Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisinə daxil olan və Qədim Qəbələ şəhərinin bir hissəsi sayılan Səlbir yaşayış yerində arxeoloji qazıntı işlərinə başlanılmışdır. Arxeoloji tədqiqatlarda yerli arxeoloqlarla yanaşı bir qrup Cənubi Koreyadan olan tədqiqatçılar da iştirak edirlər. Tədqiqatlar Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası çərçivəsində t.ü.f.d. Ceyhun Eminli və professor Kim Jongil-in rəhbərliyi ilə həyata keçirlir.
Qeyd edək ki, Səlbir ərazisində aparılan ilk tədiqatlardan 80 il keçməsinə baxmayaraq yaşayış yerinin müdafiə divarları ilə əlaqədar qaranlıq məqamlar qalmaqdadır. Bu səbəbdən builki tədqiqatların əsas məqsədi Səlbir yaşayış yerinin şimal–qərb hissəsindəki müdafiə divarı və qala bürcünün araşdırılmasına yönəlib. Bundan əlavə Səlbirin qərb müdafiə divarına yaxın hissədə də tədqiqatların aparılması nəzərdə tutulub ki, bu hissədə Antik dövrə aid katakomba tipli qəbirlərin müəyyən edilməsi istiqamətində də işlər görülməkdədir. Qeyd edək ki, Səlbir yaşayış yerində e.ə. 1-ci əsrdən eramızın 12-ci əsrinə qədər intensiv həyat olmuşdur ki, mədəni təbəqələrin ən alt qatlarında antik dövrə aid katakomba qəbirlər öz izlərini buraxmışdır.
Ərazidə arxeoloji tədqiqatlar avqust ayının sonlarına qədər dava ediləcəkdir.
MUASİRMEDİA.AZ