Soydaşlarımızıb kütləvi şəkildə deportasiyası mümkündürmü?
Rusiyada qonşu ölkələrdən gələn miqrantlara qarşı münasibətin getdikcə sərtləşdiyi müşahidə olunmaqdadır. Bu sərtləşmənin xüsusi ilə Ukrayna müharibəsindən sonra artdığı müşahidə olunmaqdadır. Müharibəyə göndərmək məqsədi ilə miqrantlar kütləvi şəkildə xüsusi həbsxanalara salınır, sonra da burada məqsədli şəkildə işgəncə və pis rəftara məruz qalırlar. Bu yolla onların qarşısında azad olunmaları müqabilində Ukraynada döyüşə getmək şərti qoyurlar.
Lakin bu günlərdə Yekaterinburqda 5 azərbaycanlının xüsusi amansızlıqla işgəncə verilərək öldürülməsi və soydaşlarımıza qarşı alçaldıcı rəftara dair digər məlumatlar da onu göstərir ki, Rusiya hakimiyyəti məqsədli şəkildə bu ölkədə yaşayan azərbaycanlıları sıxışdırır, onlara təzyiq göstərir. Bununun dövlət siyasəti olduğunu Rusiya rəsmilərinin etinasız reaksiyalarından da görmək mümkündür. Rusiya XİN sözçüsü Zaxarova Azərbaycan tərəfin etirazına münasibət bildirərkən, hadisəni qınamadan, zorakılığı pisləmədən çox etinasız şəkildə hüquq mühafizə orqanlarının məsələni nəzarətdə saxladıqlarını deməklə kifayətlənib.
Xatırladaq ki, Azərbaycan XİN bu hadisə ilə bağlı bəyanat verərək Rusiyadan “məsələnin təxirəsalınmaz araşdırılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin məsuliyyətə cəlb olunmasını” tələb edib. Bu bəyanat diplomatik baxımdan adekvat reaksiya olsa da, Zaxarovanın reaksiyasından da görünür ki, təyyarə məsələsində olduğu kimi, bu dəfə də ruslar Azərbaycanın tələbinə saymazyana yanaşacaqlar. Bu isə soydaşlarımıza qarşı zorakılığın bundan sonra da davam edəcəyini və onların kütləvi şəkildə deportasiya təhlükəsi ilə üz-üzə qalma ehtimalını gündəmə gətirir.
Bəs, Azərbaycan dövləti Kremlin bu siyasəti qarşısında nə edir və etməlidir? Azərbaycanın dövlət olaraq bu məsələyə reaksiyası təkcə bəyanat verməklə bitməməlidir. Azərbaycan Rusiyanın nəzərinə çatdırmalıdır ki, bu səraitdə rus qazının alınıb Avropaya Azərbaycan qazı kimi satılması mümkün olmayacaq, ölkəmizdəki rus məktəblərinin aqibəti sual altına düşəcək və. s.
Əgər Rusiyanı soydaşlarımıza qarşı hüquqa və insanlığa uyğun davranmağa vadar etmək mümkün deyilsə də, milyonlara azərbaycanlının dolanışıq üçün öz Vətənindən didərgin düşməsinə görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıdığını unutmamalıdır. Heç olmasa indi ölkədə insanlara yaşamaq, pul qazanmaq üçün imkanlar yaradılmalı, korrupsiya, inhisarçılıq məhdudlaşdırılmalı, Avropa standartları olmasa da, Qazaxıstan standartlarına uyğunlaşmağa çalışılmalıdır. Bəli, görün nə vəziyyətdəyik ki, artıq Qazaxıstan standartlarına uyğunlaşmaq bizə vəziyyəti yaxşılaşdırmaq ölçüsü kimi görünür.
Bu, həm də ona görə lazımdır ki, Rusiya hakimiyyətinin xarakterini və geosiyasi ziddiyyətlərin getdikcə dərinləşəcəyini nəzərə aldıqda, Azərbaycan yüz minlərlə vətəndaşının deportasiya edilməsi ehtimalına hazır olmalıdır. İşsizliyin, süni bahalaşmanın olduğu, korrupsiyanın inkişafa imkan vermədiyi, neft gəlirlərinin azaldığı, iqtisadi tənəzzülün dərinləşdiyi bir şəraitdə, bu gün ölkədə qalanları minimum standartlarla yaşatmaq mümkün deyilsə, o zaman Rusiyadakı soydaşlarımız geri dönərsə vəziyyət necə olacaq? Bu məsələyə təkcə əmək bazarına yüz minlərlə iş tapa bilməyən yeni insanların daxili olması kimi baxılmalıdır. Nəzərə alınmalıdır ki, Rusiyadakı miqrantlar vasitəsi ilə ölkəyə gələn iki milyard dollara qədər vəsait kəsiləcəyi təqdirdə, xüsusi ilə regionlarda əhalinin maddi durumu, dolanışığı xeyli çətinləşəcək. Ancaq ölkədə iqtisadi şərtlər və idarəetmə qaydaları dəyişmiş olsaydı, Rusiyadakı soydaşlarımızın geri dönüşü mühüm inkişaf resursu kimi, işğalda azad olunmuş regionları da əhatə edən böyük bir canlanmaya səbəb ola bilərdi.
Əgər Azərbaycan hakimiyyəti islahatlara getmədən bu şəkildə davam edərsə, o zaman iqtisadi tənəzzülə görə daxildə hələ ki, latent formada yaranan narazılığın üstünə, əlavə olaraq Rusiyadan qovulma ehtimalı olan soydaşlarımızın da tələbləri gəlrsə, o zaman bizi irəlidə çox böyük problemlərin gözlədiyini nəzərə almalıyıq.

MUASİRMEDİA.AZ