Sosial problem yanaşmasından sizində fikirlərinizi və təkliflərinizi bilmək daha xoş olardı.
Azərbaycan cəmiyyətində illərdir müşahidə olunan israfçılıq yalnız yas mərasimləri ilə məhdudlaşmır, toy mərasimlərində də açıq-aşkar özünü göstərir. Təmtəraqlı menyular, onlarla növ yemək və şirniyyat sifariş olunması, nəticədə isə süfrədə toxunulmamış qalan yeməklər….
Hazırda toy menyularının qiyməti orta hesabla 70 manatdan başlayaraq 200–300 manata qədər yüksəlir. Bu, ilk növbədə yeni ailə quran gənclərin üzərinə ağır maliyyə yükü salır. Digər tərəfdən isə, bu təmtəraq yarışının heç bir sosial və mədəni əsaslandırması yoxdur. Çünki toyun mahiyyəti süfrədəki yeməklərin sayı ilə deyil, ailə qurmaq hadisəsinin mənəvi dəyəri ilə ölçülür.Dünyanın bir çox ölkəsində bu məsələyə dövlət səviyyəsində yanaşılır. Qonaq menyularında israfın qarşısını almaq üçün müəyyən standartlar tətbiq olunur, əlavə yeməklərə məhdudiyyətlər qoyulur. Bizdə də oxşar yanaşma gündəmə gətirilsə, həm gənc ailələrin yükü yüngülləşər, həm də milli adət-ənənələrimizdə sadəliyin bərəkəti qorunmuş olar.
Ən əsası isə, israfçılığa qarşı mübarizə təkcə hüquqi və inzibati qərarlarla deyil, ictimai şüurun dəyişməsi ilə mümkündür. İnsanlarımız anlamalıdır ki, süfrədə artıq yeməyin olması var-dövlətin, mövqeyin göstəricisi deyil. Əksinə, bu həm maddi itkidir, həm də mənəvi məsuliyyətsizlik.
Siz necə düşünürsünüz: toylarda süfrə israfçılığına qarşı müəyyən edilmiş menyu normaları tətbiq olunmalıdırmı????
MM.AZ