“Ədəbiyyat” qəzetinin baş redaktoru, tanınmış filoloq alim, araşdırmaçı jurnalist Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabının qeyri-adi təqdimat mərasimi keçirildi. Tədbir müasir rəngkarlıq sənətimizin görkəmli nümayəndəsi Xalq rəssamı Sakit Məmmədovun emalatxana-muzeyində təşkil olunmuşdu.
Azərbaycanda Rus istilasına qarşı ilk dirəniş hərəkatının lideri Qəbulə xanım haqqında Azər Turanın kitabı tarix elmimizdə yeni səhifədir. Bu qəhrəman xanım haqqında bütün mənbələr bilərəkdən məhv edilsə də, Azər bəyin gərgin və qiymətli araşdırmaları nəticəsində şərəfli tariximizin qarqnlıq səhifələrinə işıq salınıb.
Dünyaca məşhur rəssam Sakit Məmmədov Azər Turanın Qəbulə xanım haqqında məqaləsini oxuduqdan sonra yuxuda qəhrəman xanımın obrazını görür. Yuxudan duran kimi gördüklərini kətana köçürür.
Ustad rəssam Sakit Məmmədov qəhrəman Qəbulə xanımın fantastik portretini dünən ilk dəfə təqdim etdi. Ölkəmizin görkəmli elm və sənət xadimlərinin, Millət vəkillərinin iştirak etdiyi tədbir çox səmimi, yersiz pavosdan uzaq və sıcaq atmosferdə uğurla keçdi. Tədbirin aparıcısı Millət vəkili, “Qəbulə xanım və I Pyotr” kitabının ön söz müəllifi, filologiya elmləri doktoru Elnarə xanım Akimova tədbirin yüksək səviyyədə, eyni zamanda isti, səmimi, şablondan kənar keçməsinə nail oldu.
Hamı tədbirdən sonsuz zövq aldı. Uzun zaman davam edəcək müsbət enerji və qürur hissi ilə ayrıldıq.
Dəyərli Sakit Məmmədova, Azər Turana uğurlar arzu edirik!





MUASİRMEDİA.AZ