Ağ Evdə Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında sülh sazişinin mətninin paraflanması mərasimi baş tutub. Mərasim zamanı hər üç lider – İlham Əliyev, Nikol Paşiyan və Donald Tramp sualları cavablandırıblar.
D.Trump Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək “Trump marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də ABŞ-nin hər iki ölkə ilə ikitərəfli sənədlər imzalandığını bildirib.
Azərbaycana hərbi yardıma qadağanın da qaldırıldığını deyib.
Prezident Əliyev bu qadağanın qaldırıldığına görə D.Trampa təşəkkürünü bildirib. Əliyev həmçinin bunları da deyib:
“Bu gün burada baş verənlər daimi sülhlə nəticələnəcək. Bizim hansısa şübhəmiz olsaydı, buraya gəlməzdik. Nə mən, nə də baş nazir Paşinyan geri çəkiləcəyik. Əmin ola bilərsiniz”.
Paşinyan çıxışında deyib ki, prezident Tramp Nobel Sülh Mükafatına layiqdir, onun namizədliyini müdafiə edəcəklər.
Prezident Əliyev də bu təklifi dəstəkləyib: “Əgər Tramp layiq deyilsə, bəs kim layiqdir Sülh Mükafatına?”
Donald Tramp bildirib ki, Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları həmişəlik dayandırmaq niyyətindədir: “Ermənistan və Azərbaycan hərbi əməliyyatların bütün formalarını həmişəlik dayandırmaq, ticarət, səyahət və diplomatik əlaqələri açmaq və bir-birinin ərazi bütövlüyünə hörmət etmək öhdəliyi götürür”.
“Onların çox yaxşı münasibəti olacaq. Buna heç bir şübhəm yoxdur, əgər olmasa, mənə zəng edin, çözəcəm”, – o əlavə edib.
Ermənistandan keçəcək yola gəlincə, Tramp deyib ki, bu marşrut Ermənistanın suverenliyinə tam hörmətlə yanaşmaqla Azərbaycanın Naxçıvandan keçməsinə imkan verəcək.
Trampın sözlərinə görə, Amerika şirkətləri Ermənistan və Azərbaycanda infrastrukturun geniş inkişafını planlaşdırır.
Prezident İ.Əliyev deyib ki, tərəflər uzun müddət aparılan danışıqlardan sonra sülh sazişini paraflayıblar: “Bu sənədin dünyanın bir nömrəli superdövlətinin paytaxtında, dünyanın bir nömrəli ofisində və Amerika Birləşmiş Ştatlarının böyük prezidentinin iştirakı ilə paraflanması o deməkdir ki, tərəflərdən heç birinin geri addım atacağına dair heç bir şübhə olmamalıdır. Əgər belə fikirlərimiz olsaydı, biz bura gəlməzdik”.
MM.AZ