İnsanı qorxu ilə idarə etmək tarix boyunca ən təsirli üsullardan biri olub

DIN
 Bu gün də bəzi dinlər, xüsusilə də İslamın ənənəvi təfsirində, insanın ruhuna zəncirlər vurmaq üçün qorxunun müqəddəs libasa bürünmüş formalarından istifadə olunur.
Qəbir əzabından danışırlar. Ölənin məzarda iki mələk tərəfindən sorğu-suala çəkildiyini, əgər cavablar uyğun deyilsə, dəhşətli əzabların verildiyini deyirlər. Sanki insan onsuz da kifayət qədər əzab çəkmirmiş kimi – indi bir də məzarın içində işgəncə dolu suallar və cəzalar gözləyir onu.
Bəs bir sual: bu qədər gücə sahib mələklər insanın ehtiyac içində olduğu zaman harada idilər?
Uşaq aclıqdan can verir – mələklər harada idi?
Bir qadın təcavüzə uğrayır – mələklər niyə müdaxilə etmir?
Bir xəstə kömək üçün yalvarır – mələklər niyə görünmür?
Minlərlə insan savaşda, zəlzələdə, selin altında ölür – mələklər niyə gizlənir?
Bu suallar cavabsız qalır. Amma nə vaxt ki, insan ölür, dərhal “əzab mələkləri” peyda olur. Sanki onların tək vəzifəsi, onsuz da həyat boyu əzab çəkmiş insanın ruhunu qorxutmaq və cəzalandırmaqdır. Bu, nə ədalətdir, nə mərhəmət, nə də tanrısallıq. Bu, sadəcə qorxunun mexanizmidir – insanın düşüncəsini zəncirləmək üçün hazırlanmış sistemin tərkib hissəsi.
Din, əgər həqiqətən insan üçünsə, həyatın içində olmalı idi. Əgər mələklər mövcuddursa, o zaman onlar aclığı doyurmalı, xəstəni sağaltmalı, ədalətsizliyi dayandırmalı idilər. Yox əgər bu mümkün deyilsə, o zaman ölü bədənlərlə nə işləri var?
Həqiqət budur: bu cür hekayələr sadəcə itaəti təmin etmək, insanı sorğu-sualsız boyun əyməyə məcbur etmək üçün uydurulmuş mexanizmlərdir. Yaşayan insanın deyil, qorxudulmuş ruhun üzərində hakimiyyət qurmaq üçündür.
İnsana yaşadığı zaman sevgi, mərhəmət və dəstək lazımdır – məzarda sorğu yox.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir