Qohum evliliklərinin ləğvinin bu gündən qüvvəyə mindiyi vaxtda yadıma yenə Eynşteyn və xalası qızı düşdü.
Həyat yoldaşına – “Səninlə evli qalmağımı istəyirsənsə, gündə 3 dəfə yeməyimi otağıma gətirəcəksən, məndən dostluq və ya başqa yaxın münasibət gözləməyəcəksən, mənimlə danışmayacaqsan və bütün bunlardan da şikayət etməyəcəksən” – deyən, bu şərtlərin əks olunduğu evlilik sazişi imzalatdıran və sevərək evlənən Eynşteynin 11 il davam edən evliliyi 5-ci ilindən etibarən bu sazişə əməl etməklə davam etdi. 11 ildən sonra boşanma ilə nəticələnən bu evlilik Eynşteynə o qədər təsir etdi ki, o, psixi sarsıntı keçirməklə bərabər uzun illər mədə xorasından əziyyət çəkdi. Eynşteyn bu qadınla, yəni Mileva Mariçlə 1896-cı ilin martında Zürihdəki Politexnik universitetində riyaziyyat və fizika sahəsində müəllimlik diplomu üçün dərs aldığı dövrdə tanış olmuşdu və yaxşı dostluq əlaqələri var idi. Mariç o universitetdə Riyaziyyat və Fizika sahəsində tam proqramı bitirən ikinci qadın idi. Bu 11 illik ailə həyatı müddətində o, ailə qayğılarına və Eynşteynin evlilik sazişindəki ağır şərtlərin mənəvi ağırlığına razılaşmasaydı, yəqin ki, indi onun da adı dahi fiziklər arasında ən azından Eynşteyndən sonra çəkilərdi (bunu fiziklər daha yaxşı bilər). Bu evlilikdən Eynşteynin iki oğlu olmuşdu, hətta onların rəsmi evliliyindən əvvəl qanunsuz doğulan bir qızının olduğu və sonralar onun başqa ailəyə övladlığa verildiyi də güman edilir. Eynşteyn 1921-ci ildə aldığı Nobel mükafatından qazandığı pulu sonralar oğullarından birinin ağırlaşmış şizofreniya xəstəliyi ilə mübarizəsinə xərcləmişdi.
Milevadan ayrıldıqdan sonra Eynşteyn xəstəliyi müddətində onunla yaxından maraqlanan xalası qızı Elsa ilə ailə həyatı qurur. Bu evliliyin sevgidən deyil, sadəcə qayğı ehtiyacından yaranan məntiqi evlilik olduğunu hamı bilirdi. Bu evlilik müddətində Eynşteynin başqa qadınlarla da münasibəti olduğu haqqında məlumatlar var. İkinci evliliyindən uşağı olmayan Eynşteyn, Elsanın ilk evliliyindən olan iki qızını himayəsinə götürübmüş.
Hər iki evlilik özlüyündə maraqlı həyat hekayəsidir. 1903-cu ildə Mileva ilə evliliyi sevgi (bunu emosional zəka məhsulu adlandıra bilərik), 1919-cu ildə Elsa ilə evliliyi məntiqi (bunu intellektual zəka adlandıra bilərik) olaraq baş vermişdi.
Hər iki evlilik müddətində Eynşteynin fəaliyyətinə nəzər salsaq, Eynşteynin latınca “annus mirabillis” (möcüzə ili) adlandırdığı dövr 1905-ci ilə təsadüf edir, yəni Mileva ilə evliliyinin ikinci ilinə. 1905-ci ildə o, modern fizika anlayışında inqilaba səbəb olan 4 məqaləsi ilə sonrakı fəaliyyətlərinin də əsasını qoyur. Maraqlı təsadüfdür ki, Nobel mükafatını isə Elsa ilə evliliyinin ikinci ilində alır.
Həəə, deməli, emosional zəkanın verdiyi ilhamdan qaynaqlanan (kontrol olunmayan olsa belə) hər şeyin mükafatı, emosional zəkanı intellektual zəka ilə əvəzləyəndə verilirmiş. Bəlkə də, əsas sirr hər iki zəka arasında balansı qoruya bilməkdi, bəlkə də yox. Bəlkə də, insan özünü xoşbəxt edə bilmirsə, ağıllı olmaq da faydasızdır. Bəlkə də, özündən başqa hamıya faydalı olmaqdadır sirr.
Birinci şəkildə Mİleva, ikinci şəkildəki isə Elsadır. Mileva Frida və daha neçə qadınlar kimi həyatına kədərləndiyim qadınlar sırasındadır. Bəlkə də xoşbəxtliyin sirri məhz “carpe diem”dir.
MM.AZ