Müslüm Maqomayev, həyat yoldaşı Badigülcamal xanım-FOTO

Tarix
 Müslüm Maqomayev, həyat yoldaşı Badigülcamal xanım,
oğlanları Cəmaləddin və Məhəmməd…Müslüm dayı nənəmdən 9 yaş böyük idi…O, Qori müəlimlər seminariyasını bitirmişdi…Bir müddət Lənkəranda işləyir, daha sonra 1911-ci ildə Bakıya gələrək Sabunçuda müəllimlik edir…Müslüm dayının Bakıda evi olmadığından Abbasəli babam ona öz mülkündə mənzil verir və o, ailəsi ilə 1935-ci ilə qədər həmin evdə yaşayır…Nənəm danışardı ki, o dövrün sənət adamlarının çoxu onların evində dəfələrlə qonaq olublar…Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Hüseynqulu Sarabski, Cəfər Cabbarlı və başqaları…Babam həm də əksər tamaşaların səhnəyə hazırlanmasında onlara maddi köməklik göstərib..Müslüm dayı “Şah İsmayıl” və “Nərgiz” operalarını o cümlədən digər musiqi əsərlərini babamın Qubernskaya küçəsindəki mülkündə yazıb…Bütün bu hadisələr anamın gözləri önündə baş verib…Anam və Qəmər xalam dayılarının məsləhəti ilə Konservatoriyada təhsil alıblar…Daha sonra 1935-ci ildə onlara Xəqani küçəsində 3 otaqlı mənzil verildi…Nənəm Müslüm dayını çox istəyirdi, hər dəfə qardaşını xatırlayanda gözləri yaşla dolardı…Mən onu görməsəm də anamın söhbətlərindən necə mülayım, xoşxasiyyət insan olduğunu eşitmişdim…Nənəmin Bakıda Müslümdən başqa heç kimi yox idi…Onların ailəsini 20-ci illərdə Qroznıdan sürgün etmişdilər, Rusiyanın müxtəlif şəhərlərində pərən-pərən düşmüşdülər…Uzun illər bir-birlərindən əlaqələri kəsilir…Malaket nənəmin başı çox müsibətlər çəkib, qardaşının vaxtsız ölümü onun ürəyini parça-parça edir…Müslüm dayı vərəm xəstəliyinə tutulur, Bakıda aparılan müalicələrin heç bir xeyiri olmur, bu səbəbdən onu Nalçikə sanatoriyaya göndərirlər…Oradakı həkimlər də əllərindən gələni edirlər ancaq çox təəssüf ki, bu sağalmaz xəstəliyin qarşısında aciz qalırlar…Müalicə olunmasına baxmayaraq onun ağ ciyərləri fəaliyyətini dayandırır…Azərbaycanın böyük bəstəkarı 1937-ci ilin iyulun 28-də Nalçikdə dünyasını dəyişir…Nənəm böyük zəhmət bahasına qardaşını Bakıya gətirir və burada dəfn edir…Müslüm dayının ölümü nənəmi çox pis vəziyyətə salmışdı anam danışardı ki, günlərlə gözünün yaşı qurumurdu…Qardaşının şəkilini qucaqlayıb hönkür-hönkür ağlayardı…Onlar bir-birlərini çox bağlı olublar…Nənəmlə tez-tez Müslüm dayının qəbrini ziyarət edərdik…Həm anadan olduğu, həm də ölüm günlərində çoxlu güllər alıb fəxri xiyabana məzarı üstə gedirdik…Nənəm qardaşının qəbrini qucaqlayıb onunla dərdləşirdi, mən isə ona mane olmamaq üçün bir kənara çəkilib sakitcə tamaşa edərdim…Nə barədə danışdığını eşitməsəm də, məzara söykənərək çarəsiz dayanmasında “Axı sən niyə öldün, Müslüm” ifadəsi vardı…Bu sualı doğmasını itirən hər kəs verir…Qardaşının ölümündən 5 il sonra nəsildə ikinci Müslüm dünyaya gəlir…Nənəm qardaşının ətrini onun nəvəsindən alırdı…Yenicə gözlərinin yaşı qurumuşdu ki, 1945-ci ildə Məhəmməd Böyük vətən müharibəsində həlak olur…Onda Müslümün hələ 3 yaşı vardı, atasını doyunca görə bilmədi…Nənəmin sevinci kədərə qarışır…O amansız müharibə çox anaları gözü yaşlı qoydu…Müslüm dayının oğlanları anamgilnən bir evdə böyüyüb boya-başa çatıblar…Uşaqlar içərisində Cəmaləddin əmi yaşda hamıdan böyük idi, uzun illər yüksək vəzifələrdə işləmişdi…Nazirlər Sovetinin sədr müavini, sonra Postpred oldu, buna baxmayaraq anamı heç vaxt adı ilə çağırmayıb, həmişə “Hökumə xanım” deyərək müraciət edirdi…Doğma bibisi qızı idi Hökumə də deyə bilərdi, ancaq anama hər zaman hörmətlə yanaşıb…Hamımız ona Camal əmi deyirdik…Ailə qursa da övladı olmadı…Məhəmmədin ölümündən sonra onun həyat yoldaşı Ayşat Əhmədovna Müslümü özü ilə Maykopa aparır…Əslində Badigülcamal xanım, (biz onu Bayduq xala deyərək çağırardıq) Müslümü aparmağa icazə vermir, Ayşat Əhmədovna onu qaçırır…Camal əminin evində xidmətçi vardı Mariya Qriqoryevna…Onu yaxşı tanıyırdım, çox gözəl qadın idi…Ayşat xanım artıq Bakıdan gedirdi, çamadanlarını yığanda ona deyir ki, səni vağzala yola salaram…Aşyat Əhmədovna da xahiş edir ki, Müslümü də özünlə götür…Qatarın yola düşməsinə dəqiqələr qalmış Mariya Qriqoryevna gedir dondurma almağa bu zaman qatar yola düşür və Ayşat xanım Müslümü vaqona mindirir özü ilə aparır…Müslüm sonralar danışırdı ki, pəncərədən baxırdım Mariya Qriqoryevna qatarın arxasınca qaçırdı ki, məni götürsün amma artıq gec idi…Müslümün Bakıya qayıtmasında nənəmin rolu olmuşdu…Nənəm Camal əmiyə deyir ki, gedirsən nə olur-olsun uşağı gətirməlisən, Müslümsüz Bakıya qayıtma…Doğurdan da Camal əmi Müslümü qaytarır evinə ona atalıq edir böyüdüb boya-başa çatdırır, yaxşı təhsil verir…Bəlkə də Malaket nənəm o zamanlar onu Bakıya qaytarmasaydı, bu balaca oğlan sonralar SSRİ-də dahi müğənni kimi parlamayacaqdı…Ona görə də Müslüm hər dəfə Moskvadan Bakıya gələndə birinci nənə baş çəkərdi…Bu onun bibisinə təşəkkür borcu idi…Müslümlə uşaqlığımız bir yerdə keçib…O, hədsiz dəcəl uşaq olub…Atasız, anasız olduğu üçün ərköyün böyümüşdü, heç kim onun xətrinə dəymirdi, istədiyini edirdi…Qonşular hər gün Camal əmiyə şikayət edirdilər…Bircə nənəsindən çəkinirdi…Bayduq xalanın sandığı vardı onu həmişə bağlı saxlayırdı, açarı da özü ilə gəzdirərdi…Müslüm nə qədər çalışırdı amma o sandığı açmağı bacarmırdı…Elə bilirdi ki, orada qiymətli nələrsə var…Qonaq otağında şkaf vardı onun da qapısı bağlı olardı…Günlərin birində Bayduq xala stuldan yıxılmışdı qolu sınmışdı, xəstəxanada yatırdı…Müslüm də nənəsinin evdə olmamağından istifadə edərək şkafın açarını hardansa tapdı, qapını açanda gördü ki, içəridə tapança var…Sən demə bu Camal əminin xidməti silahı imiş…Tapançanı tuşladı üstümə gülərək “Həə, işin bitdi əllər yuxarı” Mən də qorxudan qışqırdım, Mura xala tez gəlib silahı Müslümün əlindən aldı…İçərisində patronları da vardı, az qala məni öldürmüşdü…Bayduq xala dünyasını dəyişəndə sandığı açdılar içərisindən Müslüm dayının dirijor çubuğu çıxdı…Yazıq arvad ərinin yadıgarını ölənə qədər qoruyub saxladı…Mariya İvanovna (Mura xala) Camal əminin yoldaşı idi…O, əvvəllər teatrda kassir işləyib, Camal əmi onu görüb bəyənir və ailə qururlar…Mura xala milliyyətcə Polyak idi…Onun birinci həyat yoldaşından Lev adlı bir oğlu vardı…Müslümə öz doğma balası kimi baxırdı, bircə dəfə də olsun ona acıqlandığını görmədim…Camal əminin uşağı olmadığı üçün Levi övladlığa götürmüşdü…Nənəmin həyatında ən ağır günlərdən biri də Camal əminin ölümü oldu…O, 1977-ci ildə dünyasını dəyişdi…Onu da fəxri xiyabanda atasının yanında dəfn etdilər…Müslümün necə hönkür-hönkür ağladığını ilk dəfə onda gördüm…Həə, bir hadisə düşdü yadıma nə qədər ki, unutmamışam danışım…Müslüm məni hamıdan çox isəyirdi, uşaqlıq illərimdən son günümə kimi onun mənə olan qardaş sevgisi tükənmədi…Onların bir qonşusu vardı çox tanınmış insandı adını deməyəcəyəm, onun oğlu hər gün mənim arxamca düşürdü, guya məni sevir…Mənim də o vaxtı heç 10 yaşım yox idi…Bir gün Müslümə dedim ki, dostun məni evimizə qədər izləyir, anam görsə bir də siz tərəfə buraxmayacaq…Dedi ki, sənin işin olmasın onunla özüm danışaram…İki gün sonra Müslümgilə gedirəm baxdım ki, həmin oğlan blokda dayanıb yaxınlaşanda gördüm ki, gözünün altı göm-göydü…Ürəyim dözmədi soruşdum ki, “Səni kim belə döyüb, olmaya yıxılmısan?!”…Utandığından başını saldı aşağı dedi ki, “Guya bilmirsən?!”..Sən demə Müslüm bunu həyətdə o ki var əzişdirib…Tapşırıb ki, bir də bacımın arxasınca düşsən səni bundan da pis günə qoyacağam…Oğlanın da atası gedib onlara şikayətə, Camal əmiyə deyib ki, siz evdə xuliqan saxlayırsınız, az qalsın uşağın gözünü kor edəcəkdi…O gündən sonra həmin oğlan heç mən tərəfə baxmırdı…İkimiz də avqust ayında anadan olmuşuq, Müslüm 17-si, mən isə 25-də…Uşaqlıqdan bir-birimizi təbrik edərdik…Hətta sonralar Moskvada yaşayanda da bu günü heç vaxt unutmadı, hər ad günümdə hədiyyəmi göndərirdi…Çox gözəl günlər yaşamışıq…Müslüm dayıdan danışmaq istəyirdim, xəyalım məni uşaqlıq illərimə apardı.

5 kişi ve yazı görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir