Bura mənim ömrümün ən xoşbəxt illərinin keçdiyi mənzildir-VƏFA FƏTULLAYEVA

Tarix
Uşaqlığımı, gəncliyimi bu divarlar arasında yaşadım.
Sağda gördüyünüz bağlı qapı mənim otağım idi, cəmi bir pəncərəsi vardı…Düz 25 il həmin balaca otaqda yatmışam…Əvvəlcə bacımla birlikdə qalırdıq, Nailə ərə gedəndən sonra tək qalmalı oldum…Bu evlə bağlı o qədər xoş xatirələrim var ki, danışmaqlar qurtarmaz…Pəncərələrimiz həm şüşə, həm də taxtadan idi, Bacım olanda yayda səhər-axşam həmişə açıq qalardı…Amma Nailə gedən gündən gecələr otağımda qorxudan hətta taxta pəncərəni də bağlayırdım…O zamanlar çox evlərdə hamam ümumi olardı…Ona görə də anamgil bura köçəndə atam otağın yarısını bölüb hamam etmişdi, bu səbəbdən bir az darısqal idi…1945-ci ildən, 1970-ci ilə qədər bu evdə yaşamışıq…Anam hər səhər gələrdi əvvəlcə qapını döyər sonra sakitcə otağa keçib məni oyadardı, “Qızım, səhər yeməyin hazırdı qalx tez əlini-üzünü yu, çayını iç yoxsa dərsə gecikərsən”…Mən də ədyalı çəkərdim üzümə “Ay ana, qoy bir az da yatım məktəb 5 addımlıqdadır zəngə qədər çataram”…O, belə məsələlərdə olduqca ciddi idi deyirdi “Vəfa, müəllimdən sonra sinifə daxil olmaq olmaz!. Dərsdən gələrsən nə qədər istəyirsən yatarsan”…Hər səhərimiz bax belə başlayırdı…Sizə göstərdiyim uşaqlıq şəkillərimin çoxunu atam bu evdə çəkib…Zalımız isə çox geniş idi, uşaq vaxtı hətta velosiped sürərdim…Bir bilsəydiniz bu evdə kimlər qonaq olmayıb, ilahi…Səməd Vurğun, Adil İsgəndərov, Sidqi Ruhulla, Əzizə Məmmədova, Həsənağa Salayev, Mərziyyə Davudova, Fatma Qədri, Mehdi Məmmədov, Sona Hacıyeva, Rza Təhmasib, Ələsgər Şərifov, Münəvvər Kələntərli və daha neçə-neçə unutduğum dahi sənətkarlar…Adlarını çəkdiyim bu şəxsiyyətləri hələ kiçik yaşlarımdan evimizdə tez-tez görərdim…Bu ev mənim üçün müqəddəs məkan idi…Buradan köçəndə düz 1 həftə ağlamışdım, köhnə evimizdən ayrılmaq mənim üçün çox ağır oldu…O gün sanki uşaqlığımla olan bağlarım qırıldı…Bu evdə mənə elçi gəldi, nişan mərasimim gördüyünüz zalda baş tutdu, ağ gəlinlik libasında buradan çıxdım…Toydan sonra 7-ci mikrorayonda yaşasaq da elə bir gün olmadı ki, bu evə gəlməyim…Zaur işə gedəndə səhər məni gətirərdi bura, axşam gəlib aparardı…Hər dəfə köhnə evimizi xatırlayanda uşaq kimi göz yaşı tökürdüm…Həyatımın ən sevincli, xoşbəxt illəri o soyuq divarlar arasında qaldı…Bir zamanlar şirin-şirin yatdığım otağımda, indi ruhum dolaşır…Tolstoy küçəsi 160, mənzil 8. Telefon 3-19-31
ALLAH RƏHMƏT ELƏSİN!
Нет описания фото.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir