII yüzildə Şuşa şəhərində yaşayıb, Mədrəsə təhsili alıb. Dini işlərlə məşğul olub. Molla Müqim ağanın nəticəsi Mahmud bəy Müqimov da dini təhsil aldıqdan sonra ticarətlə məşğul olub, II gildiya tacir titulunu qazanıb.
Xeyriyyəçiliklə məşğul olan Mahmud bəy Müqimov Şuşa şəhərində və Ağcabədidə kasıb insanlara əl tutub, yardım paylayıb. Səxavəti və xеyirxahlığına görə nüfuz qazanmış Mahmud bəy Müqimov maarif və mədəniyyətə maraq göstərərək, sənət adamlarına hamilik edib.
İnsanlara yaxşılıq etməyə çalışması, başqalarının dərdinə şərik çıxması, halına yanması, ehtiyacı olanlara kömək əli uzatması kimi insani keyfiyyətləri ilə qəlblərdə taxt quran Mahmud bəy Müqimov Xanım Allahverdi qızı ilə ailə qurduqdan sonra Azərbaycana dəyərli övladlar bəxş ediblər. Onların Əhməd bəy, Məhəmməd bəy, Əhəd bəy adlı oğlanları, Aftab xanım, Teyhu xanım, Zəhra xanım adlı qızları dünyaya gəlib.
