DAŞDƏMİR ƏJDƏROĞLUNDAN BIRLƏŞMIŞ TƏŞƏKKÜRNAMƏ-FOTOLAR

Cəmiyyət
(Hacıməmməd Məmmədova, Şəmsiyyə Kərimovaya, Xeyrulla Ağayevə, Şahməmməd Dağlaroğluna, Tünzalə Xəlilovaya, Pünhan Şükürə, Yusif Məhəmmədoğluna, Tahir Rəcəbova, Novruz Əsədova, Akif Hacıyevə, Şəhla Xəlilqızına, Yusif Seyidə, Nüsrət Quliyevə …..)
                                            YORULMAZ JURNALİST, NÜMUNƏ MƏKTƏBİ, SAFLIQ SİMVOLU
Bizmi tələsirik, yoxsa zaman?.. Belə demək mümkünsə, gözümüzü yumub-açır və görürük ki, illər arxada qalıb, saçımıza dən düşüb, qayğılar alnımıza dağ cığırları kimi iz salıb.
Gəncliyində zamanın belə sürətlə ötəcəyini heç kəs ağlına gətirmir. Elə ki, illər ötür, ömür karvanı yolun yarısını keçir, onda hiss edirsən ki, hesabat verməyin zamanıdır. Hesabatdan da hesabata fərq var. Hiss edəndə ki, yaşadığın illər, hədər ötməyib, çoxlarına örnək olası bir ömür hekayəsinə çevrilib, onda ömür salnaməsini qürurla, fəxrlə vərəqləyirsən…
Çağdaş dünyamızda saysız-hesabsız yazar var. Onların da hər biri hər hansı şeiri, hekayəni və publisistik yazını özünəməxsus bir tərzdə oxucuya çatdırır. Şirin dili olan, hadisələrə fərqli yanaşan, yazıların, oçerklərini, kitablarını oxumaq da çox asan olur.
Bu mənada haqqında söhbət açmaq istədiyim Daşdəmir Əjdər oğlu Tağıyev (Əjdəroğlu) özünü xoşbəxt taleli insan hesab edə bilər. Bu günədək yaşadığı ömür yolu yazılmamış bir dastan olan Daşdəmir Əjdəroğlunun həyatının hər anı unudulmaz hadisələrlə zəngindir. Onun haqqında düşünəndə dahilərdən birinin bu fikrini xatırlayıram: “İztirablar mübarizəyə çağırışdır, biz yalnız iztirablarımız zamanı həyatımızı hiss edirik”.
Daşdəmir Əjdəroğlununun özündən əvvəl imzasını tanımışam. Sonralar müxtəlif tədbirlərdə iştirak edib, görüşmüşük. Onun son dərəcə işgüzarlığını, sadəliyini, seçib-seçildiyi jurnalist peşəsini hər an böyük məsuliyyətlə, vicdanla yanaşmasını, xüsusilə gənclərlə diqqət və qayğısının şahidiyəm.
Mənəvi keyfiyyətləri ilə seçilən kamil insanlar dünyagörüşü, sözü, fikri, düşüncə tərzi ilə həm də yetişdikləri mühiti və ailəni, bəzən isə zamanı qabaqlayaraq gələcəyi ifadə edirlər. Yəni insan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu təbiətin, habelə əhatə olunduğu ictimai, elmi-mədəni mühitin də rolu az olmamışdır. Daşdəmir Əjdəroğlunun mənalı ömür yoluna nəzər salanda bu həyat həqiqəti bir daha öz təsdiqini tapır.
Yazımın qəhrəmanı 21 iyun 1965-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. 1972-1982-ci illərdə qəsəbədəki Kamal Qasımov adına orta məktəbdə oxuyub. 1982-1983-cü illərdə İsmayıllı Yerli İstehsal Kombinatının Basqaldakı 3 nömrəli toxuculuq sexində fəhlə işləyib. 1983-1985-ci illərdə əsgəri xidmətini başa vurduqdan sonra yenidən kəlağayı sexində əmək fəaliyyətini davam etdirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Elə həmin ildə İsmayıllı Rayon Komsomol Komitəsinin Basqal qəsəbəsində yaradılmış “Kommunizm yolu” sovxoz komsomol komitəsinin katibi seçilib.
Jurnalistika ilə bağlı əmək fəaliyyətini o vaxtlar yenicə işıq üzü görməyə başlamış “Ədalət” qəzetində məsul katib kimi davam edib. 1992-ci ildə təhsilini başa vurub və elə “Ədalət” qəzetində çalışıb.
İstedadlı jurnalist D.Tağıyevin indiyədək 6 mindən çox publisistik məqaləsi çap edilib. Təxminən 250-dən artıq qəzetin çıxmasına öz xeyir-duasını verib, onlarla əməkdaşlığını davam etdirib. 20-yə yaxın kitabın redaktorudur. Yüzdən çox kitaba rəy və ön söz yazıb. “Xatirələrə sığmayan ömür” onun ilk kitabıdır. “Basqalın Miryavər abidəsi”, “Basqal”, “Yarımçıq qalan ömür” və neçə-neçə kitabın müəllifidir.
O, hazırda Milli Məclisin orqanı olan rəsmi dövlət – “Azərbaycan” qəzetində çalışır, qəzetin məsul katibinin müavinidir. Bu illərdə mətbuat sahəsindəki əməyi və xidməti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ona 2013-cü ildə jurnalistlər üçün inşa edilmiş binadan mənzil verilib. Bundan başqa müxtəlif ictimai qurumlar tərəfindən “Peşəkar jurnalist”, “Vicdanlı qələm”, “Qızıl qələm” media mükafatlarına layiq görülüb. O, mənalı həyatını junalistikaya, bu sahənin inkişafına həsr edib.
Bu gün Daşdəmir Əjdəroğlu onu tanıyanlar tərəfindən Azərbaycan xalqının maraqlarını daim yüksək səviyyədə qorumağa qadir vətənpərvər insan, peşəkar jurnalist, xeyirxah vətəndaş kimi qəbul olunur. Onun əsl jurnalist kimi peşəkarlığı həmişə öz sözünü deyir və operativ materialların hazırlanmasında böyük rol oynayır. Daşdəmir Əjdəroğlu Azərbaycan mətbuatında öz üslubunu yaratmış qələm adamlarındandır. Adətən, jurnalist qələmini kotana bənzədirlər. “Kotan işlədikcə parıldadığı kimi, qələm də yazdıqca cilalanır” – deyiminin haqq olduğuna Daşdəmir Əjdəroğlunun iş prosesini izləyənlər bir daha əminliklə inanırlar.
Onun bir peşəkar jurnalist kimi məharəti Azərbaycan dilindən yüksək səviyyədə istifadə bacarığı ilə diqqət çəkir. O, dilimizin qrammatik qaydalarına riayət etməkdə, sözü ən yüksək məqamda, yerində, özü də lazım olduğu qədər işlətməyi bacaran azsaylı jurnalistlərimizdəndir.
Bu gün bu sahədə çalışan gənclər Daşdəmir Əjdəroğludan çox şey öyrənirlər. Bu işdən əksər hallarda özü də zövq alır. Axı, təcrübəli qələm adamı yaxşı bilir ki, jurnalistika elm deyil, peşədir! Peşəni isə kitab oxumaqla öyrənmək mümkün olmur.
Daşdəmir Əjdəroğlu saflıq, halallıq simvoludur. Onun hazırladığı məqalələrin mövzu dairəsi də genişdir. Azərbaycan tarixinin açılmamış səhifələrindən, arxeoloqların axtarışlarından, ədəbiyyat, dil, incəsənət, epiqrafika, etnoqrafiya, memarlıq, tibb, kimya elmi sahəsində çalışan müəllim və alimlərin qazandığı uğurlardan bəhs edən minlərlə məqalənin müəllifi kimi böyük nüfuz sahibidir. Onun həmişə yazarlarımıza öyüd dolu müraciəti, işini sevən, ona can yandıran əsl qələm adamının məsuliyyətini görmüşəm. O deyir ki, “Elə materiallar hazırlayın ki, o yazılarda Azərbaycan dili öz gözəlliyi, oxunaqlığı, şirinliyi, rəvanlığı ilə göz oxşasın. Elə yazın ki, Həsən bəy Zərdabinin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin, Sabirin ruhu inciməsin. Zəhmətdən qorxmayın, yazmaqdan usanmayın, çoxlu mütaliə edin. Hər şey insanın öz əlindədir, təcrübəli qələm adamlarından öyrənməkdən utanmayın. Öyrənin ki, sizdən də öyrənsinlər”…
Əsl jurnalist üçün vacib keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Mənəvi dünyası, vicdanının səsi Daşdəmir Əjdəroğlunu yalnız özü üçün yaşamağa səsləməyib. O, bir ziyalı kimi dövrünün ictimai-siyasi hadisələrinə laqeyd yanaşmayıb. Fəaliyyətinin bütün mərhələlərində doğma Azərbaycanı, onun inkişafını, çiçəklənməsini düşünən Daşdəmir əsl vətənsevər kimi həm də Qarabağ müharibəsinin ilk günlərindən ürək ağrısı ilə erməni məkrinə, onların mənfur qəsbkarlıq siyasətinə müxtəlif səviyyədə etirazını və nifrətini bildirmiş, xalqına, torpağına dərindən bağlı bir azərbaycanlı kimi haqq səsini ucaltmışdır.
Onun torpaq, vətən sevgisi, dogma Basqaldan başlayır. Bu torpağı və bu torpaqdan pərvazlanıb ucalanlara, ad-san sahibi olanlara aid sonsuz məhəbbəti, mükəmməl oçerkləri var onun.
Daşdəmir Əjdəroğlu özünə və ətrafındakılara qarşı çox tələbkardır. Xasiyyətdə kövrək, ürəyiyumşaq olsa da, iş prosesində prinsipialdır. Uzun illər “Azərbaycan” qəzetinin məsul işçisi kimi məqalələrin aktuallığına diqqət yetirib və hər bir yazıya oxuculara yeni fikir çatdırmaq nöqteyi-nəzərindən yanaşıb.
Zəif yazıların qəzetdə çap olunmasının həmişə əleyhinə olub. Bəzən müəlliflər gətirdikləri məqalələrin çap olunmasını təkidlə tələb edəndə, Daşdəmir müəllim dönə-dönə təkrar olunmuş məlumatların oxucu üçün maraqsız olduğunu onların diqqətinə çatdırıb. O qəzetdə çap olunan məqalələri təkrar-təkrar redakdə edir, dilin rəvanlığına xüsusi diqqət yetirir. Azərbaycan dilinin saflığının qorunub saxlanması üçün əlindən gələni, bilik və bacarığını əsirgəmir. Onun redaktəsi ilə ondan çox kitab işıq üzü görüb.
Daşdəmir Əjdəroğlunu hamının gözündə ucaldan onun mənəvi zənginliyi, xeyirxahlığı, qədirbilənliyi və gözütoxluğudur. O, yaşadığı ömrü təmiz və pak adla yaşayıb. Hiss və həyəcanını bəzən poetik dillə də oxucuya çatdira bilir. Özünü şair adlandırmasa da, bu sahədə özünü sınamış, təsdiqləmiş eloğludur.
Yaşlı nəslin fonunda dərdlərindən, problemlərindən demək olar ki, söz açmır, özünü unudur. O, hamı üçün hər şey, özünə isə… Bu da özlüyündə Daşdəmir müəllimin ucalığı, bir şair, xeyirxah insan ideyalarına sədaqətidir. Əsas məsələ odur ki, onu sinəsində böyük bir ürək döyünür. O ürək ki, Vətən, millət eşqi ilə dost-tanış sevgisi ilə döyünür. O, hər cür naqislikdən, xırdalıqdan uzaqdır. Bu sadə insan bütün hislərində duyğularını işığa büküb, o işığın hənirində özünü tapa bilib. Daşdəmir müəllim bütün yazılarında Vətəndən – Azərbaycandan danışır, bu torpağın oğlu olduğu üçün böyük qürur hissi keçirir.
Deyirlər ki, ağrı hiss edirsənsə, canlısan, başqalarının ağrısını duya bilirsənsə, deməli, insansan. Daşdəmir Əjdəroğlu hamını başa düşən, duyan, sevinclərinə şərik olan, ağrılarına acıyan insandır. Zəhmətkeş jurnalist və yazardı. O bəzi yazarların müəyyən hadisələri sensasiya kimi, mizan-tərəzisiz, heç bir hədd gözləmədən işıqlandırmasından təəssüflənir. Belə olmaz, ən ağır faciə mövzunu şou kimi təqim etməkdir. Mətbuatda mərhmət hissi olmalıdır. Hər mövzu mətbuata yol tapmamalıdır. Milli-mənəvi dəyərlərimizi həmişə üstün tutmalıyıq…
Bəli, onun təbiətində jurnalist ustalığı, peşəkarlığı, yolgöstərənlik kimi İlahidən bəxş olunan xüsusiyyətlər var. O, müdrikdir, istedadlıdır, həqiqəti yazır. O, böyük İNSANDIR. İnsan sözünü böyük hərflərlə nəzərə çarpdırmağımın səbəbi var. Çünki Daşdəmir Əjdəroğlu insan kimi bənzərsizdir, jurnalist kimi fərdi üslubu, yazı tərzi fərqli olandır. Onu kimsəyə bənzətmək mümkün deyil. Bir jurnalist kimi onun bütün keyfiyyətləri nümunədir.
Deyirlər, böyük insanlar həmişə sadə, xeyirxah, humanist, alicənab, ən başlıcası isə böyük ürək sahibi olurlar. Daşdəmir Əjdəroğlu da belədir – insanvərvərlik, əməksevərlik və həssaslıq kimi nəcib insani keyfiyyətlərə malikdir. Onun jurnalist fəaliyyətilə yanaşı zəngin yaradıcılıq yolu – əsərləri, kitabları və s. bu günün və gələcək nəslin nümayəndələri üçün əsl xəzinədir. Arzu edirik ki, onun bundan sonra da təqdim edəcəyi yazılar ömrünün və yaradıcılığının yeni və möhkəm pillələrinə çevrilsin. Yorulmaz jurnalist, vətənpərvər eloğlumuzun fəaliyyəti, vətən sevgisi heç zaman tükənməsin.
Daşdəmir Əjdəroğlu ilə uzun illər dostluq edən Hacı İlqar Hüseynzadə yazı yazdığımı bilib dedi:
-Bütün nəsl şəcərəmiz biri-birilə daim mehriban olub, duz-çörək kəsiblər. Ulu babalarımız atalarımız dost olublar. Şükülər olsun ki, o yolu indi biz davam etdiririk. Daşdəmir səmimi insan, ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir. Taleyüklü məsələlərin həllində heç vaxt səy və köməyini əsirgəmir. O, xalqına əvəzsiz xidmət göstərir. Atam haqqında yazdığı kitab – “Basqalın Miryavər abidəsi” mənə və ailəmizə görə onun canlı heykəlidir. Ona sadəcə, minnətdarlıq etmək olduqca azdır. Boynumuzda haqqı böyükdür…
Ədalət insanlığın meyarıdır. Bəzən: Dünyanı gözəllik xilas edəcək, – deyirlər. Xeyir! Mən: Dünyanı ədalət xilas edəcək, – deyərdim. Hər kəs yaşadığı el-obada, dövlət və cəmiyyətdə ədalətli olmağa borcludur. Allahın da bəşəriyyətdən istədiyi budur. Hər bir insan özünün ədalətli olub-olmamasını müəyyən edə bilməz. Ədalətli olmaq üçün müəyyən şərtlər olsa da, ilk növbədə nəfs ruh kimi, pak olmalıdır. İnsan nəfsinin qulu yox, ağası olmalıdır. Baxın, bu Daşdəmir Əjdəroğludur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru şair Şahməmməd Dağlaroğlu:
-Daşdəmirin qəlbində olan dəyərlər barədə fikirləri çoxcildli kitablara belə yerləşdirmək olmaz. O, zahirindən daxili oxunan, arzuolunan dost, örnək vətəndaşdır. Onu güclü yaddaşa malik, peşəkar və yorulmaz jurnalist kimi tanıyıram. Yazılarında hər hansı sahə üzrə ən mürəkkəb mövzuya belə toxunsa, həmin sahənin mükəmməl bilicisi təsirini bağışlayır Daşdəmir Əjdəroğlu. Bu, onun yorulmaq bilmədən, zəngin mütaliə bazası, tərəfsiz yanaşma, qərəz hissi yaşamadan çalışmasının əyani göstəricisidir. Bu keyfiyyətlərlə o, varlığına hakim kəsilən inciləri ağ vərəqlərə köçürə-köçürə hesabını aparmağa vaxt sərf etmədiyi neçə-neçə kitabın, mindən çox tarixi yaşadan publisistik məqalənin – maraqlı, məzmunlu oçerklərin müəllifinə çevrilib. Daşdəmir Əjdəroğlu mənə görə saflıq simvoludur. Onu hamını gözündə ucaldan mənəvi zənginliyi və təmənnasızlığıdır…
Daşdəmir müəllimin bu yaxınlarda yubley yaşını qeyd etmək də nəsibimiz olar inşallah! 60 illik yubileyi münasibətilə ona möhkəm can sağlığı – qəlbinin yazıb-yaratmaq eşqi ilə döyünməsini, qələminin fasilə etməməsini arzulayıram…
Altmış yaş insan ömrünün psixoloji, fizioloji baxımından ən yetkin və ən yüksək zirvəsi sayılır. Çünki, əsl insanın arzusunda olduğu müdrikliyin yolunu başlanğıcı buradan görünür. Müdriklik yoluna gedən addımların mübarək olsun. Altmış il də bu yolun yolçusu olmağını arzu edirəm, Daşdəmir müəllim! Könül oxşamaq, qəlb sevindirmək həyatının ana xəttidir. İnsanların sevincini, kədərini, arzu və istəklərini özünküləşdirərək yaşayırsan. Həmişə belə qal!
Yorulmaz jurnalist, ər oğlu ərsən,
Günəşi üfüqdə gülən səhərsən.
Bir an görməyəsən qüssə, qəhər sən
Yüksək sərvətindir daşıdığını ad,
Sizinlə birlikdə açdıq qol-qanad.
İçində düzlüyün uca heykəli,
Gedirsən inamla daim irəli.
Canınla sevirsən bu yurdu, eli
Məramın, məqsədin quş kimi azad
Səninlə birlikdə açdıq qol-qanad.
Hər an canım dedin bu doğma yurda,
Əzmin, dəyanətin örnəkdi burda.
Adına günəşdən süzülən nur da
Sevinir bu eli gördükcə abad
Səninlə birlikdə açdıq qol-qanad.
Verərəm canımı ər oğlu ərə,
Bir söz də demərəm boşa, hədərə.
Hacı alqış deyər hər bəxtəvərə
Yaxşılar hər zaman olunacaq yad
Səninlə birlikdə açdıq qol-qanad.
Hacıməmməd MƏMMƏDOV
ONUN SİMASINDA VƏTƏNPƏRVƏR ZİYALI GÖRÜRÜK
Əməlləri gözəl olan dostum Daşdəmir Əjdəroğlu – Tağıyev! Sənə Allahdan uzun ömür arzulayıram! 60 yaşını təbrik edirəm!
Möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları nəsibiniz olsun, Daşdəmir müəllim, ömrü uzun və əməlləri yaxşı olan insan hamıdan üstündür. Siz hamıdan üstün, ədəb-ərkanlı, səmimi və sədaqətli İNSANsınız, elinizi, obanızı, torpağını sevən əsl vətənpərvər ziyalısınız!
60 illik yubileyiniz mübarək olsun!
Hacıməmməd MƏMMƏDOV
HƏR KİŞİDƏ SƏNİN ÜRƏYİN KİMİ ÜRƏK YOXDUR
Bu gün gözəl insan, sədaqətli dost, dəyərli qələm sahibi, hamının sevimlisi DAŞDƏMİR ƏJDƏROĞLUNUN (BASQALLI) doğum günüdür. Həm də yubileyidir – 60 yaşı tamam olur. Qardaş, bu həyat yollarında mən sənə ancaq sapsağlam bir ömür, işlərində uğurlar diləyirəm. Allah sənə elə bir xoşbəxtlik nəsib etsin ki, hər şeyi sənə unutdursun. Allah qəlbinə görə versin. Sən çox gözəl insansan, hər kişidə sənin ürəyin kimi ürək yoxdur. Çox kövrək, hamının dərdinə şərik olub ağlayanla ağlayan, gülənlə gülən bir dostsan. Allah bu qəlbini sənə çox görməsin. Elə bizə də, səni sevən dostlara da…
Bu gün sənin günündür. Ömrünün ən müdrik çağını yaşayırsan. Bundan sonrakı həyat yollarında bütün gözəlliklər səni bulsun, xəyalını qurduğun hər diləyin gerçəkliyə dönsün. Səni ürəkdən təbrik edirəm.
Yüz yaşa! Sağlam yaşa!
Bu, rəsmi hissədə dediyim sözlərdir, qalanlarını bədii hissədə (iyunun 27-də) deyəcəm, inşallah.
Şəmsiyyə KƏRİMOVA,
Əməkdar jurnalist
SÖZ, QƏLƏM, VİCDAN HEYKƏLİ
Bu gün əziz dostum, qardaşım, pak və məsum İNSAN, istedadlı qələm əhli, tanınmış jurnalist, şair, doğma yurdun təkrarsız təəsübkeşi, təmənnasız insan, şən zarafatlarıyla bizlərə gülüş bəxş edən təmiz qəlbli DAŞDƏMİR ƏJDƏROĞLUnun (Tağıyev) 60 yaşı tamam olur!.. Ürəkdən təbrik edirəm ürək dostumu, can sağlığı, uzun ömür və təbii ki- sevgi-məhəbbət arzulayıram 40 illik tale qardaşıma… Sənə DAŞ və DƏMİR kimi möhkəm, uzunömürlü və faydalı ÖMÜR arzulayıram!.. Gənclik və sevgi yaşın çox mübarək Daşİ!..
Xeyrulla AĞAYEV
Daşdəmir ƏJDƏROĞLU – 60:
Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist
Haqlı olaraq nisbi anlayış kimi qəbul edilən xoşbəxtliyin əlamətləri çoxdur. Bu əlamətlərdən kiminə az, kiminəsə çox pay düşür. Gəlin, əvvəlcə bizim boynumuza şükranlıq borcu gətirən əzəli qismətimizdən danışaq. Hamımızın bəxtimiz onda gətirib ki, doğulmuşuq. Özü də saysız-hesabsız ulduzlar arasında canlı aləmin mövcudluğu üçün şəraitin olduğu hələlik yeganə bəlli məkan olan Dünya adlandırdığımız Yer adlı planetdə. Hələ üstəlik, Azərbaycan adlı doqquz iqlimli gözəl ölkədə, Odlar Yurdunda.
Dostum, qələmdaşım Daşdəmir Əjdər oğlu Tağıyevin (Daşdəmir Əjdəroğlu) bəxti həm də o cür istəyib ki, qədim və şanlı tarixə, əsrarəngiz təbiətə malik, rəngarəng mədəniyyət və sənətkarlıq ənənələri daşıyan bölgələrimizdən olan İsmayıllı rayonunun Basqal qəsəbəsində dünyaya göz açıb. Üstəgəl, əsli-nəcabəti ilə seçilən, nümunəvi əxlaqları ilə fərqlənən, halal zəhmətləri ilə tanınan valideynlərin ailəsində.
Taleyin var-dövləti əsirgəmədiyi çox adam var ki, inadla heç kəsə yaxşılıq etmək istəmirlər. Bu, onların xəsisliklərindən deyil, qismətinə qail olan insanlara paxıl və kinli münasibətlərindən irəli gəlir. Amma Daşdəmirin xoşbəxtliyini səciyyələndirən bir əsas cəhət də nəsibinə düşən mənəvi zənginlikdən öz işıqlı aurası, savab əməlləri ilə çevrisindəkilərə pay verməyə çalışması, ətrafına işıq saçmasıdır. Xüsusən də dostlara qarşı səhər mehi kimi həzindir. “Sevinc paylaşdıqca artır, kədər bölüşdükcə azalır” prinsipinə daim sadiq qalan Daşdəmir Əjdəroğlu qohumcanlı, dostcanlı, sözübütöv insandır, xeyirdən-şərdən qalmır, köməyinə ehtiyacı olan şəxslərə əlindən gələn yardımı əsirgəmir.
Kişilik meyarlarına hərtərəfli cavab verən Daşdəmir Əjdəroğlunun kişi qeyrətli qadın dostları da çoxdur. Bu xüsusiyyəti ilk növbədə onun valideynlərindən aldığı tərbiyədən su içir, anasına sonsuz məhəbbətindən, böyüyüb boya-başa çatdığı ailədə özündən böyük iki bacısına qardaşdan artıq fövqəlmünasibətindən qaynaqlanır. Bəlkə də gənc Daşdəmirin vaxtilə atasının yarım əsrə yaxın işlədiyi, Basqalı dünyada tanıdan istehsalat sahəsində, kəlağayı sexində (İsmayıllı Yerli İstehsal Kombinatının Basqaldakı 3 nömrəli toxuculuq müəssisəsi) ilyarım çalışması da bu məsələdə təsiredici amil olub: Axı ipəkdən hazırlanan kəlağayı ismət atributu, həya örpəyi olaraq Azərbaycan qadınının zərifliyinə, gözəlliyinə milli ornament, bədiilik qatan mədəni irsdir.
Daşdəmiri yaxından tanıyanlar yəqin məni belə bir müqayisə aparmaqda qınamazlar: O, daş kimi sərt qətiyyətə, dəmir kimi möhkəm iradəyə, eyni zamanda ipək kimi kövrək xasiyyətə malikdir. Gördüyü hörməti qat-qat artıq ehtiramla cavablayır, bəzən dostlarına gözləmədikləri dərəcədə yerinə düşən xoş sürprizlər edir. Dost hesab etdiyi şəxslərdən adekvat münasibət görməyəndə (təəssüf ki, bəzən belə də olur) haqlı gileyini bildirməkdən, iradını üzə vurmaqdan çəkinmir. Bununla belə, heç vaxt qəlbində kinə-küdurətə, qisasçılıq hisslərinə yer verməyib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Daşdəmir Tağıyev “Ədalət” qəzetində məsul katib işləyib, bir çox başqa dərgilərlə əməkdaşlıq edib, hazırda Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində məsul vəzifədə işləyir. Həmişə sözün keşiyində duran istedadlı jurnalistin indiyədək minlərlə publisistik məqaləsi çap edilib, onlarla kitabın redaktorudur, yüzdən çox kitaba rəy və ön söz yazıb. “Xatirələrə sığmayan ömür”, “Basqalın Miryavər abidəsi”, “Basqal”, “Yarımçıq qalan ömür” və daha bir neçə kitabın müəllifidir.
Tale elə gətirib ki, Daşdəmir Tağıyev təhsildə də, əmək fəaliyyətində də həmişə işin ağır tərəfindən yapışıb. “Qəzetçilik korrekturadan başlayır” – deyən Daşdəmir bircə hərfin səhv getməsinin doğura biləcəyi fəsadın məsuliyyətini dərindən dərk edir. Qəzet işindən başı çıxanlar bilirlər ki, cəmi bir hərf və ya durğu işarəsi yanlışlığı olsa belə, onu aşkarlamaq üçün mətni başdan-ayağa (bəzən təkrarən) oxumalısan. Bu isə dərin ədəbi savad, yorucu zehni əmək tələb edən, vaxtaparan işdir. Bununla belə, daim mükəmməlliyə doğru can atan Daşdəmir Tağıyev yaradıcılıq müstəvisində də geri qalmasın deyə, gecəni gündüzə qatıb iş vaxtından sonra ona heç də həmişə maddi qazanc vəd etməyən, amma ciddi ictimai-sosial əhəmiyyət kəsb edən mövzularda köşə yazılar işləmiş, texnikasını cilalamışdır. Zəngin söz ehtiyatına malik olması ona qələmini təkmilləşdirməkdə kömək etmişdir.
Həyat hər addımbaşı Daşdəmirə imtahanlar qurmuşdur desək, yanılmarıq. Başqalarına “iki vuraq iki” qədər asan başa gələn işlər ona çatanda sanki düyünə düşmüşdür. Daşdəmir Tağıyev “Nüanslar” qəzetinin baş redaktoru, görkəmli jurnalist Fərhad Ramizoğluna verdiyi müsahibədə başına gələn bir kuryoz hadisəni danışıb: Universitetdə imtahan vaxtı vəsiqəsini müəllimin stolunun üstündə unudur. Səhvən başqa tələbənin “2” (“qeyri-kafi”) qiymətini onun vəsiqəsinə yazırlar. Sonra məsələnin üstü açılanda təklif edirlər ki, qiyməti dəyişməyə tələsməsinlər; ola bilsin, Daşdəmir imtahanda qeyri-müvəffəq qiymət alar, heç “2”-ni dəyişməyə ehtiyac qalmaz. Təsəvvür edin, bu cür neqativ ehtimal tələbəyə necə mənfi psixoloji təsir edə bilərdi. Axı Rezerford demişkən, ön mülahizəni dəyişmək atomu parçalamaqdan çətindir. Əlbəttə ki, Daşdəmir o imtahandan üzüağ çıxıb, fələyi də özü kimi saymağa vadar edib.
Daşdəmir Tağıyevin heç vaxt başqasının “5” qiymətində gözü olmayıb, kiminsə haqqına əl qoyanlara nifrət edib. O üzdən 2013-cü ildə jurnalistlər üçün inşa olunan binadan ona mənzil veriləndə də bu mükafatı haqq etdiyinə heç kim şübhə etmədi. Bundan başqa, o, müxtəlif media qurumları tərəfindən “Peşəkar jurnalist”, “Vicdanlı qələm”, “Qızıl qələm” media mükafatlarına layiq görülüb.
Müasirləşmə, zamanla infrastrukturun təkmilləşdirilməsi, turizmin inkişafına yönəlik layihələrin həyata keçirilməsi nə qədər vacib olsa da, təəssüf ki, bu prosesləri müşayiət edən assosiasiya olaraq təbiətə antropogen müdaxilə Daşdəmirin doğma yurdu İsmayıllını əzəli cazibədarlıqdan tədricən məhrum edir. Amma bu yurdun övladı Daşdəmir yaşının üstünə yaş gəldikcə öz ipək saflığını qoruyub saxlayıb.
Qədim Roma filosofu, stoistik fəlsəfə ruhlu traktatların müəllifi Lutsi Anney Seneka əsərlərinin çoxları tərəfindən bəyənildiyini görəndə məyus olurdu. Çünki ağıllı adamı ümumi təriflər çiyrindirir. Şəxsiyyətinə, daşıdığı dəyərlərə qiymət verdiyi müasirlərinin (elə bu sətirlərin müəllifinin də) portretini usta publisist qələmi ilə çəkən Daşdəmir Əjdəroğlunun oçerklərində ümumi, gəlişigözəl, səhifə doldurmağa xidmət edən sözlərə rast gəlmək qeyri-mümkündür. Elə onun haqqında yazan Fərhad Əsgərov, Məhəmməd Nərimanoğlu, Cəmil Zəbullaoğlu, Rahib Kərimli, Elxas Comərd, Hacıməmməd Məmmədov və başqa müqtədir qələm adamları da məqalələrində “saflıq simvoludur”, “örnək vətəndaşdır”, “yorulmaz jurnalistdir” deməkdə tam olaraq səmimidirlər. Mən də səmimi olmaq üçün bacardığımı etdim.
Əxlaqı insanlara, peşə fəaliyyəti yetişməkdə olan gənc jurnalistlər nəslinə örnək sayılmağa layiq Daşdəmir Tağıyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, peşə fəaliyyətində və yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.
Pünhan ŞÜKÜR
ÇALIŞ ÖZÜNÇÜN DƏ BİR QƏDƏR YAŞA…
60 il əvvəl, isti bir yay günündə, iyun ayının 21-də dünyaya gözəl bir oğlan uşağı gəldi. Adını DAŞDƏMİR qoydular. Çox güman ki, möhkəm, dözümlü, dəyanətli olsun deyə. Ad qoyanlar gümanlarında yanılmadılar.
Taleyinə yazılanları yaşadı bu oğul. Yaşaya-yaşaya üzləşdiyi çox şeylər oldi. İtirdi də, qazandı da…
Özünün dediyi kimi – ən dəyərli qazancı itirməkdən qorxduğu dostlarıdır. O dostlardan – qardaş, – deyə səslədiklərindən biri ozümü sayıram və bu əlamətdar zaman kəsiyində qardaşım DAŞDƏMİRİ xoş arzularla, ürəkdən təbrik edirəm!
Əl qabiliyyətim bir qədər yüksək olsaydı, qardaşımın portretini çəkər və DAŞDƏMİRİ sevənlərlə bölüşərdim. Şair ruhlu olduğumdan çəkmək arzusunda olduğum o portreti sözlərlə təsvir etməyə çalışdım.
Oxuyun, baxın, DAŞDƏMİRƏ oxşamasa, deyin, ha!
DOST AYNASI
(PEŞƏKAR JURNALİST DAŞDƏMİR ƏJDƏROĞLUNUN 60 YAŞINA)
İnsanlar tanınar adla, əməllə,
Adın – mətin, möhkəm əməlin – həyat.
Adam var, tutarsan hər iki əllə,
Adam var, üzünə baxma, daşın at.
O qədər mülayim, həlim, şirinsən,
Adamı çaşdırır Daşdəmir adı.
Ədəbdə, ərkanda uca, dərinsən,
Bir gözdə görürsən doğmanı, yadı.
Qəlbini vermisən qələmə, sözə,
Sən Vətən yolunda döyüşən əsgər.
Bədnəzər gen olsun, bıçaq pis gözə,
Səninlə yarışan qazanar məgər?
Sən dost aynasısan, düzlük ünvanı,
Xoşbəxt o kəsdir ki, sənə əzizdir.
Yadına düşmədi qorumaq canı,
Qanında məhəbbət coşan dənizdir.
Böyük qəbahətdir səni sevməmək,
Çalış özünçün də bir qədər yaşa.
Təklik hər nədirsə, gəl, ondan əl çək,
Qoşul qoşalartək dosta, qardaşa.
Altmış… Bu, gəncliyin ali zirvəsi,
Səsin zirvələrdən gəlsin hər zaman.
Qoy sənə yar olsun həyat kəlməsi,
Yoluna nur saçsın böyük Yaradan!
Şahməmməd DAĞLAROĞLU
20 iyun 2025-ci il
YAXŞI Kİ SƏNİN KİMİ DOSTUMUZ VAR...
60 yaş – bir ömrün sözə çevrilmiş salnaməsidir.
Peşənə sadiqliyin, qələminə dürüstlüyün,
sözə və həqiqətə olan ehtiramınla
sən nəinki jurnalistikamızın,
həm də dostluğun, əxlaqın, müdrikliyin örnəyisən.
Bu 60 illik yol – zəhmətlə, şərəflə, səbirlə addımlanmış bir həyat yoludur.
Bundan sonra da yolun açıq, qələmin iti, ruhun gümrah olsun!
Yeni yaşın sənə sağlamlıq, ruh rahatlığı,
yaradıcı ilham və qələm sevinci gətirsin.
Yaxşı ki varsan, yaxşı ki sənin kimi dostumuz var!
Tünzalə XƏLİLOVA
“Qəbələnin səsi “ədəbi yazar birliyinin üzvüləri və şəxsən öz adımdan.
BİR DOST QAZANMIŞIQ PEYĞƏMBƏR KİMİ,
XEYİRXAH İNSAN DİLİNDƏN YOX, ƏMƏLİNDƏN BİLİNƏR
Yaxşı insan olmaq üçün özün yaxşı olasan, yaxşı işlər görəsən, yaxşı əməl sahibi olasan ki, eldən bərəkallah ala biləsən. Eldən, obadan o bərəkallahı qazanmaq üçün gərək gözəl qəlbin ola, insani keyfiyyətlərin ola, necə ki, öz jurnalist mövqeyi ilə səmimi dostluğu ilə hər zaman öndə gedərək nümunəvi dostumuz Daşdəmir (müəllim ) Əjdər oğlu Tağıyev kimi yaxşı Vətənsevər, el təəssübkeşli oğlu olasan, yaxşı dost olasan, yan-yörən yaxşı dostlarla dolu olsun, onlar da onda örnək alsın. Mənim sadaladıqlarım tanıdığımdan bu günə kimi Daşdəmir müəllimdə cəmləşdiyinin şahidiyəm. Onu tanıdığım gündən bu yana bir igidin ömrü çalı illər ötüb. Odur ki, mən Daşdəmir müəllimi özümə bir doğma əzizim, böyüyüm, bir ağsaqqalım bilmişəm hər zaman, onun tövsiyələriylə yeni-yeni ilklərə imza atmışam. Onun dostcanlı bir insan olduğunu “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin üzvləri çox yaxşı bilirlər. Çünki onlar da Daşdəmir müəllimin məsləhətlərindən faydalanırlar. Daşdəmir müəllimin insanlarla münasibətində böyük bir müdriklik, danışıq tərzi var, insanlarla davranışında bir müəllim kimi yol göstərməklik var. Odur ki, insani keyfiyətlər hər zaman ucada durur.
Danışdıqca bitməyən duyğular yalnız yaxşı dostun şəninə deyilən xoş sözlərdir.
Zaman ötdükcə illər keçir, bəzən uzaq düşürsən, hərdən görünürsən, hərdən internetdə hal-əhval bilirsən. Qoyduğun bu dostluq binasının təməli heç vaxt laxlanmır, kəsdiyi çörəyin bərəkətinin gücü ilə bu dostluq şaxələnir, qol-qanad açaraq yeni-yeni dostlar qazanır. Biz də bir dost olaraq Daşdəmir müəllimin sayəsində neçə-neçə dost qazandıq, böyüdük, çinar kimi qol-budaq atdıq .
Könüllərdən-könüllərə yollar aşaraq bağlar qurduq, bu bağlar sayəsində ,,Qardaşlar” qrupu ilə “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin bir dostluq körpüsü tikərək birgə tədbirlərə imza atdı. Bunların səbəbkarı da Daşdəmir müəllim oldu.
Görün bu fədakar insanın qəlbi nə qədər genişdirsə, insanları dostluğa, birliyə, sülhə səsləyir. Onun üçün hər kəsin qəlbində öz sevgisini qazandı xeyirxahlıq edərək.
İnsanın qəlbi saf, təmiz olanda,
Dağlardan elə bil çeşmələr axır.
Bir könül oxşayıb, qəlb ovudanda,
Allah da üzünə elə xoş baxır.
Yağışdan sora çıxan Günəş təki,
İsidir qəlbləri dost hərarəti,
Hər kəsə etməyən dostyana ərki,
Ona edə bilirik o cəsarəti.
Vaxt zaman elə hey tələsir, gözdən ötdükcə saatlar, günlər, aylar, illər bir də görürsən ki, elə bir ana səni çatdırır ki, baxanda görürsən ömürdən keçən illər səni növbəti bir yaşın yubileyinə çatdırıb. İnsanın inamı gəlmir dünənin və bu günün arasında zamanın fərqi bir yubley yaşı qədərdir demək.
Ömür bizə əmanətdir. Əlimizdən gəldiyi qədər onu qorumağa çalışırıq.
Bu gün ömrünün 60-cı baharını yaşayan hamımızın sevimlisi, əzizimiz və dəyərli dostumuz Daşdəmir (müəllim) Əjdər oğlu Tağıyevin yubiley yaşıdır.
Mən şəxsən öz adımdan və rəhbəri olduğum “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin üzvləri adından, Qəbələ-Oğuz yazarları adından səmimi-qəlbdən təbrik edirik, sizə həyatın ən gözəl neməti olan cansağlığı, firavan həyat, sevinc dolu günlər arzu edirik.
Nə yaxşı ki sizin kimi dəyərli dostumuz var.
Hər zaman bir böyük kimi yanımızda olaraq bizə yol göstərərək dayağımızda durduz. “Qəbələnin səsi”nə uğur gətirən “Musa Yaqub sətirləri” və “Qəbələnin səsi” 5 illik yubiley kitablarına təmənnasız redaktorluq edərək öz dəstəyinizi dost kimi əsirgəmədiniz.
Biz bir dost kimi sizə hər zaman minnətdarıq .
Dost yoluna heç vaxt kölgə düşməsin.
Dost daşdan, qayadan olmur, dost qədirbilən, sadiq və dürüst insanların bir-birinə dəstəyindən, doğmalığından bərkiyərək məhək daşı kimi öz izini salır.
Bu nümunəvi izimizi heç vaxt yağışlar yuyub aparmasın, tarixlərdə yaşasın səsi, sorağı əsrlərə, qərinələrə yol açsın, inşəllah!
Bu yol bizə həyat qədər əzizdir,
Ürəyiniz çeşmələr tək təmizdir,
O qəlbiniz bir ümmandır, dənizdir.
Qoy yolların hamar olsun, əziz dost!
Müdriklərdən müdrik oldun bizlərə,
Xeyirxah tək adın düşdü dillərə,
Nümunədir dostluğumuz ellərə,
Qoy yolların hamar olsun, əziz dost!
Atmışında qazandın bərəkallah,
Pənahında dursun o uca Allah,
Bizlərə əzizsən doğmasan, vallah,
Qoy yolların hamar olsun, əziz dost!
Daşdəmir müəllim, qoy deyim sözü,
İnsan hörmətini qazanır özü,
Səndə görmüşük haqq ilə düzü,
Qoy yolların hamar olsun əziz dost!
Bu kiçik yazım da hədiyyəm olsun,
Oxuyan qəlbiniz fərəhlə dolsun,
Şəhla da hər zaman halını sorsun,
Yetmişdə şəninə deyək yenə tost,
Qoy yolların hamar olsun əziz dost!
Şahdağın zirvəsi qədər qəddi uca olan dəyərli Daşdəmir müəllim, mən sözümə nöqtə qoymuram, cünki bu yubileylərin davamı olacaq, mən də sevə-sevə öz könül duyğularımı sizə ərməğan edəcəyəm.
Allah sizə gözəl ömür nəsib etsin, əziz və dəyərli dostumuz Daşdəmir müəllim! Allah yar və yardımçınız olsun!
60-cı yubileyiniz mübarək olsun!
Şəhla XƏLİLQIZI,
,,Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin sədri, sizin sadiq dostunuz
SAĞLAMLIĞINIZ, SADƏLİYİNİZ, SƏMİMİYYƏTİNİZ, İSTEDADINIZ TÜKƏNMƏSİN
Əziz qardaşım, istedadlı yazar, gözəl insan Daşdəmir müəllim! Sizi Doğum gününüz,həm də 60 illik yubileyiniz münasibətilə səmimiyyətlə təbrik edir, ən xoş arzularımı bildirirəm. Sağlamlığınız, sadəliyiniz, səmimiyyətiniz, istedadınız tükənməsin.
100 yaşayın! Yazın,yaradın!
Novruz ƏSƏDOV
Daşdəmir ƏJDƏROĞLU – 60
GƏNC JURNALİSTLƏRƏ ÖRNƏK
Bugün ədalətli mövqeyi, yüksək mənəvi keyfiyyətləri və jurnalistikaya sadiqliyi ilə tanınan qələm sahibi, “Azərbaycan” qəzetinin əməkdaşı Daşdəmir Əjdəroğlunun 60 illik yubiley günüdür. Bu əlamətdar tarix yalnız bir ömrün təqvim üzərindəki göstəricisi deyil – bu, eyni zamanda zəhmətlə yazılmış şərəfli bir həyat salnaməsinin növbəti fəslidir.
Daşdəmir Tağıyev 1965-ci ildə İsmayıllı rayonunun qədim Basqal qəsəbəsində dünyaya göz açıb. Azərbaycan mədəniyyətinin rəmzinə çevrilmiş kəlağayı sənətinin beşiyində boya-başa çatmış bu insan təkcə doğulduğu yurdun yox, bütövlükdə ölkə jurnalistikasının da üzünü ağ edən fədakar qələm adamlarındandır.
O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə mətbuatın “mətbəxində” – korrektura işindən başlayıb. “Ədalət” qəzetində məsul katib kimi çalışıb, bu gün isə Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində fəaliyyətini davam etdirir. Daşdəmir müəllim jurnalistikanı təkcə peşə deyil, həm də missiya olaraq qəbul edir – bu missiyanı isə həm dürüst sözü, həm vicdanlı mövqeyi ilə uğurla daşıyır.
Minlərlə publisistik məqalənin, çoxsaylı kitabların müəllifi və redaktorudur. Onun imzası – səliqə, məsuliyyət və dərin daxili mədəniyyət deməkdir. Ədəbi dilə, milli dəyərlərə və insani münasibətlərə yüksək səviyyədə riayət edən Daşdəmir Əjdəroğlu həm də yetişməkdə olan gənc jurnalistlərə örnəkdir.
Onun zəhmətkeşliyi, insanlara münasibətdə ədalətli və səmimi davranışı, eləcə də hər bir yazıya göstərdiyi məsuliyyət təkcə peşəkarlıq deyil, şəxsiyyət mədəniyyətidir. Yaxınları, dostları onu sadəcə jurnalist kimi yox, həm də dürüst və təmkinli insan kimi tanıyır, dəyərləndirirlər.
Daşdəmir Əjdəroğlunu bu möhtəşəm yubiley münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, ruh yüksəkliyi, qələminə davamlı ilham və daha uzun illər boyu Vətən və xalq naminə səmərəli fəaliyyət arzulayırıq.
Yubileyin mübarək, Əjdəroğlu-Tağıyev!
EŞQ OLSUN!
Yusif MƏHƏMMƏDOĞLU
Daşdəmir ƏJDƏROĞLU (TAĞIYEV) – 60
SƏMİMİYYƏT VƏ DÜRÜSTLÜK MƏNBƏYİ
Sabah İyun ayının 21-i gözəl insan, əziz dostum, qardaşım, həmkarım Daşdəmirin 60 yaşı tamam olur. Bu yaşın yarısından bir qədər də artıqdır ki, onu tanıyıram. İlk əvvəl sadəcə tanış olduq . Bu o zamanlar idi ki, jurnalistlər və poliqrafçılar adətən “Azərbaycan” nəşriyyatında tanış olur, ünsiyyət qurur, dost, qardaş olurdular. Daşdəmirlə tanış olduğum çağlar, onun “Ədalət” qəzetində fəaliyyətə başladığı illərə təsadüf edir. İlk tanışlıqda sözümüz düz gəlməsə də, bu çəlimsiz, ötkəm oğlandan xoşum gəldi. Hər bir zarafata özünəməxsus qabarması var idi – bir də mənimlə belə zarafat eləmə. Görəndə ki, bu ötkəmlik keçmir, “Qardaş, olar mənimlə belə zarafat etməyəsən”, – yumsalırdı. Dedim: – Baş ustə, daha eləmərəm”.
Aylar, illər keçdi..
Bütün qeyd etdiklərim bir gündə, bir ayda, olmayıb, aradan illər keçib. Aramızda 10 il, 1 ay və 1 gün fərqimiz olsa da, söz-söhbətimiz həmişə səmimiyyət üzərində qurulub, bəzən ən kobud zarafatlarımız belə. Bir-birimizi sınadığımiz vaxtlar da olub. Bu sınaqdan üzüağ çıxa bilmişik ki, dostluğumuz bu günə qədər davam edib .
Səmimi və dürüst insan
Əjdər kişi oğlu Dasdəmirə elə tərbiyə verib, elə yetişdirib ki, o, həyatımda tanıdığım ən səmimi və dürüst insanlardan biridir. Daşdəmir elə bir insandır ki, onun vətənsevərliyi, insansevərliyi, səmimiliyi və dürüstlüyü ilə tam bir vəhdət təşkil edir.
Doğrusunu deyim ki, onun nə vaxtsa əsəbiləsdiyini, görməmişəm, is vaxtı istisnadır. Qəzetçilik elə bir işdir ki, əsəbiləşmədən olmaz. Həyatının ən ağır günlərində belə, onun nədənsə narazılıq etdiyini də ğörmədim. Bu da Daşdəmirin Allaha iman gətirərək təvəkkül etməsindən doğan şükranlıq hisslərindən irəli gəlir.
Daşdəmir qardaşım elə bir insandır ki, onunla qarşılaşan hər kəs ondan güclü müsbət enerji alır. Bunu dəfələrlə özünə də demişəm, Bir vaxtlar mənim zarafatlarımdan cınrayan Daşdəmir indi özü də zarafatsız ötüşə bilmir. Çünki insanın bəzən səmimi zarafatlara da ehtiyacı olur.
Həm jurnalist, həm poliqrafçı
Müasir jurnalistlərin böyük əksəriyyəti mətbəənin, poliqrafiyanın, qəzet çapının nə olduğunu belə bilmir. Daşdəmirin əmək fəaliyyətinə başladığı dövrdə qəzetdə məsul katib, yaxud məsul katibin köməkçisi kimi işləmək çox ağır vəzifə idi. Gələcək jurnalist üçün ən önəmli məsələ universiteti bitirmək idisə, ikinci pillə redaksiyada məsul katib işləyib, qəzetçiliyin sirrlərini öyrənmək idi. Çünki istədiyini bir isə başladıqda ilk əvvəl onun təməlində başlamaq lazımdır ki, yüksəldikdə yıxılmayasan . Daşdəmir də bütün çətinliklərə, agırlıqlara baxmayaraq, qəzetciliyə, məhz bu sahədən başladı, və bu gün də dövlətin ən nüfuzlu qəzetlərindən biri olan “Azərbaycan” qəzetində çalışmaqda davam edir.
Yazar, publisist, şair və gözəl oçerklər müəllifi
Daşdəmir jurnalistikanın bütün sahələrində qələmini uğurla sınaqdan keçirmək gücünə malik olduğunu da tam təsdiq edib. O, gözəl publisist, şair, mükəmməl portretlər yaradan oçerklər müəllifidir . Bir neçə bir-birindən maraqlı kitabın müəllifi kimi də tanınır. Bütün bunlarla yanaşı, Daşdəmir həm də mükəmməl qəzetçudir. Fəaliyyətini tam olaraq qəzetciliyə həsr etmiş bir insandır.
Bildiyiniz kimi, media qəzetcilikən başlayır. Bu yaxınlarda 150 illik yubileyinə hazırlaşdigımiz Azərbaycan mediasının təməlini də “Əkinçi” qəzeti ilə məhz Həzən bəy Zərdabi qoyub .
Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də elektron media üstünlük təşkil edir. Amma elektron media heç zaman qəzetçiliyi üstələyə bilməz, çünki onun sükanı Daşdəmir kimi qəzetçi jurnalistlərin əlindədir .
Dostluq və səmimiyyət
Müasir dövrümüzdə Daşdəmir Əjdər oğlu Tağıyev qədər dostluğa, səmimiyyətə, dürüstlüyə dəyər verən insan tapmaq çox çətindir. Onun bir çox dostlarını şəxsən tanıdıgım üçün deyə bilərəm ki, Daşdəmir dostları da zərgər dəqiqliyi ilə seçməyi bacaran insandır. Bu gün 60 illik yubileyini qeyd etdiyimiz insanın da həyatı hər zaman sakit və rahat keçməyib. Bütün yaşadığı məqama çatmaq üçün bir çox hədəfi dəfə etməli olub. Həmin hədəfləri də özünəməxsus tərzdə, əyilmədən, heç kimə minnət qoymadan dəfə edə bilib .
Açığını deyim ki, ölkə Prezidentinin sərəncamı ilə jurnalistlər üçün evlərin tikintisinə başlayanda ən çox arzuladığım Dasdəmirin həmin binalarda ev alması olub. Bu onun haqqı idi və ona layiq idi. Onu da qeyd edim ki, insanın öz evi olması onun dogma haqqı olmaqla, həm də vətəndaş haqqıdır.
Hesab edirəm ki, Daşdəmir haqq etdiyi şeylərdən ancaq birinə sahib ola bilib. Qarşıdan həm mətbuatımızın, həm də Daşdəmir qardaşımızın yubileyi gəlir. Bizim gücümüz təbriklərə çatır. Haqq etdiyini isə aidiyyəti qurumlar əskik etməsinlər…
P.S. İlk öncədən qeyd edim ki, bu yazıdan Daşdəmirin xəbəri yoxdur. O da sizin kimi yazını səhifəmdə oxuyacaq.
İkincisi, yazıdakı qüsur və səhvlərə görə hər birinizdən üzr istəyirəm, bu, mənim telefon və kompüter bilgilərimin zəifliyindən irəli gəlir .
Əziz qardaşım, səni səmimi-qəlbdən təbrik edir, bağrıma basıram. İngiltərənin baş naziri olmuş Uinston Çörçel deyib; “Mən heç kimə uzun ömür cansağlığı arzulamıram, bu, Allahın işidir. Mən hər kəsə vaxt açıqlığı arzulayıram. Titanikdəkilərin hamısı sağlam, varlı və imkanlı insanlar idilər. Gəmi batdıqda isə yalnız bir nəfərin bəxti gətirib”.
Qardaşım, bəxtin həmişə acıq olsun, inşəallah, yüz yaşa!
Yusif SEYİD
O, ŞƏRƏFLİ, LƏYAQƏTLİ BİR ÖMÜR YAŞAYIB...
Hörmətli FB dostları!
Bu gün hamımızın yaxşı tanıdığımız, basqallımız, dəyərli və sevilən jurnalist Daşdəmir Əjdər oğlu Tağıyevin doğum günüdür, yubileyidir, 60 yaşı tamam olur. İstəkli eloğlumu bu gözəl gün münasibəti ilə TƏBRİK EDİRƏM!
… Ömür yaman vəfasızdır. Elə tez sürətlə gəlib keçir ki, bir vaxt baxırsan ki, bəli, ömrün ahıl çağına doğru gedirsən, amma hələ istədiyin kimi yaşaya bilməmisən, hələ görüləsi nə qədər işlərin qalıb.. Daşdəmir dünən qara, gursaçlı gənc bir oğlan idi, bu gün isə 60 yaşı tamam olur. O, şərəfli, ləyaqətli bir ömür yaşayıb indiyə qədər və həm respublikada, həm də doğma rayonumuzda böyük hörmət qazanıb, adını, imzasını tanımayan yoxdur.
– Daşdəmir, bu gün sənin ad günün, şad günündür. İnsan doğulur, böyüyür və bir şəkildə yaşamağa davam edir. Amma bəzi yaşlar var ki, dönəm nöqtəsi olaraq götürülür. Sən artıq həmin yaşda, müdriklik yaşındasan. Heç bir zaman üzülməyəcək, yıxılmayacaq yaşa gəldin. Zaman irəlilədikcə insanın həyata dair yeni fikirləri, fərqli baxışları olur. Bu yeni yaş günündən sonra həyata daha dolğun, daha müdrikcəsinə baxacaqsan… Üzülmə həyat tez keçir deyə. 60 yaş nədir ki..? Yaşın neçə olursa-olsun, hər şeyin ən gözəli səninlə olsun. Hər zaman üzün gülsün, doğum günün mübarək!
Tahir RƏCƏBOV
Bu gün peşəkar jurnalist – dostumuz, qardaşımız, sirdaşımız, xeyriyyəçimiz, təkcə el-obası İsmayıllının deyil, həm də Azərbaycanın sevimlisi Daşdəmir Əjdəoğlunun (Tağıyev) 60 yaşı tamamdır. Şahməmməd Dağlaroğlunun, Xeyrulla Ağayevin, Yusif Seyidin, Hacıməmməd müəllimin yazdığı təbriklərə qoşularaq yubilyarı təbrik edirəm, ona çinar ömrü arzulayıram.
Nüsrət QULİYEV
QƏLƏMİ İTİ, SÖZÜ KƏSƏRLİ DAŞDƏMİR
Bu gün həmkarlarımızdan ən dəyərlisi, yazıları ilə oxucularımızın rəğbətini qazanmış, insanlığın çox sayda yaxşı cəhətlərini özündə yaşadan Daşdəmir Əjdəroğlunun 60 yaşı tamam olur.
Köhnə dostumu bu gözəl yubileyi münasibətilə səmim-qəlbdən təbrik edir, ona sağlam həyat, uzun ömür, ədəbi-bədii yaradıcılığında uğurlar arzulayıram!
Qələmi iti, sözü kəsərli Daşdəmirin qələmə aldığı yazılarında həmişə bir cəhətə fikir vermişəm. Onun hansı yazısını oxusaq görərik ki, orada ədəbi dil normalarına, orfoqrafiya qaydalarına tam əməl olunur.
Qəzet işində çalışanlar yaxşı bilirlər, redaksiyanın məsul katiblik deyilən bir şöbəsi var. Orada qəzetə qoyulacaq yazılardan tutmuş fotoşəkillərə və digər illüstrasiya materiallarınadək hamısı nəzərdən keçirilir, ölçülub-biçilir. Daşdəmir Əjdəroğlu çalışdığı bu şöbənin işini də peşəkar bir poliqrafçı kimi çox gözəl bilir.
Daşdəmirlə mənim tanışlığım “Azərbaycan” (köhnə “Kommunist”) nəşriyyatından başlayır. Bu nəşriyyat vaxtilə böyük bir məktəb idi. Biz burada jurnalistlərlə, poliqrafçılarla tanış olardıq, dostlaşardıq, hal-əhvallaşardıq…
Böyük rus yazıçısı F.M. Dostoyevskinin gözəl bir kəlamı yadıma düşdü, o, deyərdi: Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq. Bəli, biz də hamımız “Azərbaycan” nəşriyyatının o haylı-küylü, izdihamlı mühitindən çıxmışıq.
İnsanda ən çox xoşuma gələn xüsusiyyət sadəlikdir, təvazökarlıqdır. Bax, köhnə dostum Daşdəmir Əjdəroğlunda da bu sadəlik, təvazökarlıq var. Odur ki, ona, onun şəxsiyyətinə həmişə böyük hörmətim olub və bu gün də var…
Akif HACIYEV
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir