HƏMKARIMIZ, İSTƏKLİI DOSTUMUZ RAZİYƏ İMRANQIZI SƏSLİ-KÜYLÜ, DƏRDLİ-SEVİNCLİ ALƏMDƏN GƏLİB BU YAŞA ÇATIB
– Şirin xəyallara dalanda,insanların sevincinə, dərd-sərinə şərik olanda, həyatı, yaxşını, yamanı duyub qiymətləndirəndə dönə-dönə düşünürəm: görəsən duyğusuz yaşamaq olarmı?
Özümə verdiyim sualların cavabını götür-qoy etməmiş, sanki İlahi bir varlıq mənimlə həmsöhbət olur və düşüncələrim beynimdən, qəbimdən ağ vərəqlərə köçür.
Sətirlər ağ kağıza köçəndən sonra məni həssaslıqla qınayanların halına acıyır və Allahıma şükür edirəm ki, nə yaxşı mənə duymaq, kiminsə halına yanmaq, sevincinə şərik olmaq üçün kövrək bir ürək verib. Ürəyim ən sədaqətli dostum, sirdaşımdır. Yalnız yarasdıcılıqla məşğul olanda o hansısa gözəgörünməz bir qüvvə ilə birləşir və məni məndən alır. O anlarda özümdn ayrı düşsəm də, ən xoşbəxt insan oluram və fəxr edirəm ki…
Belə duyğulu və həm də çətin bir ömür yaşadığıma peşiman deyiləm. Hesab edirəm ki. dünyada duyğusuz heç nə yoxdur. Bütün canlılar – həşəratlar da, ağaclar da, torpaq da, quşlar da duyur, təbiətin gözəllikləri bu düyğuların canlı tablosudur.
Belə duyğuların əsiri olduğum vaxtlarda yaxın dostlarım, qələmdaşlarım da yadıma düşür. Raziyə İmranqızı da ilk xatırladığım insanlar, dostlar sırasındadır. Bu dəyərli xanımı vaxtilə çalışdığı “Zəngəzurun səsi” qəzetindən tanımağa başlamışam və sonralar yaradıcılıq ünsiyyəti sayəsində dostlaşmışam. Bu gün təəssüflənmirəm ki, niyə onunla dostam. 60 illik ömrümdə uzun dövr ərzində dostluq etdiyim elə insanlar olub ki, məni illər keşəndən sonra peşiman ediblər. Amma Raziyə xanım bu qəbildən deyil.
Onun qəlbində sözün də, dərdin də gizli yolları var. Hər yolun saysız-hesabsız ayrıcı uzanıb gedir. Və bu ayrıclardan sallanıb axan bədii ağrılar bir nəhr üstündə cəmləşir. Yalnız bundan sonra yaradıcılıqla məşğul olan şəxsin fərdi keyfiyyətləri, yaradıcılıq aləmi aydın görünür.
Raziyyə İmranqızında istər şeir olsun, istər nəsr olsun, istər jurnalistikanın hansı janrında yazırsa-yazsın, hamısı adi nəfəsdən, adi səsdən yaranır. Və həmin əsər, yaradıcılıq nümunəsi sözlə ifadə edilənədək səs kimi onun iç duyğularında gəzir. Onun yaradıcılığının səsi duyğuların içərisində köklənib.
Daxilindəki duyğular çoxlaylıdır. Bu duyğular çeşid-çeşiddir: səsli duyğular var, səssiz duyğular var.Vəcd duyğuları var. Kədər duyğuları, qəm duyğuları var ki, məhəbbətin, eşqin məkanındadır. Sevinc duyğuları var: qəmi sevdiyindədir.
Raziyə xanımda səssiz haraylar var ki, işəridəki aləmlərin ağırlığını özündə saxlayır. Bu ağırlıqdan onun ünü ərşəyə qalxır. Səslənib haraya sığmır…
Harayasa tələsən insan…
– İnsan ömrü çox da böyük deyil. Taleyin hökmü ilə birinə az, birinə çox ömür verilir. Hərə bu ömrü bir cür yaşayır. Biri gecə, gündüz yazır, yaradır, millətə xidmət edir, biri yatır, gününü
keçirir. Adam da var ki, bir ömürdə bir neçə ömür yaşayıb, millətə sədaqətlə xidmət edib, xalqına zəngin irs qoyub gedib. Bu gün də həmin ənənəni davam etdirənlər var. Bir ömürdə bir neçə ömür yaşamaq istəyənlər də çoxdur. Baş redaktor, sayt rəhbəri, şair, yazıçı-publisist, incəqəlbli xanım Raziyə İmranqızı da onlardan biridir.
Bu gözəl insanın yaradıcı təfəkkürü onun qafasına sığmır, hey qaynayır, püskürür, yanır, yandırır, yazıb-yaradır. Onun təfəkkürü itiliyinə və sürətinə görə beten növ nəsil kompüteri
xatırladır. Düşünürsən ki, bu cavan gözəl insanın təfəkküründə, yaddaşında nə qədər məlumat, nə böyük hikmət var. O, hey yazır, yaradır, amma dayanmır, nöqtə qoymur. Gecə də yazır, gündüz də yazır. Hikmətli şeirlər, aydan, gündən, yerdən, cəmiyyətin hər bir sahəsindən məqalələr yazır.
Özünün vaxtilə çalışdığı qəzetdə bir-birindən maraqlı oçerk və zarisovkalarını, insan talelərindən bəhs edən məqalələrini oxumuş, müxtəlif araşdırma yazıları ilə yaxından tanış olmuşuq. O, bizə bizim bilmədiyimiz, duymadığımız həqiqətləri çatdırıb. Onun yazdıqları, yaratdıqları böyük bir kollektivin əməyinə bərabərdir.
Raziyə İmranqızı həmişə narahatdır, həmişə axtarır, həmişə yazır, həmişə yaradır. O özü belə deyir: “ Nədən belə narahatdır, nə olub görəsən?” Doğrusu, mən də bilmirəm, nə olub, nədən narahatdır, o niyə tələsir? Çox fikirləşib öz sualıma özüm cavab tapmışam: təfəkkür qafaya sığmayır. O, bir ömürdə bir neçə ömür yaşamaq istəyir. Raziyə xanımın bu ideala çatması
üçün zəngin təfəkkürü, iti zəkası, fitri istedadı yetərlidir. İstedadları sevən insan kimi mən, mənən zəngin, təfəkkürlü, cöşub-daşan zəkası püskürən, fikri ürəyə sığmayan bu böyük
insanın bu yoldakı böyük məşəqqətlərini yüksək qiymətləndirirəm.
Vətənpərvər ana
İnsan həyatı ziddiyyətlərlə dolu ömür yoludur. Bizə bəxş edilmiş bu həyatı hər kəs öz istədiyi kimi yaşamağa çalışır. Amma istəyə, arzuya, məqsədə çatmaq üçün enişli-yoxuşlu, aşılası mümkün olmayan sərt döngələr, çətin gediləsi çınqıllı yollar keçmək lazım gəlir. Bu cür həyat yolu keçib, sonda öz ülvi və müqəddəs arzularına yetmək hər adama nəsib olmur. Düzdür,
indi elə adamlar var ki, heç bir çətinlik çəkmədən, həyatın istisini, soyuğunu duymadan, onun naz-nemətlərinə sahib olurlar. Hər şey onlar üçün hazır şəkildə gətirilir. Əlbəttə, belələri zəhmətin, gərgin əməyin, yuxusuz gecələrin, yüksək insani hisslərin, mənəvi zənginliyin, səmimiyyətin nə olduğunu bilmirlər. Belə şeylər onları heç düşündürmür də. Çünki onlar
həyatlarını özləri qurmayanlardır. Ancaq elə insan da var ki, həyatda ömür kitabını özü, həm də qızılı hərflərlə yazır. Heç kəsə arxayın olmayan yalnız öz iradəsinə, daxili gücünə, inamına
ümid bəsləyən şəxs həyatda öz yerini, mövqeyini müəyyən etməkdə və ən başlıcası hər sahədə özünü sübut edən gözəl insani keyfiyyətləri özündə cəmləşdirərək digərlərinə örnək ola bilər. Belə nəcib insanlardan biri də Raziyə İmranqızıdır. Bu nəcib, xeyirxah, böyük ürək sahibi haqqında söz demək mənim üçün mənəvi rahatlıqdır. Açığını deyim ki, hər adam barəsində
söz deməyi xoşlamıram. Ancaq Raziyə xanım haqqında öz ürək sözlərimi deməmək qəbahətdir. Bu xanım, hər şeydən öncə, əsl Azərbaycan qadınının ismətini, ləyaqətini, cəsarətliliyini,
nəcibliyini, böyüklüyünü, ziyalılığını, xeyirxahlığını qoruyub saxlamağını bacaran vətənpərvər anadır.
Ağlı Allah-Təalanın ona bəxş etdiyi nurundan qidalanır
Yuxarıda qeyd etdiyim kimi, həyatın ən çətin yolunu məhz Raziyə xanım keçib. Ömür yoluna nəzər salanda bu qadının əzmkarlığına, prinsipiallığına, dönməzliyinə, yorulmazlığına, tükənməz enerjiyə malik olmasına heyran qalmaya bilmirsən. O, eyni zamanda etibarlı dost, səmimi yoldaşdır. O, dostu, yoldaşı çox yüksək dəyərləndirir. İndiki zamanda bunu hər adam bacarmır.
R.İmranqızı həmişə dostlarının işinə yarayır, çətinə düşən kimi tez onlara kömək əlini uzadır. Özü çıxılmaz vəziyyətdə qalsa da, dostunu nəyin bahasına olursa-olsun dar məqamdan
xilas edir. Bu, qadından böyük hünər tələb edir. O, çox zəhmətkeş qadındır. Raziyə xanım öz zəhməti hesabına, gərgin əməyi sayəsində cəmiyyətdə böyük nüfuz sahibidir. O indi təkcə paytaxtımızda deyil, həmçinin respublikanın uzaq bölgələrində belə xeyriyyəçi, nəcib bir qadın kimi də tanınır. Amma təəssüflə deməliyəm ki, bu cür istedada sahib olan adamlarımızı
vaxtında qiymətləndirməyi bacarmırıq.
R.İmranqızı hərtərəfli inkişaf etmiş ziyalıdır, qələm sahibidir. O, eyni zamanda yorulmaq bilmədən yazıb-yaradan və poetik fikirlərini oxucuları ilə bölüşməyə qadir istedadlı şairdir. Raziyə xanım cəmiyyətin bütün sahələrinə baş vuraraq həmişə orada nəsə yeni bir fikir, yəni məna kəsb edən, orjinallığı ilə seçilən dəyərli incilər tapıb üzə çıxarır və işıqlandırmağa çalışır. Onun yaradıcılıq diapazonu çox genişdir…
Raziyə xanım dadlı-duzlu yazıları ilə bir daha sübut edir ki, o bu sahəyə təsadüfən gələnlərdən deyil, onun qəlbi, ağlı Allah-Təalanın ona bəxş etdiyi nurundan qidalanır və özünün etiraf etdiyi kimi, bütün ömrünü kainatın yaradıcısını mədh etməyə hazırdır.
Beynimə süzülsə, qətrə nurundan,
Səni mədh edərəm mən yorulmadan.
Döyünən ürəyim, görən gözümsən,
Bu sirli dünyanın sirri özünsən!..
R.İmranqızını təkcə qələm adamı kimi deyil, eyni zamanda el-obanın xeyir işlərində çalışan təşəbbüskar xanım kimi qəbul edirik. Onu daim kasıb, yoxsul, mənəviyyatca təmiz adamların yanında görmək olur. Çünki özü də etiraf etdiyi kimi, bu həyatı yaşayıb. Allah onu elədiklərinin müqabilində mükafatlandırır. Bu xanımdakı prinsipallığa, inadkarlığa, məsuliyyətə, hər
şeyi ölçüb-biçməsindəki dəqiqliyə həmişə heyran qalmışam… Bütün bu işləri bir nəfərin görməsinə qətiyyən inanmaq olmur. Amma Raziyə xanım bunların öhdəsindən layiqincə gəlir. Hətta dostlarla səmimi ünsiyyətdə olmağa da həmişə vaxt tapır. Onda deyərdim ki, qeyri-adi çox şey var, amma biz bunu hələ bilmirik. İnanıram ki, Raziyə xanım əsl ziyalı kimi gec-tez layiqli qiymətini alacaq. Çünki onun kimi ziyalılarımıza həmişə böyük ehtiyacımız olub.
Yazımın əvvəlində vurğuladığım kimi, Raziyə xanımla media sahəsi ilə bağlı fəal əməkdaşlığımız olub. Vaxtlə çalışdığı qəzetdə mənim yazılarımın dərc olunmasına çalışıb, eyni zamanda özü də bilmədiklərini öyrənmək, məsləhət alma istəyində olub. Təsadüfi deyil ki, həmin dövrlərdə məni “ustad” deyə çağırıb və fəxr edirəm ki, bu gün də özünün vərdişinə sadiqlini nümayiş etdirir.
50 ilin 50-sinə də xoş sözlər…
Mən bu gözəl insanın digər keyfiyyətlərini sadalamaq istəmirəm. Həmişə adətimiz üzrə onun işığına toplaşmış insanlar – Cəmil müəllim, Şamo müəllim, Cahan xanım, Nicat müəllim, Aynur xanım, Lalə xanım, Ülviyyə xanım, Vüsalə xanım, Kamran və Həsən qardaşlarımız da bu xanım barəsində öz ürək sözlərini cəsarətlə söyləyiblər. Yəqin ki, onlar yarım əsr ömür sürmüş Raziyə xanım haqqında bu dəfə də xoş fikirləri ünvanlayacaq, onu qəlbən təbrik edəcəklər. Bu isə qarşıdadır. Hələlik yubilyar haqqında sözümüzü facebook səhifəsindən, saytlardan söyləyirik. Raziyə İmranqızını 50 illik yubileyi münasibətilə qəlbən təbrik edir, Allahdan ona həyatda ən gözəl nemət olan cansağlığı, xoşbəxt həyat və qəlbində tutduğu bundan sonrakı arzularına tezliklə nail olmağı diləyirəm. Qoy ömür-gün yoldaşı ilə birlikdə övladlarının xoş günlərini görüb, bütün həyatı boyu sevinsin, nənə kimi nəvələrinin xeyir işlərinə şahidlik etsin, nəticəlik sevincinin dadını dadsın, Raziyə xanım.





MUASİRMEDİA.AZ
Böyük hörmət və sevgi hissləriylə;
Daşdəmir ƏJDƏROĞLU