NARKOTİKƏ YOX DEYƏK!

Cəmiyyət
Nəsimi Nəbizadə…
Bu ad ona kor-koranə qoyulmayıb, yəqin ki…
Böyüyüb onun da Nəsimi qədər məşhur, Nəsimi qədər söz ustası, dərisi soyulsa belə, əqidəsindən dönməyən, cəsur, iradəli biri olması arzulanıb bəlkə?
Tələbəlik illərimin ən xarizmatik, savadlı və yaraşıqlı, gözəl diksiyası olan diktorlarından idi Nəsimi Nəbizadə..
Deyilənə görə, uzun illərdir pis vərdişlərə qurşanıb. İşindən, sevimli peşəsindən uzaqlaşıb. Sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. Gözləri tutulur…
Əgər jurnalist olsaydım, “Ən böyük, bağışlaya bilmədiyiniz düşməniniz kimdir?” sualını ona ünvanlasaydım, əminəm ki, heç fikirləşmədən deyərdi ; – NARKOTİK!
“Bu düşməniniz sayəsində itirdikləriniz?” sualını isə belə cavablandırardı; – Sağlamlıq, iş, ailə, nüfuz, dost, var-dövlət, xoşbəxtlik, iman, zaman…
– Kifayətdir..
– Hələ çoxdur, ardı var, saman..
– Saman?
– Bəli, mən bu bataqlığa batanda bir saman çöpünə ehtiyacım var idi. Həmişə çətinliyə düşəndə ondan yapışırdım. Həmin günü tapmadım…atan olmadı, batdım…
– Hansı rəngi sevirsiniz?
– Bütün rəngləri. Təkcə ağ rəngi sevmirəm.
– Niyə? Ağ rəng axı təmizlik, paklıq, saflıq rəmzidir.
– Ölümün iki rəngi var – Ağ və Qara ölüm. Qara ölümü hamı dadır. Kimi tez, kimi gec. Ağ ölümü isə iradəsi, nəfsi zəif insanlar dadır. Bu, narkotikdir! Lənət olsun həzzi qısa, ağrısı-acısı uzun olan bu kabusa! Lənət olsun!!!
Bu gün GÜNƏŞ qürub etdiyindən deyil, yüzlərlə belə cavan, istedadlı Nəsimilərin, Fizulilərin, Nizami və Xəqanilərin göz görə-görə məhv olmasından saralır…
MM.AZ