Fotodakı Azərbaycan qadınları başlarındakı çadranı açaraq min illər boyu qadınları cəhalət və xurafat girdabına salan bu qanuna, yəni İslam dininin hicab qanununa “yox!” deyirlər.
Məncə, olduqca maraqlı fotoşəkildir. Qeyd edək ki, bu foto “Şərq qadını” jurnalında da çap edilib.
Bu fotoşəkilə baxanda, qeyri-ixtiyarı Sona xanım Cabbarlının bir xatirəsi yadıma düşdü. Sona xanım öz xatirələrində yazırdı: “Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə böyük kampaniya aparılırdı. Cəfər mənə deyirdi ki, çadranı atmaq lazımdır. Mən isə deyirdim ki, yox atmaram məhəllədə hərə bir söz deyər.
Cəfər isə cavabında mənə: “Əvvəl-axır çadranı atacaqsan, Sona. Ancaq sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan yaxşıdır”, – deyib, az qala hər gün bu haqda mübahisə edərdi.
Bizə qəzet gətirən poçtalyon bir gün mənə dedi.
– Sona bacı, sənin şəklin qəzetdə çıxıb.
Mən bərk təəccübləndim:
– Ola bilməz!
– Ay Sona bacı, məgər mən səni tanımıram, nə düşüb mənə ki, yalan danışam?
Qıraqda duran Cəfər söhbətimizə qarışıb dedi:
– Balam, kişi düz deyir də. Çadranı atmısan bu haqda da qəzetdə yazın gedib. Hələ özündən başqa qonşu arvadları da çadralarını atmağa çağırmısan. Daha kişi ilə höcət niyə edirsən?
Əllərim əsə-əsə qəzeti açdım. Gördüm poçtalyon düz deyirmiş.
Kişi gedəndən sonra Cəfərlə davaya başladım ki, nə üçün mənim şəklimi qəzetə verib, adımdan məqalə yazıb. Axı mən nə vaxt çadramı atmışam? Hətta ağladım da.
Cəfər məni sakitləşdirib dedi:
– Sonası, çadranı atmırsan atma, daha ağlamaq nəyə lazım? Ancaq sənin üçün yaxşı deyil. Xalq deyər ki, özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram; amma yenə də çadrada gəzir. Bir də mənim özüm üçün də yaxşı deyil. Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz, axı!
Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq çadranı atmalı olduq…”

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU