Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Cəmiyyət
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması və vəkillik institutunun inkişaf etdirilməsi ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) tərəfindən üzvlüyə qəbul prosesi ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu çərçivədə tam şəffaflıq və obyektivlik prinsipləri əsasında ixtisas imtahanlarının təşkili təmin olunub.

İyunun 11-də isə yazılı və şifahi mərhələlərdə uğur qazanmış 88 vəkilliyə namizəd üçün AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə start verilib.
Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar arzulayıb, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini vurğulayıb.
O, VK ilə Ədliyyə Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışaraq, bu çərçivədə həyata keçirilən pulsuz hüquqi yardım təşəbbüsünün cəmiyyət üçün xüsusi dəyər daşıdığını bildirib. Prorektor qeyd edib ki, Kollegiya son illərdə müstəqil və nüfuzlu təsisat kimi sürətlə inkişaf edib, vəkil sayı isə üç dəfədən çox artıb.
Elçin Xələfov vurğulayıb ki, Kollegiyanın ədalət mühakiməsində iştirak edən digər qurumlarla qurduğu səmərəli əməkdaşlıq möhkəm hüquqi təmələ söykənir və bu əməkdaşlıq hüquq sisteminin inkişafında mühüm rol oynayır. Təlim proqramının məzmun baxımından zəngin və fərqli olduğunu qeyd edən prorektor bir ay ərzində əsas diqqətin praktik bacarıqların inkişafına yönələcəyini, eyni zamanda bura təlimçi vəkil və hüquqşünasların cəlb olunacağını bildirib.
VK Rəyasət Heyətinin sədri Anar Bağırov təlimin açılışında çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sədr bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, həm də peşə hazırlığının gücləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Nəzərə çatdırılıb ki, təlim proqramı müasir hüquqi çağırışlara cavab verir və gələcək vəkillərin ədalətə çıxış imkanlarını genişləndirməkdə mühüm rol oynayacaq.
Anar Bağırov deyib ki, vəkilliyə qəbul üzrə test imtahanları VK və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin sədr əlavə edib ki, ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması üçün videoyazı sistemi tətbiq olunur və bütün namizədlərə eyni məzmunlu suallar təqdim edilir.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir