100 il Qafqaz şeyxülislamlıq institutuna şəhər salyanlı alimlər rəhbərlik ediblər-FOTO

Tarix
Hələ xanlıqlar dövrü indiki Salyan-Neftçala bölgəsinin mərkəzi Rudbar(hərfi tərcüməsi “böyük çay kənarı” olub Kür sahilində yerləşməsinə işarədir) mahalı idi.
 Rudbar alimlərinin nüfuz və sərvəti o qədər böyük idi ki, Rudbar qazısının qızını alan qubalı Hüseyn xan Salyandan irs apardı və xanlıqlar ləğv olunana qədər Salyan torpaqları Quba xanlarının mülkiyyəti olub. Lakin mülkün kimə məxsus olması önəmli deyil, torpağın sahibi oranın xalq arasında nüfuz qazanmış mənəvi şəxsiyyətləridir. Bizim Əli bəy Hüseynzadə də həmin nüfuzlu rudbarlı qazının soyundandır. Əli bəyin babası Əhməd Hüseynzadə Salyani 32 il Qafqazın şeyxi olub. Mirzə Fəthəli Axundov Əhməd Salyani haqqında yazırdı: “O, filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrən fərasətli bir adamdır. Coğrafiya, astronomiya, riyaziyyat, tarix və xüsusilə fiqh elm sahəsində, bütün Qafqaz ölkəsində Əhməd Salyaninin tayı-bərabəri yoxdur”. Məhəmməd Əmin Rəsulzadə kimi Əli bəy Hüseynzadə də ruhani zümrənin içindən çıxmışdı. Düşünmək, təhlil etmək üçün maraqlı məqamdır.
Tarixən Azərbaycanda şəhərlərimizin əsas adından başqa mütləq xalq arasında işlədilən digər ismi də olub. Darülmöminin(yəni, “mömin insanların yaşadığı məkan” ) Salyan şəhərinin ikinci adıdır. Nəzərə alsaq ki, 100 il Qafqazın mənəvi dünyası salyanlılar tərəfindən nizamlanıb, məncə, Salyan Darülmöminin adını daşımağa layiqdir.
Qısa olaraq şəhər Salyanı araşdırıb və təbii ki, gəzərək, yerli sakinləri danışdıraraq öyrəndiklərim haqqında. Şəhərin əsas yeddi məhəlləsi olub. Bunlar, Şilli, Seyidlər(Əli bəy Hüseynzadə Seyidlər məhəlləsidəndir), Qaracüzlü, Çındraməhəllə, Bərəağzı, Heyvalıq və Lütlər məhəlləsidir. Şəhərdə qala olmayıb, hər halda, hələ ki buna dair ipucu tapmaq olmur. Şəhər yaxınlığında Qalalı kəndi var, ehtimallara əsasən, toponim orada nə vaxtsa mövcud olmuş qala ilə əlaqədardır, lakin onun Salyan şəhərini qoruyan, yaxud, yol üzərində inşa edilmiş yüzlərlə müşahidə qüllələrindən biri olduğu məlum deyil. Şəhərin mərkəzində ərdəbilli memar Əliəkbərin inşa etdiyi Cümə məscidi yerləşir. Ərdəbil memarlığı ilə qoxan bu əzəmətli məscid 12 sütundan ibarətdir, lakin ibadət evi əvvəl daha böyük olub. 1930-cu ildə, şəhərdaxili yolun tikintisini əsas gətirərək məscidin bir hissəsini söküblər. Şəhərdə Cümə məscidindən əlavə, yaşı yüzü keçən daha dörd məscid var: Şilli məscidi, Hacı Tağı məscidi, Mir Əşrəf Ağa məscidi və Hacı Səməd məscidi. Şəhərdə imamzadə, pir, inamgah yoxdur. Qədimdə şəhərdə mövcud olmuş karvansara və hamamlardan isə əsər-əlamət qalmayıb.
Mənə görə, Salyanın əsas ana mövzusu orada yaşamış, bu günə qədər həyatları, hekayələri araşdırılmamış şəxsiyyətlərdir. Bu düzənlik, şoran torpaqlara məna yükləyən onlardır.
Salyanda torpaq şoran olduğundan, torpaqdakı duzun miqdarını azaltmaq məqsədilə şəhərdə kütləvi olaraq yer alması ağacı və bal ağacı əkilib. Hər iki ağac torpağın tərkibindəki duzu özünə çəkməkdə əvəzsiz bitkidir. Salyan şəhəri haqqında hələlik bu qədər.
Şəhriyar Səmədov
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir