Bu gün Süleyman Ələsgərovu XATIRLAYAQ -FOTO

Mədəniyyət
Bu gün Azərbaycan kino tarixində özünəməxsus izi olan, “Cəbiş müəllim” obrazı ilə yaddaşlarda əbədi qalan Azərbaycan SSR Xalq artisti Süleyman Ələsgərovun doğum günüdür.

Ondan çox filmdə əvəzedilməz obrazlar yaratmış Süleyman Ələsgərov 1915-ci il iyunun 20-də Bakıda anadan olub. Yeddiillik təhsilini başa vurduqdan sonra Maliyyə Texnikumuna daxil olub və burada üç il oxuyaraq iqtisadçı diplomu alıb. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub və üç il də burada təhsil alıb. Lakin səhnə sənətinə olan marağı səbəbindən ali təhsilini yarımçıq qoyub.

Səhnəyə ilk dəfə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. 1936-cı ilin sentyabrında isə Gənc Tamaşaçılar Teatrına (GTT) müsabiqə yolu ilə aktyor qəbul olunub.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmdə kiçik epizodlarda iştirak etsə də, ən yaddaqalan rolu “Bizim Cəbiş müəllim” filmində baş qəhrəman Cəbiş müəllim obrazı olub.
O, Gənc Tamaşaçılar Teatrının inkişafında göstərdiyi xidmətlərə görə 27 fevral 1954-cü ildə “Azərbaycan SSR əməkdar artisti”, 1 dekabr 1982-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Səməd Vurğunun “Komsomol poeması” əsərində canlandırdığı İsgəndər Coşqun obrazına görə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə və nağıl-dastan süjetli tamaşalarda müxtəlif, rəngarəng rollar yaradıb. 83 yaşında belə səhnədə enerjili, canlı və təravətli görünürdü. O, həmişə səhnə məntiqinə həssaslıqla yanaşırdı.
Yaradıcılığının əsasını realist aktyor məktəbinin estetik prinsipləri təşkil edirdi. Onun qəhrəman obrazları psixoloji dərinliklə, komik və satirik rolları isə təbiilik, koloritli gülüş və estetik zərifliklə fərqlənirdi.
Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da Bakıda vəfat edib.

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir