DİN-in Polis Akademiyasında “Konstitusiya və suverenlik ili”çərçivəsində seminar keçirilib

ölkə
DİN-in Polis Akademiyasında “Konstitusiya və suverenlik ili” çərçivəsində “Polisin inzibati fəaliyyətində hüquqi bilik və bacarıqların rolu” mövzusunda elmi-praktik seminar keçirilib
26 sentyabr 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polisin inzibati fəaliyyətində hüquqi bilik və bacarıqların rolu” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirin məqsədi hüquq sahəsində elmi biliklərlə praktiki təcrübənin inteqrasiyası, eyni zamanda daxili işlər orqanlarının əməkdaşlarında və kursantlarda inzibati fəaliyyət sahəsində zəruri hüquqi bilik və bacarıqların inkişaf etdirilməsidir.
Seminarda respublikanın müxtəlif ali təhsil və hüquq qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislər iştirak ediblər. Onların sırasında DİN-in Polis Akademiyası, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin İdarə Heyəti, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Profilaktiki işin təşkili idarəsi, Vəkillər Kollegiyasının Tədris Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti və kursantlar yer alıblar.
Seminarda yeni nəşr olunmuş “İnzibati hüquq” və “İnzibati-prosessual hüquq” dərslikləri, eləcə də “Daxili işlər orqanlarının inzibati fəaliyyətində sənədləşdirmə” dərs vəsaitinin təqdimatı keçirilib, “Hüquqi maarifləndirmənin vətəndaş-dövlət münasibətlərində rolu”, “Dövlət idarəçilik orqanlarının inzibati fəaliyyətinin hüquqi tənzimlənməsi”, “İnzibati hüquq kontekstində müasir polisin geosiyasi çağırışları” mövzuları üzrə müzakirələr aparılıb.
Tədbir interaktiv müzakirə formatında davam etdirilib, iştirakçılar öz təcrübələrini bölüşüb, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
Seminarın sonunda çıxış edənlər belə tədbirlərin hüquq təhsilinin keyfiyyətinə və xidmət sahəsində effektivliyin artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar.
MM.AZ