Təki qalan saatlarda da heç bir problem çıxmasın və ABŞ prezidenti D.Trampın elan etdiyi, Azərbaycanla Ermənistan arasında sülh sazişi bu gün Vaşinqtonda imzalansın.
“Bir çox liderlər bu müharibəyə son qoymağa çalışsalar da, indiyədək buna nail olmayıblar. “TRUMP” sayəsində bu, indi mümkün oldu”, – yazan D.Tramp administrasiyasının bir müddətdir hər iki tərəflə fəal işlədiyini vurğulayıb. O, Əliyevlə Paşinyanın avqustun 8-də onunla birlikdə Ağ evdə rəsmi Sülh İmzalanma Mərasimində iştirak edəcəyini yazıb.
ABŞ prezidenti əlavə edib ki, bu gün “Ermənistan, Azərbaycan, ABŞ və DÜNYA üçün tarixi bir gün olacaq”.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi gündən biz sülh sazişinin imzalanmasının tezləşdirilməsi zərurətindən danışırdıq. İlham Əliyevin Zəngəzur dəhlizinin Rusiya FSB-nin nəzarətinə verilməsi tələbinin yersiz və Azərbaycanın milli maraqlarına zidd olduğunu deyirdik.
Xeyli vaxt itirildikdən sonra olsa da, sülh sazişi imzalanmasının mümkünlüyü Azərbaycan və regionumuz üçün çox yaxşı xəbərdir.
Nəhayət, Cənubi Qafqaz müharibə, dağıntı və insan facilərinin yaşandığı bölgədən sülh, inkişaf və demokratikləşmə bölgəsinə çevrilsin.
MM.AZ