Səməd Vurğun bir zamanlar öz poemasında Məhəmmədəmin Rəsulzadə haqqında yazırdı:
“İndi xəbər verim oxucuma mən.
O “millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisə müsəlmanları,
Yağlı vədələrlə tutmuş onları;
Deyir: Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun, qılınc çəkərək,
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!…
-Şarlatan!
-Afərin! -Rəhbərə bir bax!…
-Vətəni yadlara bunlar satacaq!…
-Bir dayan!
-Nə dedin?
O bir xaindir,
Sözünün pərdəsi millətdir, dindir…”
Əlirza Turan xatirələrində qeyd edir ki, Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, görün Səməd Vurğun sizin haqqınızda nələr yazıb. Sizsə onu çağdaş Azərbaycan ədəbiyyatında millətçi bir şair kimi təqdim etmisiniz. Onda Əmin bəy deyir ki, mən yanılmamışam. Əgər o, məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU