İqtisadiyyatın motoru başqa amillərlə yanaşı yüksək tələbat hissli vətəndaşlardır

İqtisadiyyat
150 il əvvəl almanlar Azərbaycana gəlib burda iş yeri açaraq insanları işlətməyə çalışanda maraqlı bir mədəni əngəl ilə üzləşdilər.
İşləyəsi kişilərin tələbatları çox aşağı idi. 2-3 həftəlik təməl ehtiyaclarını ödəyəcək qədər pul qazanandan sonra, işdən yayınmağa başlayırdılar. Davamlı işləyib yeni dəyər yaratmağa can atmırdılar.
Onda almanlar bəzi ailələrə daha rahat evlər tikdirdi, üstəgəl o evlərə köçən evdar xanımların həyatını rahatlaşdıracaq, onların özlərini isə daha gözəl göstərəcək malları əraziyə gətirdi. Həmin qadınlara qarşı digər qadınlarda qısqanclıq yarandı. Onlar da öz həyat yoldaşlarından davamlı işləməyi, daha yaxşı ev, həmin əşya və alətlərdən onlara da alınmasını tələb etməyə başladılar.
Beləcə, almanlar burdakı kişiləri davamlı iş başında olmağa həvəsləndirdi və öz müəssisələrini daha məhsuldar etdi.
Bu təcrübə haqqında 1893`cü ildə Verner fon Siemens özünün xatirələr kitabında yazır.
Bu olmuş hekayə indi başqa bir səciyyə alıb. Həyatdan gözləntiləri yüksək olan insanlar Azərbaycanda ya neft-qaz gəlirlərini birbaşa və dolayısı yol ilə paylaşan sistemə qurşanıb (o isə tükənən şeydir), ya da ölkədən köçüb gedirlər.
YAP hökuməti “kimin nə xoşuna gəlmirsə, qapılar açıqdır” deyəndə, bu, ölkədə ancaq tələbatı aşağı olan insanları saxlamaq niyyətindən, yəni iqtisadiyyatın motoru olan təbəqənin ölkədən qovulması siyasətindən xəbər verir.
YAP`ın bu siyasəti Azərbaycan iqtisadiyyatını sakit-sakit çürütməkdədir. 15 il əvvəl prezident İlham Əliyev fəxrlə deyirdi ki, Azərbaycan Güney Qafqaz iqtisadiyyatının 73 faizini təşkil edir. Bugün həmin rəqəm 59 faizə düşüb, yaxın 10 ildə isə 50 faizdən aşağıya enə bilər. Ona görə sakitlikdir, fəxrlik daha bir şey qalmayıb.
İqtisadiyyatın motoru başqa amillərlə yanaşı yüksək tələbat hissli vətəndaşlardır. Onların ölkədən ayrı salınması Azərbaycana ən pis nəticələr gətirir və bundan sonra iqtisadiyyatımızı daha da zəiflədəcək.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir