Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova Lənkəranda yerləşən Penitensiar Mərkəzə köçürülüb.
Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova “Qəzetçi”yə bildirib ki, qızı Bakı qeydiyyatında olub və buna görə də Bakıda saxlanılmalı idi.
“Sevinc zəng etmişdi. Dedi ki, artıq Lənkərandadılar. Onlara səhər tezdən gözlənilmədən başqa həbsxanaya aparılacaqları bildirilib. Amma hara köçürüləcəklərilə bağlı məlumat verilməyib”, – Məhərrəmova deyib.
Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov “Qəzetçi”yə bu qərarın qanunsuz olduğunu və məhkəməyə şikayət verəcəklərini bildirib.
“Cəzaların İcrası Məcəlləsinə görə, məhkum qeydiyyatda olduğu yaxud faktiki yaşadığı ünvana yaxın cəzaçəkmə müəssisəsində saxlanmalıdır”, – deyə vəkil vurğulayıb.
Lənkəran Penitensiar Mərkəzi ötən il istifadəyə verilib. Müəssisə əsasən cənub zonası və bu bölgəyə yaxın olan ərazilərdə yaşayan şəxslərin saxlanılması üçün nəzərdə tutulub ki, məhbuslar öz ailələri ilə daha rahat görüşə bilsinlər.
2023-cü ilin noyabrından başlayaraq “Abzas Media”nın direktoru Ülvi Həsənli də daxil olmaqla saytın 6 əməkdaşı valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunub. Onların hər birinə 7 ildən 9 ilədək həbs cəzası verilib.
Beynəlxalq jurnalist və insan haqları təşkilatları jurnalistlərin həbsinin siyasi xarakterli olduğunu bəyan edib, Azərbaycan hökumətindən onların dərhal azadlığa buraxılmasını tələb ediblər.
MUASİRMEDİA.AZ
