Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini Kiyevdə danışıqlara dəvət edib.
O, Moskvaya getməyəcəyini açıq şəkildə bildirib.
“Putin Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raketlərin, hücumların altındadır. Mən o terrorçunun paytaxtına gedə bilmərəm”, – Zelenski “ABC News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Putinin görüş üçün Moskvanı təklif etməsi danışıqları uzatmaq məqsədi daşıyır. Zelenski hesab edir ki, Rusiya prezidenti “ABŞ ilə oyun oynayır” və Moskvada görüşün qeyri-mümkün olduğunu yaxşı anlayır.
Putin isə son günlər iki dəfə Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bəyan edib. O, sentyabrın 5-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı “kim həqiqətən görüşmək istəyirsə, ən yaxşı yer Rusiyanın paytaxtı, qəhrəman şəhər Moskva ola bilər” deyə vurğulayıb. Bununla belə, Kreml rəhbəri belə görüşün ciddi mənası olmadığını da əlavə edib, amma Zelenskiyə təhlükəsizlik zəmanəti veriləcəyini bildirib.
Mümkün görüş ideyası ABŞ prezidenti Donald Trampla Putinin avqustun ortalarında Alyaskada keçirdiyi görüşdə də müzakirə olunub. Sonradan Avropanın bir neçə ölkəsi və Türkiyə danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb. Ehtimal edilən məkanlar arasında Budapeşt və İsveçrə də var idi. İsveçrənin xarici işlər naziri İnyasio Kassis hətta Putinə Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) təqibindən immunitet veriləcəyini vəd edib.
Bununla belə, Kremldən bildirilib ki, iki liderin görüşü ilə bağlı heç bir razılaşma mövcud deyil. Prezidentin köməkçisi Yuri Uşakov Alyaska görüşündə iştirak etmiş şəxs olaraq, “Bildiyim qədərilə Putinlə Tramp arasında bu mövzuda heç bir razılaşma olmayıb” deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Çində keçirilən ŞƏT sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib ki, Putin və Zelenski “hələ görüşməyə hazır deyillər”.MM.AZ