Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək. Bu barədə “Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Bəs yeni dəyişiklik elektrik qiymətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, yeni sistem dolayı vergi yığımı formasında tətbiq olunacaq
“Gözlənti budur ki, aylıq sabit tarif 1 manat olacaq – yəni, işlətdiyimiz elektrik enerjisinin dəyərinin üzərinə əlavə 1 manat da gələcək. Sabit aylıq tarifin tətbiqi o deməkdir ki, vətəndaş elektrik enerjisindən istifadə etməsə belə, həmin sabit məbləği ödəyəcək. Bu cür yığımların səmərəsi dövlət üçün ola bilər, amma bu, sosial ədalət prinsipinə ziddir. Çünki ailənin gəliri və istehlak səviyyəsindən asılı olmayaraq hamı bərabər məbləğ ödəyəcək”.
Natiq Cəfərli Tarif Şurasının fəaliyyətində şəffaflığın və hesabatlılığın olmamasına da diqqət çəkib. Onun sözlərinə görə, son illərdə Tarif Şurası cəmiyyətlə açıq müzakirə aparmadan, açıq debat keçirmədən, gecə saatlarında qiymət artımları ilə bağlı qərarlar qəbul edib:
“Tarif Şurası dövlət qurumu olsa da, qərarları ya gecə, ya da istirahət günlərində verilir. Üstəlik, bu qərarlara görə heç bir şəxs və ya orqan məsuliyyət daşımır. Cəmiyyət cavabdeh axtaranda isə qarşısına anonim və bürokratik bir qurum çıxır. Belə yanaşma həm iqtisadi, həm də sosial etimada zərbə vurur. Əgər sabit aylıq tarifin təyin edilməsi bu quruma tapşırılıbsa, gələcəkdə onun artacağı ilə bağlı narahatlıqlar tamamilə haqlıdır”.
Ekspertin fikrincə, bu cür sistemlərin tətbiqi zamanı açıq və şəffaf hüquqi mexanizm qurulmalı, qərarverici orqan və məsuliyyətli struktur konkret olaraq müəyyən edilməlidir:
“Əgər doğrudan da məqsəd tarifin sabit qalmasıdırsa, o zaman hökumət və ya Nazirlər Kabineti rəsmi öhdəlik götürməli, məsələn, üç il ərzində sabit məbləğin dəyişməyəcəyinə dair qərar verməlidir. Əks halda, Tarif Şurası növbəti aylarda bu məbləği 2 manata, 3 manata qədər artıra bilər və vətəndaş buna qarşı çıxanda da qarşısında heç kimi tapa bilməz”.
Natiq Cəfərli əlavə edib ki, büdcəyə təsir edən tarif siyasətinin müəyyən edilməsi səlahiyyəti faktiki olaraq Parlamentin ixtiyarında olmalıdır. Onun fikrincə, Tarif Şurası bu səviyyədə geniş və mühüm qərarlar verməklə Konstitusiyaya uyğun olmayan hüquqi presedent yaradır. MUASİRMEDİA.AZ