Sentyabrın 10-da Masallı Tarix -Diyarşünaslıq Muzeyində ,muzeyin,MKS və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astata Regional nümayəndəliyi Masallı bölməsinin birgə təşkilatçılığı ilə gənc nəslin milli dəyərlərə marağını artırmaq məqsədilə xalça sənətinə həsr olunmuş “ Sehrli ilmələr” adlı ustad dərs təşkil edilib.
Dərsdə gənclər, tələbələr və xalçaçı xanımlar iştirak ediblər.
İlk öncə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən ustad dərsində milli mədəniyyətimizin mühüm sahələrindən olan xalçaçılıq sənətinin qədim tarixi, Azərbaycan xalçalarının bölgələr üzrə xüsusiyyətləri və ornamentlərdəki rəmzlərin mənası haqqında məlumat verib.
Sonra təcrübəli xalçaçı sənətkar Tünzalə Abuzarova toxuculuğun əsas mərhələlərini – ipliyin hazırlanması, boyaçılıq, naxışların seçilməsi ,həm də bölgələrə məxsus naxış, ornamentlər barədə məlumat verərək, toxuma texnikasını gənc iştirakçılara nümayiş etdirib.
Qeyd edək ki, tədbirin məqsədi xalça sənətinin zəngin ənənələrini gənc nəsillərə çatdırmaq, onların milli irsə marağını artırmaq və yaradıcı bacarıqlarını inkişaf etdirməkdir.
Sonda suallar ətrafında maraqlı diskussiya aparan gənclər özləri də sadə toxuma elementlərini sınaqdan keçirib və xalçaçılığın incəlikləri ilə yaxından tanış olublar.





MUASİRMEDİA.AZ