Hər şey yavaş-yavaş olur.
Bu dünyaya gəlişimiz yavaş-yavaş,
Bu dünyadan gedişimiz yavaş-yavaş,
Günlər axır, ilə dönür yavaş-yavaş,
Fil balası filə dönür yavaş-yavaş
Qayğı, əmək-qızıl gülə,
Yağış, yağmur selə dönür yavaş-yavaş,
Çaylar polad sahilləri didir, eşir yavaş-yavaş,
Maviləşir, müdrikləşir, dənizləşir, yavaş-yavaş.
Birdən-birə qalxarmı dağ?
Daş üstünə gələr bir daş,
Təpə qalxıb dağa dönər yavaş-yavaş.
Lapdan alov püskürsə də,
Vulkan özü güc toplayır yavaş-yavaş,
Bəslənilir qanda qeyrət, ürəkdə şir yavaş-yavaş.
İgid bəzən əfəlləşir, əfəl bəzən igidləşir yavaş-yavaş,
Pak ürəyə bəzən qara əl uzanır yavaş-yavaş,
Dar gözlükdən satqınlığa yol uzanır yavaş-yavaş.
Nəfs, tamah güc gələndə, insan dönür canavara yavaş-yavaş,
Mətləbimi qanaydın kaş, biləydin kaş…
Torpaq cənnət ola bilər, yaxud dönər cəhənnəmə yavaş-yavaş.
Sən Dəmirləş! Sən Poladlaş!
Bil ki, ürək döyünmürsə sönə bilər yavaş-yavaş,
El birləşsə, Vətən olar!
Vətən insan yığımına dönə bilər yavaş-yavaş,
Əziz balam, umud qalam!
Bu gün cahan işıqlanır, sevgi, sevinc qönçələnir yavaş-yavaş,
Əjdahalar ölüb gedir, imperiyalar parçalanır yavaş-yavaş.
Sən dağlara qalxmaq üçün əzaba döz, dərdə qatlaş!
Yoxuş dırmaş!
Aşırım aş!
Enmək birdən-birə mümkün, qalxmaq isə yavaş-yavaş…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU