Həsən bəy Zərdabinin Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil alıb

Cəmiyyət
Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil alanda Həsən bəy Zərdabinin rus tarixçi-alimi Sergey Mixayloviç Solovyovla sıx münasibətləri yaranmışdı. Professorun evinə tez-tez gedib-gəlirdi.
S.M.Solovyov onda Universitetin tarix-filologiya fakültəsinin dekanı vəzifəsində çalışırdı (1871-ci ildən rektor olacaqdı). O, Şərq tarixi ilə maraqlanırdı. Ərəb-fars dillərini, Şərq fəlsəfəsini mükəmməl bilən qafqazlı tələbə alim üçün tapıntı kimi idi.
Mənbələrdə qeyd edilir ki, Həsən bəylə professorun qızlarından hansısa bir-birinə vurulublarmış. Münasibətlər ailə qurmağa qədər gedirmiş, son anda Zərdabi qeyri-müsəlman qızla evlənməyə tərəddüd göstərdiyindən bu sevdadan vaz keçir. İllər sonra Hənifə xanım Abayeva ilə evlənir.
Bir az araşdırdım ki, görüm Həsən bəyin sevgilisi kimmiş?! Aydın oldu ki, bu qız ancaq Vera Solovyova (1850—1921) ola bilərdi. Çünki S.M.Solovyovun 3 qızından ancaq onun yaşı belə bir münasibətə uyğun gəlir, qalanları Həsən bəydən çox kiçikdilər.
Zərdabi tələbə olanda Veranın təxminən 15 yaşı vardı. Bu ailədən çıxmış 6 uşaqdan 5-i sonradan məşhur adamlar kimi tanınıblar. Əfsuslar ki, təkcə Vera Solovyova haqqında çox az məlumat var. Həsən bəylə münasibətlər yarıda qırılandan sonra o, atasının yetirmələrindən tarixçi Nil Popovla ailə qurub. Vera həyat yoldaşından 17 yaş kiçik idi. O, Nil Popova həm şəxsi işlərində, həm də elmi fəaliyyətində böyük dəstək vermişdi. Onların 5 övladı olub. Övladlarının kimliyi barədə səhih məlumat yoxdur.
Həsən bəy Zərdabinin həyat və fəaliyyəti böyük bir serial üçün hazır ssenaridir. Belə serialla tariximizin əsrarəngiz bir dövrünün tam mənzərəsini yaratmaq olar. Çünki XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid elə bir əhəmiyyətli hadisə, şəxsiyyət yoxdur ki, Həsən bəy Zərdabi adı ilə onun arasında bağlantı yaranmasın. İndiki zamanda, xüsusən gənc nəsil üçün belə bir serial çox mühümdür.
İstəyən olsa, ssenarisini də müftə-müsəlləm yazmağa hazıram.

MUASİRMEDİA.AZ
Yadigar Cəfərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir