Şair, yazıçı – jurnalist, maarifçi – pedaqoq Hüseyn Cavid və yaxın dostu, yazıçı, şair, həkim Qantəmir Qafur.

Tarix
Məlumat üçün bildirək ki, dövrünün tanınmış şairlərindən biri olan Qantəmir 1888 – ci ildə Göyçay mahalının Potu kəndində anadan olub.
Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından, söz sahiblərindən sayılıb. Hətta o, Sədi Salis təxəllüsü ilə şeirlər də yazarmış…
Qantəmir də elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905 – ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub.
Qantəmir 1908 – ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamış, 1915 – ci ildən etibarən fəaliyyətini şəhərdə yeni açılan “İqbal” məktəbində davam etdirmişdir. 1916 – cı ildə “Nəşri-maarif” cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunmuşdur. Müəllim işlədiyi dövrdə Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə olan görüşləri bu istedadlı gəncin bir qələm sahibi kimi inkişafında öz sözünü deyib.
Qafur Əfəndiyev (Qantəmir) 1911 – ci ildə təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedərək İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Türkiyə mühiti gəncin həyatında xüsusi bir mərhələ təşkil edib. O, burada da yaradıcılıqla məşğul olub, kiçik hekayələr yazıb. Yəqin ki, elə Qantəmir imzasını da Türkiyə mühitində yaşayarkən götürüb. Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatına, mühitinə İstanbul ruzigarı gətirənlərdən biri də məhz unudulmaz və sevimli yazıçımız Qantəmir olub. Gəncliyində yazdığı bir-iki şeiri nəzərə almasaq, bu yazıçı ədəbiyyatımızda əsasən satirik hekayələr müəllifi kimi öz adını əbədi həkk etdirib…
Sonralar sorağı Qubadan gələn Qantəmir bir müddət bu bölgədə yeni tipli məktəblərin təşkilində və fəaliyyətində fədakarlıqla çalışıb. Gah müəllim, gah da məktəb direktoru kimi ömrünü gənc nəslin təlim – tərbiyəsinə həsr edən şair xalqın elm əhli olması, o cümlədən savadlanması üçün böyük zəhmət çəkib. Bioqrafiyasından məlum olur ki, ömrünün sonuna kimi də orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən “Şaiq” məktəbinə rəhbərlik edib…
Qantəmir Qafurun həyatında diqqət çəkən bir digər fakt isə budur ki, o, 1924 – cü ildən müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra Qantəmir diş həkimi kimi də həmvətənlərinə xidmət göstərib. Bütün fəaliyyəti müddətində əsl vətəndaş yanğısı ilə xalqın maariflənməsinə çalışan yazıçı – şair həm də millətin mənəvi və fiziki sağlamlığı yolunda da öz töhfəsini əsirgəməyib.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da xalq maarifi sahəsində işləmiş, Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil etmişdir. Sonralar Bakıda Ali Pedaqoji institutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor vəzifəsində çalışmış, 1937 – ci ildə Ağsu rayonuna köçüb diş həkimi işləmiş, 1939 – cu ildə həbs olunaraq, Orta Asiyaya sürgün edilmişdir.
Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944 – cü ildə, dostu Hüseyn Caviddən 3 il sonra 56 yaşında dünyasını dəyişmişdir…
2 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir