Yenə də günün birində Teymur Ləng Mollaya əmr eləyir ki,
sarayda olan axmaqların siyahısını tutub ona versin Molla.
Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar
siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da
əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu
əyanların hamısı ona düşmən olacaqlar. Çox fikir-
xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb
başında yazır:
Teymur sarayındakı axmaqlar. Varağın ortasında da iri xətlə
bircə Teymurun öz adını yazıb ona verir. Teymur axmaqlar
siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur
təpəsinə. Soruşur:
– Bu nədir?
Molla deyir:
– Axmaqların siyahısıdır.
Teymur deyir:
– Demək, sənin fikrincə, bu sarayda bircə axmaq var, o da
mənəm?
Molla deyir:
– Bəli, qibleyi-aləm! Səndən axmağını tapa bilmədim.
Teymur dəli kimi qışqırıb soruşur:
– Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki,
saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün
bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın
hamısı olmasa da, çoxu axmaqdı. İndi ki, sən özün bunların
axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də
belə hörmət-izzətlə saxlayırsan, demək, ən böyük axmaq
elə sən özünsən də… Teymur baxır ki, Molla yaman yerdən
tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az
fikirləşib deyir:
– Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi
axmaq deyil, hamısı ağıllı adamlardılar, onda necə?
Molla deyir:
– Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.
Teymur soruşur:
– Niyə?
Molla deyir:
– Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr
eləmisən. Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur,
olanların hamısı ağıllıdır, onda, demək, əsl axmaq sənsən
ki, ağıllı adamları axmaq hesab eləyirsən.
Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:
– İndi mən sübut edəcəm ki, bu sarayda bircə axmaq var,
o da sənsən,
onda?
Molla deyir:
– Yenə də siyahıda sənin adın qalacaq.
Teymur soruşur:
– O niyə?
Molla deyir:
– Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı
axmağa tapşırmaz.
Teymur deyir:
– İndi mən cəlladı çağırıb sənin o dilini dibindən kəsdirsəm
necə?
Molla deyir:
– Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki,
bir də heç kəs axmaqlıq eləyib sənə sözün düzünü
deməsin.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ