24 sentyabr 2025-ci ildə 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə MAA-nın əməkdaş və tələbə heyəti şəhid məzunlarımızın məzarlarını ziyarət etdi.
Şəhidlərimiz – Şahin Ağayev, Vüsal Məmmədov və Fuad Məmmədov – 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları ilə adlarını tarixə yazdılar.
Şahin Ağayev – 2011-ci ildə Milli Aviasiya Akademiyasının Hava Nəqliyyatı fakültəsinin “Uçuş mühəndisliyi” ixtisasına qəbul olub. 2016-cı ildə Helikopter pilotu ixtisasını fərqlənmə ilə bitirib. Füzuli, Cəbrayıl və Hadrut uğrunda döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Vüsal Məmmədov – 2014-cü ildə MAA-nın Aerokosmik fakültəsinin “Hava Nəqliyyatının Hərəkətinin İdarə olunması mühəndisliyi” ixtisasına qəbul olub. 2019-cu ildə təhsildən möhlət hüququ alıb. Ağdərə və Suqovuşan uğrunda döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Fuad Məmmədov – 2015-ci ildə MAA-nın Hava Nəqliyyatı fakültəsinin “Uçuş mühəndisliyi” ixtisasına qəbul olub. 2020-ci ildə Helikopter pilotu ixtisasını bitirib. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bakının Xətai rayonunda adına küçə verilib.
Onların məzarları üzərinə əklil qoyuldu, gül dəstələri düzülərək ruhlarına dualar oxundu.
Qəhrəman məzunlarımızı dərin ehtiramla yad edirik. Allah rəhmət eləsin.





MM.AZ