OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN DAŞDƏMİR-60 YAŞ

Cəmiyyət
OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN DAŞDƏMİR
60 İLLİK YOL – ZƏHMƏTLƏ, ŞƏRƏFLƏ, SƏBİRLƏ ADDIMLANMIŞ BİR HƏYAT YOLUDUR (21 iyun-12 iyul)
Biri var idi, biri yox idi… Azərbaycan elinin bur ucqar kəndi var, adına Basqal deyirlər. Bu yurd yeri çox əzab-əziyyət görüb, çox sınaqdan keçib, tarixin şanlı səhifələrini özündə yaşadıb. 2500 ildən çox yaşı olan bu qədim məkan özünün füsunkarlığı, cazibədarlığı, maraqlı insanları ilə həmişə fəxr edib, qədim yurda ayaq basanların diqqətini özünə çəkə bilib. Bu yurdda həmçinin ta qədimdən seçilmiş sülalələr, tanınmış nəsillər, adlı-sanlı ailələr olub və bu gün də onlar yaşayırlar, Basqalın özünəməxsusluğunu yaşadırlar. Belə ailələrdən biri də 60 illik yubileyi tamam olan Daşdəmir Əjdəroğlunun göz açdığı ailədir. Bu ailədə bir ata, bir ana vardı. İkisi də haqq dünyasına qovuşub. Ata hər gün işinin dalınca gedir, ana da gündəlik ev işləri ilə məşğul olurdu. Bu ailədə iki qız övladı dünyaya gəlmişdi, ardınca gələn övladlar bir-bir dünyalarını dəyişirdilər. Ana hər gün Allaha dua edirdi ki, ona bir oğul övladı da versin, hətta dualarının birində nəzir də demişdi. Nəhayət, 1965-ci ilin yayında – iyunun 21-də bu ailədə bir oğlan uşağı dünyaya gəldi, ana bu uşağı öz köynəyindən keçirdi, bu körpəyə ata nənəsi Bahar öz babasına ehtiram əlaməti olaraq onun adını verdi. Hamı sevindiyindən adın fərqinə varmadı. Hamının üzündə, çöhrəsində sevinc, fərəh hissi duyulurdu…
Bəli, balaca körpə yavaş-yavaş böyüyürdü. Hər bir ailənin çətinliyi, problemi olduğu kimi, onlarda da müəyyən çətinliklər hökm sürürdü. Əjdər kişi nəinki 3 uşağın, həmçinin onlarla bir məkanda, eyni həyətdə məskunlaşmış, bir evə sığınmış qardaş-bacının da problemlərini çözməyə çalışırdı. Özünün uşaqlığı Böyük Vətən müharibəsinin adlu-alovlu dövrünə düşdüyündən həmin durum ona bütünlüklə aydın idi. Ona görə qarşısına məqsəd qoymuşdu ki, onun övladları da, qardaş-bacısı da çətinliklə üzlışməsinlər. Belə də etdi. İki qız uşağı böyüyüb ali məktəbə daxil oldu. Balaca oğlan da yavaş-yavaş böyüyür, yekəlirdi…
7-ci sinifdə idi. Bir gün oxuduğu orta məktəbə Bakıdan artistlər gəlmişdilər. Məktəb çox köhnə binada yerləşirdi. Eyvanından artistlərin göstərdiyi səhnəciklər onun diqqətini cəlb etmiş, marağına səbəb olmuşdu. Və həmin gün axşam qələm-kağızını götürüb ilk dəfə yazmağa başlamış, o dövrün məşhur uşaq mətbuatı olan “Azərbaycan pioneri” qəzetinə göndərmişdi. Redaksiyada böyük maraq doğuran bu xəbərin dərcindən sonra balaca oğlana Azərbaycanın hər yerindən, demək olar ki, bütün bölgələrdən, hətta qonşu Gürcüstandan belə məktub (haradasa 150-yə yaxın) gəlmişdi. Bu həmin qəhrəmanın ilk uğuru idi… Ardınca birini da yazandan sonra bu dəfə ondan da çox məktub (300-ədək) aldı… Və beləliklə, bu xəbər onun Bakı Dövlət Universitetində ingilis dili müəllimi işləyən Şölə xalasına çatdı. Tətillərin birində xala bacı oğlu ilə söhbət etdi, onun bilik səviyyəsini sınağa çəkdi. Məlum oldu ki, bu oğlanın yazı-pozuya həvəsi, istəyi var. Ona görə məsləhət gördü ki, bu işi davam etdirsin. Davam etdirdi. O dövrün məlum qayda-qanunlarına görə jurnalistika fakültəsinə daxil olmaq istəyən məzunun ən azı iki il stajı olmalı idi. Bu oğlanın isə cəmi 2 ay stajı çatmadığından tələbə ola bilmədi. O, ruhdan düşmədi. Hərbi xidmətə getdi, iki il Vətənin keşiyində dayandı. Hərbi xidmətdə də dinc dayanmadı, oradan müxtəlif məzmunlu məqalələrlə həm rus mətbuatında, həm də ölkəmizin yerli mətbuatında çıxışlar etməyə başladı. Əsgərlikdə olanda o dövrün avanqard qəzeti olan “Kommunist”də ilk yazısı çap edilmiş, bundan sonra qəzetin bir əməkdaşı məxsusi olaraq İsmayıllıya ezam edilmiş, bu oğlanla maraqlanmağa başlamışdı. Məlum olmuşdu ki, bu oğlan artıq Vətənin keşiyindədir. Gələn jurnalist atası və yerli “Zəhmətkeş” qəzetinin şöbə müdiri Bəybala Babayevlə görüşmüş, hər ikisinə də onun gələcəkdə kamil, peşəkar jurnalist olacağına inamını bildirmişdi. Hərbi xidmətdə olduğu dövrlərdə onun səsi-sorağı Azərbaycana gəlib çatdı. Hərbi xidmətdən sonra da qələmi yerə qoymadı, yazmağı davam etdirdi, yerli qəzetin səhifələrində yazıları göründü, tezliklə qəzetin ştatdankənar müxbiri kimi kəndbəkənd gəzməyə, materiallar toplamağa başladı. O dövr üçün ştatdankənar müxbir kimi fəaliyyət göstərmək mühüm hadisə sayılırdı. Bəli, yaza-yaza bir də gördü ki, BDU-nun tələbəsidir, jurnalistika fakültəsinə qəbul olunub, jurnalist kimi auditoriyaya qədəm basıb.
BDU-ya daxil olduğu gün hamıdan çox bəlkə də bu oğlan sevinirdi. Çünki çoxdankı arzusuna çatmışdı, artıq tələbə idi. Tələbəlik dövründə də qələmi yerə qoymayan bu gənc artıq ölkə mətbuatında çıxış etdi, hətta o dövrün ilk milli media orqanı olan “Ədalət” hüquq qəzetində çalışmağa başladı. Korrektorluqdan məsul katibliyədək yüksələn bu oğlan qəzetçiliyin sirrlərini öyrənməyə, mükəmməl yazmağın vərdişlərini mənimsəməyə, eyni zamanda jurnalistikanın prinsiplərini gözləməyə başladı. Həmin dövrdə Aqil Abbas, Mehman Cavadoğlu, Faiq Qismətoğlu, Lətif Süleymanlı, Məhəmmədəli Mustafayev, Babək Abiyev, Aydın Ağazadə, Nazim Ağamirov, Ədalət Teymurlu, Əbülfət Mədətolu, Məzahir Əhmədov, Adil Şirin kimi qələm sahibləri ilə eyni sahəni bölüşmək səadəti qismət oldu bu cavan oğlana. Gündən-günə öyrənməyə cəhd edən bu gənc jurnalist tədricən püxtələşməyə başladı… Burada çalışdığı dövrlərdə başqa mətbuat orqanlarında özünün maraqlı yazıları ilə çıxış edir, təzə pərvazlanan qəzetlərə özünün xeyir-duasını verir, bacardığı köməkliyi əsirgəmirdi. İstəmirdi ki, ona müraciət edən kimsə narazı qalsın, umu-küsü etsin. Bununla da jurnalistika onun taleyinə çevrildi. Ya da taleyi yazılarla yazılmağa başladı. Bu tale bəzən ona amansız, qəddar oyunlar oynadı, bəzən çətinliklər yaşatdı, bəzən itkilər verdi, bəzən də nailiyyətlər yağdırdı, uğurlarını bol etdi. Necə deyərlər, taleyi gah üzünə güldü, gah da ağlatdı onu. Gah verdi, gah da aldı… Heç vaxt heç nəyi tam olmadı. Hətta məşhur jurnalist olandan sonra da həyatında həmişə biri var oldu, biri yox…
60 illik yubileyinin işığına toplaşdığımız oğlanın adı Daşdəmirdir. “Azərbaycan” qəzetinin əməkdaşı Daşdəmir Əjdəroğlunu “Ömür səhifə”lərini vərəqlədikcə bütün həyatı boyu varla yoxun mübarizəsinin şahidi olursan. Bu nurani, həlim, ipək kimi insanla söhbət etdikcə yaddaşında üstünü toz basmış xatirələrini silkələyirsən, uçmağa yer tapmadığı zamanlarını acısını oyadırsan. Unutmaq istəsə belə, iliyinə qədər keçən ağrıları, qəlbindəki böyük iztirabları bir daha xatırlamalı olursan. Biz də onu 60 illik ömrün dolanbaclarında xəyalən yenidən gəzdirməli olduq…
Hazırda əmək fəaliyyətini Milli Məclisin orqanı sayılan “Azərbaycan” qəzetində davam etdirir. Bunadək ölkəmizin aparıcı qəzetləri ilə əməkdaşlıq etmiş Daşdəmir Əjdəroğlu bir neçə qəzetin baş redaktoru olmuş, 100-ədək qəzetin çapına xeyir-duasını vermişdir. İndiyədək 5 min maraqlı məqaləsi ilə oxucuların görüşünə gəlmiş D.Əjdəroğlu 3 samballı kitabın müəllifidir, xeyli kitabın redaktoru olub və Ön sözünü yazıb. Bu da onun məhsuldar jurnalist olduğunun və öz peşəsini sevdiyinin göstəricisidir.
Daşdəmirsevərlər
DOSTLAR DAŞDƏMİR HAQQINDA
İsmayıllı ziyalısı, təcrübəli pedaqoq Hacıməmməd MƏMMƏDOV:
“Daşdəmir Əjdəroğlunun özündən əvvəl imzasını tanımışam. Sonralar müxtəlif tədbirlərdə iştirak edib, görüşmüşük. Onun son dərəcə işgüzarlığını, sadəliyini, seçib-seçildiyi jurnalist peşəsini hər an böyük məsuliyyətlə, vicdanla yanaşmasını, xüsusilə gənclərlə diqqət və qayğısının şahidiyəm.
Mənəvi keyfiyyətləri ilə seçilən kamil insanlar dünyagörüşü, sözü, fikri, düşüncə tərzi ilə həm də yetişdikləri mühiti və ailəni, bəzən isə zamanı qabaqlayaraq gələcəyi ifadə edirlər. Yəni insan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu təbiətin, habelə əhatə olunduğu ictimai, elmi-mədəni mühitin də rolu az olmamışdır. Daşdəmir Əjdəroğlunun mənalı ömür yoluna nəzər salanda bu həyat həqiqəti bir daha öz təsdiqini tapır”.
Əməkdar jurnalist Şəmsiyyə KƏRİMOVA:
“… Sən çox gözəl insansan, hər kişidə sənin ürəyin kimi ürək yoxdur. Çox kövrək, hamının dərdinə şərik olub ağlayanla ağlayan, gülənlə gülən bir dostsan. Allah bu qəlbini sənə çox görməsin. Elə bizə də, səni sevən dostlara da…”
“Ədalət” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Faiq QİSMƏTOĞLU:
“… Bu dünyada çox adam tanımışam, çoxlu dostum, tanışım olub. Və onlar hardasa, bir- birilərinə oxşayırlar, bir-birilərinə bənzəyirlər… Amma bir dostum var, heç kimə bənzəmir və elə özünə oxşayır. Axtarmışam ki, görəsən onun kimi bir adam varmı! Görmüşəm ki, onun səmimiyyətdən, onun ürəkdə, onun şirinliyində adam yoxdu… Bilirsiniz , niyə?! O, ailəyə, evə , yaxına və ürəyə buraxılmalı insandı..
Bu dünyada adam çoxdu, ancaq insan adam azdı. Bax mənim 35 ildir ki, tanıdığım Əjdər kişinin oğlu Daşdəmir qardaşımız belə bir dostdur. Ona dost demək olar , çünki o, dostluqda çox sədaqətlidir.Mən onun kimi insanlara təmannasız yaxşılıq eləyən ikinci bir adam tanımıram. Daşdəmir o qədər tanıdığı və tanımadığı adamlar yaxşılıq edib ki! Birini işə düzəldib, birinə arxa durub, birinin də qəzetini hazırlayıb çap etdirib və bundan ləzzət alıb. Amma ən böyük pislikləri də yaxşılıq elədiyi adamlardan alıb. Və buna baxmayaraq, yenə həmin adama yaxşılığından qalmayıb. Bunu ancaq o edə bilər. Şəxsən mən bacarmaram. Onu görə də mətbuat aləmində Əjdər kişinin oğlu Daşdəmiri ( Daşdəmir Əjdəroğlunu) hamı çox istəyir…”
“Neft daşları” qəzetinin baş redaktoru, “5 qardaş”dan biri Xeyrulla AĞAYEV:
“Bu gün əziz dostum, qardaşım, pak və məsum İNSAN, istedadlı qələm əhli, tanınmış jurnalist, şair, doğma yurdun təkrarsız təəsübkeşi, təmənnasız insan, şən zarafatlarıyla bizlərə gülüş bəxş edən təmiz qəlbli DAŞDƏMİR ƏJDƏROĞLUnun (Tağıyev) 60 yaşı tamam olur!.. Ürəkdən təbrik edirəm ürək dostumu, can sağlığı, uzun ömür və təbii ki- sevgi-məhəbbət arzulayıram 40 illik tale qardaşıma… Sənə DAŞ və DƏMİR kimi möhkəm, uzunömürlü və faydalı ÖMÜR arzulayıram!..
Yazıçı, jurnalist, şair, “5 qardaş”dan biri Təranə CƏBİYEVA:
“Sənətinin sonsuz məhəbbətlə vurğunu olan Daşdəmir Əjdəroğlu özünə müqəddəs saydığı jurnalistikanı son dövrlərdə nüfuzdan salanları haqlı olaraq sərt yazılarla mətbuatda ifşa edir. O, prinsipial jurnalist mövqeyi ilə bu dövrə kimi toxunduğu mövzularda cəmiyyətimizdə təzahür edən müxtəlif anormal halların aradan qaldırılmasına nail olmuşdur. Daşdəmir hər birimizin qayğısını çəkir, kimin bir uğuru olsa, ona dərhal sevinir və onun haqqında geniş məqalə hazırlayır, onu hər yerdə tanıtdırır. El arasında belə bir ifadə var: “Filankəsin üzündə Allah nuru var”. Bu ifadəni o kəslər haqqında deyərlər ki, həmin insanlar ömür boyu xeyirli işlər görsünlər. Çöhrəsində xeyirli əməlləri təcəssüm etdirən Daşdəmir də bu cür insanlardandır. Doğrudan da onun həyat fəlsəfəsi şox sadədir: insan insana himayə göstərməli, qohumluqdan, dostluqdan asılı olmayaraq hami bir-birinə həyan olmalıdır, dayaq durmalıdır. Şərt o deyil ki, maddi cəhətdən kiməsə nə isə edəsən, kiməsə bir hədiyyə alasan, nə iləsə sevindirəsən. Bərəkət o yerdə olur ki, orada insanlar bir-birinin yaxşı yaşamasına, bir-birini yaxşı tanımasına, problemlərinin həllinə çalışır. Bu da Allahın, Peyğəmbərimizin bizlərə tövsiyyəsi, tapşırığıdır”.
“Neft daşları” qəzetinin əməkdaşı, “5 qardaş”dan biri Bəhruz MƏMMƏDOV:
“Dost sözü çox şaxəli və dərin mənalıdır. Arasında qan bağı olmayan bu bağlılıq bəzən möhkəm və əbədi olur. Özümüzdən asılı olmayan səbəblərdən hərdən ailə üzvlərindən uzaqda yaşamağa məcbur oluruq. Lakin xasiyyətimizə, dünyaya baxış tərzimizə uyğun olaraq düşdüyümüz mühitdə özümüzə yaxın birini tapırıq. Elə insan ki, pis və yaxşı günlərində daim yanında olur, səsləyəndə köməyinə çatır. Həmin insan dost adlanır. “Dost dar gündə tanınar”, “Dostun versə qum, al ovcunda yum!”, “Dost yolunda can qurban” və digər atalar sözləri dostluğun nə qədər dəyərli olduğunun göstəricisidir. İnsan həyatı boyunca müxtəlif mühitlərdə fərqli dostlar qazanır. Bunların sırasında bağçada, həyətdə birgə böyüdüyümüz, məktəbdə bir sinifdə təhsil aldığımız, bir məkanda çalışdığımız, eyni ərazidə doğulduğumuz insanlar var. 60 il ömür sürmüş Daşdəmir Əjdəroğlu isə mənim hərtərəfli dostumdur. Onun haqqında saatlarla, günlərlə danışsaq, yazsaq bəs eləməz. Odur ki, bu məqamdan istifadə edib əziz və istəkli qardaşımızı 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı arzulayıram”.
“Xəbərlər agentliyi.com” xəbər portalının rəhbəri və baş redaktoru, “5 qardaş”dan biri Yusif MƏHƏMMƏDOĞLU:
“… Minlərlə publisistik məqalənin, çoxsaylı kitabların müəllifi və redaktorudur. Onun imzası – səliqə, məsuliyyət və dərin daxili mədəniyyət deməkdir. Ədəbi dilə, milli dəyərlərə və insani münasibətlərə yüksək səviyyədə riayət edən Daşdəmir Əjdəroğlu həm də yetişməkdə olan gənc jurnalistlərə örnəkdir.
Onun zəhmətkeşliyi, insanlara münasibətdə ədalətli və səmimi davranışı, eləcə də hər bir yazıya göstərdiyi məsuliyyət təkcə peşəkarlıq deyil, şəxsiyyət mədəniyyətidir. Yaxınları, dostları onu sadəcə jurnalist kimi yox, həm də dürüst və təmkinli insan kimi tanıyır, dəyərləndirirlər”.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd DAĞLAROĞLU:
“… Taleyinə yazılanları yaşadı bu oğul. Yaşaya-yaşaya üzləşdiyi çox şeylər oldi. İtirdi də, qazandı da…
Özünün dediyi kimi – ən dəyərli qazancı itirməkdən qorxduğu dostlarıdır. O dostlardan – qardaş, – deyə səslədiklərindən biri ozümü sayıram və bu əlamətdar zaman kəsiyində qardaşım DAŞDƏMİRİ xoş arzularla, ürəkdən təbrik edirəm!
Əl qabiliyyətim bir qədər yüksək olsaydı, qardaşımın portretini çəkər və DAŞDƏMİRİ sevənlərlə bölüşərdim…”
“Azərbaycan” qəzetinin əməkdaşı Tünzalə XƏLİLOVA: “60 yaş – bir ömrün sözə çevrilmiş salnaməsidir. Peşənə sadiqliyin, qələminə dürüstlüyün, sözə və həqiqətə olan ehtiramınla sən nəinki jurnalistikamızın, həm də dostluğun, əxlaqın, müdrikliyin örnəyisən.
Bu 60 illik yol – zəhmətlə, şərəflə, səbirlə addımlanmış bir həyat yoludur.
Bundan sonra da yolun açıq, qələmin iti, ruhun gümrah olsun!
Yeni yaşın sənə sağlamlıq, ruh rahatlığı,
yaradıcı ilham və qələm sevinci gətirsin.
Yaxşı ki varsan, yaxşı ki sənin kimi dostumuz var!”
,,Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin sədri, sadiq dost Şəhla XƏLİLQIZI:
“Yaxşı insan olmaq üçün özün yaxşı olasan, yaxşı işlər görəsən, yaxşı əməl sahibi olasan ki, eldən bərəkallah ala biləsən. Eldən, obadan o bərəkallahı qazanmaq üçün gərək gözəl qəlbin ola, insani keyfiyyətlərin ola, necə ki, öz jurnalist mövqeyi ilə səmimi dostluğu ilə hər zaman öndə gedərək nümunəvi dostumuz Daşdəmir (müəllim) Əjdər oğlu Tağıyev kimi yaxşı Vətənsevər, el təəssübkeşli oğlu olasan, yaxşı dost olasan, yan-yörən yaxşı dostlarla dolu olsun, onlar da onda örnək alsın. Mənim sadaladıqlarım tanıdığımdan bu günə kimi Daşdəmir müəllimdə cəmləşdiyinin şahidiyəm. Onu tanıdığım gündən bu yana bir igidin ömrü çalı illər ötüb. Odur ki, mən Daşdəmir müəllimi özümə bir doğma əzizim, böyüyüm, bir ağsaqqalım bilmişəm hər zaman, onun tövsiyələriylə yeni-yeni ilklərə imza atmışam. Onun dostcanlı bir insan olduğunu “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin üzvləri çox yaxşı bilirlər. Çünki onlar da Daşdəmir müəllimin məsləhətlərindən faydalanırlar. Daşdəmir müəllimin insanlarla münasibətində böyük bir müdriklik, danışıq tərzi var, insanlarla davranışında bir müəllim kimi yol göstərməklik var. Odur ki, insani keyfiyətlər hər zaman ucada durur”.
İsmayıllı RİH-nin Basqal qəsəbəsi üzrə icra nümayəndəsi Novruz ƏSƏDOV:
“Əziz qardaşım, istedadlı yazar, gözəl insan Daşdəmir müəllim! Sizi Doğum gününüz,həm də 60 illik yubileyiniz münasibətilə səmimiyyətlə təbrik edir, ən xoş arzularımı bildirirəm. Sağlamlığınız, sadəliyiniz, səmimiyyətiniz, istedadınız tükənməsin.
100 yaşayın! Yazın,yaradın!”
“Paralel” qəzetinin əməkdaşı Yusif SEYİD:
“Əjdər kişi oğlu Dasdəmirə elə tərbiyə verib, elə yetişdirib ki, o, həyatımda tanıdığım ən səmimi və dürüst insanlardan biridir. Daşdəmir elə bir insandır ki, onun vətənsevərliyi, insansevərliyi, səmimiliyi və dürüstlüyü ilə tam bir vəhdət təşkil edir.
Doğrusunu deyim ki, onun nə vaxtsa əsəbiləsdiyini, görməmişəm, is vaxtı istisnadır. Qəzetçilik elə bir işdir ki, əsəbiləşmədən olmaz. Həyatının ən ağır günlərində belə, onun nədənsə narazılıq etdiyini də ğörmədim. Bu da Daşdəmirin Allaha iman gətirərək təvəkkül etməsindən doğan şükranlıq hisslərindən irəli gəlir.
Daşdəmir qardaşım elə bir insandır ki, onunla qarşılaşan hər kəs ondan güclü müsbət enerji alır. Bunu dəfələrlə özünə də demişəm, Bir vaxtlar mənim zarafatlarımdan cınrayan Daşdəmir indi özü də zarafatsız ötüşə bilmir. Çünki insanın bəzən səmimi zarafatlara da ehtiyacı olur”.
Qəlb dostu, həmyerlisi, keçmiş dövlət qulluqçusu Tahir RƏCƏBOV:
“… Ömür yaman vəfasızdır. Elə tez sürətlə gəlib keçir ki, bir vaxt baxırsan ki, bəli, ömrün ahıl çağına doğru gedirsən, amma hələ istədiyin kimi yaşaya bilməmisən, hələ görüləsi nə qədər işlərin qalıb.. Daşdəmir dünən qara, gursaçlı gənc bir oğlan idi, bu gün isə 60 yaşı tamam olur. O, şərəfli, ləyaqətli bir ömür yaşayıb indiyə qədər və həm respublikada, həm də doğma rayonumuzda böyük hörmət qazanıb, adını, imzasını tanımayan yoxdur.
– Daşdəmir, bu gün sənin ad günün, şad günündür. İnsan doğulur, böyüyür və bir şəkildə yaşamağa davam edir. Amma bəzi yaşlar var ki, dönəm nöqtəsi olaraq götürülür. Sən artıq həmin yaşda, müdriklik yaşındasan. Heç bir zaman üzülməyəcək, yıxılmayacaq yaşa gəldin. Zaman irəlilədikcə insanın həyata dair yeni fikirləri, fərqli baxışları olur. Bu yeni yaş günündən sonra həyata daha dolğun, daha müdrikcəsinə baxacaqsan… Üzülmə həyat tez keçir deyə. 60 yaş nədir ki..? Yaşın neçə olursa-olsun, hər şeyin ən gözəli səninlə olsun. Hər zaman üzün gülsün, doğum günün mübarək!”
Keçmiş poliqrafçı, yubilyarın yaxın dostlarından biri Nüsrət QULİYEV:
“Uzun müddət bir sahədə çalışmışıq. O, qəzet redaksiyasında, mən də mətbəədə – qəzetlərin hazırlandığı bir məkanda. Əlaqələrimiz sıx olub, dostluq münasibətlərimiz bu gün də davam edir. Bu dostluq niyə indiyədək davam edir? Ona görə ki, ikimiz də səmimi insanlarıq. Səmimiyyət olmayan yerdə dostluq, yoldaşlıq davam edə bilməz. Daşdəmir tığsız balıq kimidir. Mən də yubilyarı təbrik edirəm, ona çinar ömrü arzulayıram”.
Jurnalist, “İnşaatçı kadrlar” qəzetinin baş redaktoru Akif HACIYEV:
“Qələmi iti, sözü kəsərli Daşdəmirin qələmə aldığı yazılarında həmişə bir cəhətə fikir vermişəm. Onun hansı yazısını oxusaq görərik ki, orada ədəbi dil normalarına, orfoqrafiya qaydalarına tam əməl olunur.
Qəzet işində çalışanlar yaxşı bilirlər, redaksiyanın məsul katiblik deyilən bir şöbəsi var. Orada qəzetə qoyulacaq yazılardan tutmuş fotoşəkillərə və digər illüstrasiya materiallarınadək hamısı nəzərdən keçirilir, ölçülub-biçilir. Daşdəmir Əjdəroğlu çalışdığı bu şöbənin işini də peşəkar bir poliqrafçı kimi çox gözəl bilir.
Daşdəmirlə mənim tanışlığım “Azərbaycan” (köhnə “Kommunist”) nəşriyyatından başlayır. Bu nəşriyyat vaxtilə böyük bir məktəb idi. Biz burada jurnalistlərlə, poliqrafçılarla tanış olardıq, dostlaşardıq, hal-əhvallaşardıq…
Böyük rus yazıçısı F.M. Dostoyevskinin gözəl bir kəlamı yadıma düşdü, o, deyərdi: Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq. Bəli, biz də hamımız “Azərbaycan” nəşriyyatının o haylı-küylü, izdihamlı mühitindən çıxmışıq.
İnsanda ən çox xoşuma gələn xüsusiyyət sadəlikdir, təvazökarlıqdır. Bax, köhnə dostum Daşdəmir Əjdəroğlunda da bu sadəlik, təvazökarlıq var. Odur ki, ona, onun şəxsiyyətinə həmişə böyük hörmətim olub və bu gün də var…”
“Azərbaycan” qəzetinin müxbiri Züleyxa NADİR:
“60 keçmişlə bu günün üz-üzə gəldiyi bir yaşdı. 60 məhəbbətin şəfqətə və mərhəmətə, eləcə də humanist duyğuların çoxalmasına səbəb olan bir yaşdı.
60 hər atılanda qoşa şeş düşməyən zərdir. Amma bu zərin 60 min hiyləsinə uymayan, toruna düşməyən bir ömrün daşıyıcısıdı 60.
60 dopdolu bir ömür, 60 min yaşanmış öyüd, başı göylərə yüksələn söyüddü. Amma sənin 60-ın Günəşdən nur alan uca qamətli çinar olsun. Ətrafa kölgə salan, hər kəsin bu gözəlliyə tamaşa etməkdən zövq almasına şərait yaradan Çinar Ömrü sənin taleyinin naxışı olsun. Səsin, sözün ucalardan gəlsin!
60 parlaq işıqdı. İşığınız sönməsin, Gözıl İnsan! Qalan ömrün də bu işığın nuruna boyansın!”
“Azərbaycan” qəzetinin müxbiri Elşən QƏNİYEV:
“Sən Tanrının bizə – dostlarına lütfüsən. O insanlardansan ki, hər zaman adın çəkiləndə, “o mənim dostumdur, qardaşımdır” ifadəsini ürəklə çəkə bilirik. Əməllərinlə, saflığın və səmimiyyətinlə elə hörmət qazanmısan ki, qəti şübhə yeri qalmır ki, Daşdəmirin adı çəkiləndə yalnız xoş söz eşidəcəksən. Qəti olaraq yalnız adam bir şey düşünür ki, ətrafında olanlar da səni “Daşdəmir müəllim mənim də dostumdur”, – deyəcəklər. Elə bir zamanda yaşayırıq ki, indi hamının dostu olmaq çox çətindir. Bəlkə də dünyanın tək adamısan ki, səni tanyanların hamısı, özü də qürurla, iftixarla “Daşdəmir mənim də dostumdur” deyə bilir. Səni insanlara sevdirən təmənnasızlığındır. Mən sənə ayna adam da deyərdim. Səninlə təmasda olanda adam özünü görə bilir,sənin kimi olmaq istəyir. Bu dünyanın bəlkə də ən ağır işi sənin kimi Adam olmaqdır: canıyanan, qayğıkeş, dürüst və vicdanlı… Sən o adamlardansan ki, adam səninlə danışanda saflaşır, ruh rahatlığı tapır. Xatırlayırsansa, ilk dəfə komsomol işçilərinin respublika toplantısında tanış olmuşuq. Arzuların atını köndələn çapan gənclər idik. İllər ömür karvanının ovsarını 60-a qədər çəksə də, xarakterində, səmimiyyətinda, saflığında heç nə dəyişməyib. Ürəyin süd kimidir. Həmin ürəyitəmiz, dostun uğuruna sevinən, olduğu kimi qalan, göründüyü kimi olan gözəl ürəkli Daşdəmirsən. 60-ın mübarək olsun, dünyamızın ən mübarək insanı! Səninlə bir yerdə işləmək də, dostluq da, qardaşlıq da şərəfdir. İnsanlığa baş tacı olan, dostluğa ziynət insan, çox yaşa. Ömrün ardı daha gözəl gəlsin”.
“Ədalət və Həqiqət” qəzetinin baş redaktoru, “Turaz.TV” saytının rəhbəri Cəmil ZƏBHULLAOĞLU:
“Yaxşı insan hər kəs üçün nemətdir. “Necə olsa, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək, bu cür insanların xoş niyyətlərindən sui-istifadə etmək Quran əxlaqına və vicdana uyğun deyil.
Cahiliyyə cəmiyyətlərində yaxşı insanlara qarşı çox yanlış və mərhəmətsiz bir baxış hakimdir. İnsanlar gözəl əxlaqlı şəxslərin əxlaqlarından dönmədiyini bildikləri üçün onların bu xüsusiyyətlərindən sui-istifadə etməyə çalışırlar. “Necə olsa, bu insandan mənə zərər gəlməz”, “O, buna bir şey deməz”, “Necə olsa, nazım keçər”, “Mən nə etsəm də, pisliklə cavab verməz”, “Səbirli və əfvedici davranar” və ya “Bir şey olsa, mən bu insanı çox asanlıqla idarə edərəm, rahatlıqla istədiyimi etdirə bilərəm” kimi bir baxışla bu cür insanların yaxşı niyyətlərindən istifadə edirlər.
Haqqında bəhs etdiyim İNSAN da yaxşı niyyətli, təmiz əxlaqlı, mərhəmətli və sözün həqiqi mənasında, ZİYALIdır. Bu sözləri niyə böyük hərflə yazdım? İzahını verməyə çalışacağam. Bu İNSAN, ZİYALI Daşdəmir Tağıyevdir”.
Yazıçı, jurnalist Rahib KƏRİMLİ: “Daşdəmir Əjdəroğlu həmçinin, sözün əsl mənasında, ömrün ən dəyərli anlarını doğrudan da əsl insan, əsl şəxsiyyət olmaq üçün yaşayıb, – desək səhv etmərik. Onun daxili aləminin portretini cızarkən, doğrudan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğunun, ən xırda detal və ştrixlərin dəyərli insan Daşdəmir Əjdəroğlunun daxili aləminin ən dərin qatından baş qaldırdığının, cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahidi olursan. Doğrudan da insana onun layiq olduğu dəyəri verəndə həmin dəyərin çəkisinin ağırlığı, nə qədər çox baha və ağır gəldiyini görürsən.
Daşdəmir Əjdəroğlu da respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi jurnalistlərdən, bacarıqlı, əsl işgüzar insanlardandır. Onun günümüzə qədərki cəmiyyət həyatı, ictimai sfera və əmək fəaliyyətinə nəzər salsaq, zəngin və rəngarəng panoramanın şahidi olarıq. Vətən, xalq və dövlət qarşısandakı xidmətlərinin silsilə şəklində artan dinamik inkişaf mərhələsi, bu insanın layiqli vətəndaş statusu qazanmasına bir daha müsbət stimul verən amillər sırasındandır. Bütün bu akademik göstəricilər, işgüzar, potensial, kreativ, ictimai düşüncəyə malik bir insanın, ölkənin bir nömrəli rəsmi qəzetində tutduğu prinsipial mövqeyi, düz, səlis, aydın, ürəkaçan fəaliyyəti ilə müşahidə ediləndir.
İnsan həqiqətən də əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir”.
Müstəqil jurnalist Pünhan ŞÜKÜR:
“Dostum, qələmdaşım Daşdəmir Əjdər oğlu Tağıyevin (Daşdəmir Əjdəroğlu) bəxti həm də o cür istəyib ki, qədim və şanlı tarixə, əsrarəngiz təbiətə malik, rəngarəng mədəniyyət və sənətkarlıq ənənələri daşıyan bölgələrimizdən olan İsmayıllı rayonunun Basqal qəsəbəsində dünyaya göz açıb. Üstəgəl, əsli-nəcabəti ilə seçilən, nümunəvi əxlaqları ilə fərqlənən, halal zəhmətləri ilə tanınan valideynlərin ailəsində.
Taleyin var-dövləti əsirgəmədiyi çox adam var ki, inadla heç kəsə yaxşılıq etmək istəmirlər. Bu, onların xəsisliklərindən deyil, qismətinə qail olan insanlara paxıl və kinli münasibətlərindən irəli gəlir. Amma Daşdəmirin xoşbəxtliyini səciyyələndirən bir əsas cəhət də nəsibinə düşən mənəvi zənginlikdən öz işıqlı aurası, savab əməlləri ilə çevrisindəkilərə pay verməyə çalışması, ətrafına işıq saçmasıdır. Xüsusən də dostlara qarşı səhər mehi kimi həzindir. “Sevinc paylaşdıqca artır, kədər bölüşdükcə azalır” prinsipinə daim sadiq qalan Daşdəmir Əjdəroğlu qohumcanlı, dostcanlı, sözübütöv insandır, xeyirdən-şərdən qalmır, köməyinə ehtiyacı olan şəxslərə əlindən gələn yardımı əsirgəmir”.
“Azərbaycan” qəzetinin müxbiri Zəkurə QULİYEVA:
“Daşdəmirin iki vəsiqəsi var, birincisindən saatlarla danışa bilərəm. İkincisindən isə danışmağa ehtiyat edirəm. Daşdəmirin ikinci adı səmimiyyətdir. Ona görə ehtiyat edirəm. Gərək söylədiyim hər kəlmə onun boyuna biçilsin. Nə ölçüsündən böyük, nə də kiçik olsun. Əslində Daşdəmirin peşə fəaliyyəti haqqında hələ az yazılıb, az deyilib. Amma mənim fikrimcə bütün peşələrin ustası, peşəkarı olmaq mümkündür və bu, o qədər də özəllik deyil. Əsl özəllik insanlığın peşəkarı olmaqdır, yəni bilik vacibdi, lakin insan olmaq ondan da vacibdi…
Mən insanlığın peşəkarı olan Daşdəmirdən yazmaq istəyirəm. İllərdir “dostum, kardaşim” dediyim Daşdəmir Əjdəroğlundan. Daşdəmir əsl ziyalıdır, sadədir, səmimidir. Fərqli biridir.
Etiraf edək ki, çoxlarımız bəzən iş yerlərimizi, bəzən də guya nüfuzumuzu qorumaq üçün kraxmallanmış, ütülənmiş kimi görünməyə çalışırıq. Daşdəmirin xoşbəxtliyi ondadır ki, harada olmasından, hansı mövqedə dayanmasından asılı olmayaraq dəyişməzdir, özüdür. Xeyirxah, mərhəmətli, yaxşılıqdan zövq alan, iş vaxtı məsuliyyətli, zəhmətkeş, yaxşıya-pisə fərq qoymadan tikəsini hamıyla bölüşəndi Daşdəmir… Hər adamın işi deyil, 60 il yaşayıb özü üçün yaşamamaq, başqaları üçün yaşamaq. Hər adamın işi deyil, taleyi üzünə gülməyəndə belə, dünyanı gözəl görmək, insanları sevməyi bacarmaq, xeyirxahlıq niyyətlərini itirməmək…
O qədər safdır, o qədər sadədir ki, Daşdəmir Əjdəroğlu – bəzən bununçün ona irad tutanlar da olur. Amma o kəslər anlamırlar ki, onun sadəliyi əsl əsalətdir. Düşünürəm nə yaxşı ki, belə bir səmimi insanla bir yerdə çalışıram. O, bizim iş yoldaşımızdır… Amma yenə deyirəm səmimi insanlar haqqında söz yazmaq çox çətindir, çətin olduğu qədər də xoşdur, gözəldir…”
İsmayıllı ziyalısı Yaşar NURİYEV: “Daşdəmir müəllim doğrudanda çox səmimi insandır. Nə qədər yaxşı söz deyilsə, yazılsa ona yaraşır.əziz dostum 100 ildən çox sağlam yaşa”.
İsmayıllı ziyalısı Vidadi BAYRAMOV:
Altmışı şərəflə vurdun başa
Daim sadiq oldun dosta , qardaşa
Daşdəmir yubileyin mübarək olsun !
Həmişə sağlam və firavan yaşa …
Şair-publisist, Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı Şərafəddin İLKİN:
“Uzaqlardan baxıram – Almaniyadan, amma gözlərimdə hələ də Basqalın daşlı küçələri, qəlbimdə isə o küçələrin ruhunu daşıyan bir insan: Daşdəmir Əjdəroğlu. Adı kimi möhkəm, özü kimi təmiz, yazdığı kimi dürüst…
Bu gün o, ömrün 60-cı pilləsini arxada qoyub. Amma onun üçün yaş sadəcə bir rəqəmdir. Onun əsl yaşı – qələminin yazdıqları, vicdanla keçirdiyi ömür, sədaqətlə qoruduğu dəyərlərdir. O, ömrünü sözə bağlayan, sözü ömrə çevirən adamlardandır.
Ona “mətbuatın fəhləsi” deyirəm – çünki o, bu sahənin həm daşını çəkib, həm də işığını yandırıb. Sözə təmtəraq verməyib – əvəzində sözü adam eləyib. “Qızıl qələm” verilməyib ona – çünki özü o qələmin özüdür: halaldan yazan, halalla yaşayan.
Dostluğumuzun 40 ili geridə qalıb. Amma bu illər içində nə bir inciklik, nə bir küsgünlüyümüz olub. Həmişə səmimiyyətlə görüşüb, ürəkdən hal-əhval tutmuşuq. Əsl dost budur: dar günündə yanında olan, dərdini sən deməmiş anlayan, təskinlik əvəzinə ürəyini verən. Daşdəmir özünü düşünmədən başqasını yaşadan insanlardandır.
Bu gün onun yanında ola bilmədiyim üçün qəlbimdə bir sızı var. Amma bilirəm, bizə söz yetər – çünki dostluğumuz sözlə başlayıb, sözlə böyüyüb. Söz bizim körpümüz olub, bu gün də körpü kimi birləşdirir bizi.
Daşdəmir – İsmayıllının təbiəti kimi saf və möhkəmdir – sanki dağların dilsiz müdrikliyini, bulaqların tükənməz axarını, meşələrin təmkinli nəfəsini özü ilə daşıyır. O, fəsillər kimi dəyişmir, əksinə, hər fəsildə bir dəyər bəxş edir ətrafına – payızda təmkin, qışda sükut, yazda yenilik, yayda işıqlı istilik gətirir. Daşdəmirin təbiəti də elə doğulduğu torpaq kimidir – təkəbbürsüz, qüdrətli, səmimi, köklərinə bağlı və sadə gözəlliklərlə doludur.
O, yazdığı hər cümləyə vicdan qatıb, danışdığı hər kəlməyə ömür verib. Qələmi kağızla yox, insanla danışıb. Yazdıqları oxunmaq üçün deyil, yaşanmaq üçündür. Ona görə də Daşdəmir Əjdəroğlunu tanıyan hər kəs, sanki onu oxuyaraq yox, yaşayaraq tanıyıb.
Altmış yaş nədir ki… O, illəri yaşlanmaq üçün deyil, işıq saça-saça yaşamaq üçün keçib. Hər yaşında bir işıq, hər addımında bir iz qoyub. Bu gün uzaqlardan olsa da, ürəyimdə o daşlı Basqal küçələrinin səsi, o səslərin içində Daşdəmirin gülər üzü, səssiz hikməti yaşayır.
Qırx il bir ömrə dəyər – əgər o ömür dost kimi Daşdəmirlə paylaşılırsa…
Və bu ömrün hər səhifəsində tək bir söz yazılıb: ETİBAR!!!
Ad günün mübarək, sözün, özün kimi təmiz insan!”
Bizcə, əlavə şərhə ehtiyac yoxdur. Sonuncu söz söyləyən Şərafəddin İlkinin dəyərli fikirləri yubilyar haqqında yazımızı tamamlayır.
“Vətən övladı” qəzetinin baş redaktoru Elxas COMƏRD:
“DAŞDƏMİR
Dərdini heç kimə etibar etməz,
Sevincin pay verər dosta Daşdəmir.
Onu tanıyandan belə görmüşəm,
Tərpənər, danışar asta Daşdəmir.
Sevər, sevgi ilə basar bağrına,
Yaxşını heç zaman qoymaz ağrına,
Etibar etdiyi dost çırağına,
Allahdan nur dilər usta Daşdəmir.
Onda İsmayıllı təbiəti var,
Rəngarəng sərvəti, xoş niyyəti var,
Mehriban, gülərüz sədaqəti var,
İnsanlıq dəyəri, dəstə Daşdəmir.
Şahməmməd*qeyd etdi,gözəl anı da,
—”Halallıq iliyi, hətta qanı da,
Yaxşılar yaxşını gərək tanıda,
Ondan əsirgəmək olmaz canı da,
Can sənə qurbandı, istə Daşdəmir!”
Elxas, bu sevgidi gətirdin dilə,
Yaxşılar şükür ki, yaşayır hələ,
Deyirdin, hər zaman sən, gülə-gülə,
Çıxaydı yolunun üstə Daşdəmir.
*” İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunun əlavə etdiyi bənd.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir