Seyyid Əzim Şirvani – İmam Hüseynin münacatı
Şadəm ki, İlahi, tökülə qanı Hüseynin,
Ta razı ola eşqdə cananı Hüseynin.
Ey Xızr, yanıb möhnətimə çeşmini tər qıl,
Bu Kərbübəla dəştinə bir ləhzə güzər qıl,
Ey Nuh, bu əhvala edib növhə nəzər qıl,
Gör mövcə gəlib qan ilə tufanı Hüseynin.
Şadəm ki, Əli Əkbər olub qanına qəltan
Məcruh eləyib hülqi-Əli Əsğəri peykan,
Qasim toyunu yas elədi leşkəri-üdvan,
Şadəm ki, pozuldu sərü samanı Hüseynin.
Doğrandı bu gün Övni-Əli, Fəzl ilə Cəfər,
Qəltan olub al qanına Abbasi-dilavər,
Qasim boyanıb qanına, həm Əkbərü Əsğər,
Məqbul ola, ey dost, bu qurbanı Hüseynin.
Gərçi tutulub iki gözüm qan ilə şadəm,
Cismim ki, dolub navəki-peykan ilə şadəm,
Qalsam neçə gün pekəri-üryan ilə şadəm,
Qurban sənə olsun təni-üryanı Hüseynin.
Əhd etmiş idim rahi-məhəbbətdə verəm sər,
Ətşam başımı zibh eləyə Şimri-sitəmkər,
Bu teşnə Hüseynin başı, bu Şimr, bu xəncər,
İndi nədi, Ya Rəb, dəxi fərmanı Hüseynin.
Fazil gətirib rəsmi əzani bu diyarə,
Çünki bu müsibətdə dəyib qəlbinə yarə,
Məşhərdə, Xudaya, kərəm et Seyyidi-zarə,
Sidq ilə olub çünki əzaxanı Hüseynin.
MM.AZ