Şirvan şəhərində 27 Sentyabr – Anım Günü silsilə tədbirlərlə qeyd olunub

ölkə
Şirvan şəhərində 27 Sentyabr – Anım Günü silsilə tədbirlərlə qeyd olunub
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsinə dərin ehtiram olaraq, 2020-ci ildə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr günü hər il “Anım Günü” kimi qeyd olunur. Bu müqəddəs gün münasibətilə Şirvan şəhərində də genişmiqyaslı silsilə tədbirlər həyata keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ümumşəhər anım mərasimləri şəhidlərin ruhuna dərin ehtiramın, onların müqəddəs xatirəsinə sadiqliyin və eyni zamanda dövlətimizin və xalqımızın şəhidlərə olan sonsuz minnətdarlıq duyğusunun bariz ifadəsinə çevrilib. Səhər saatlarından etibarən şəhərin müxtəlif idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və gənclər Şirvanın mərkəzi meydanına toplaşaraq əziz xatirələri anmaq üçün bir araya gəliblər.
Tədbirlər ilk olaraq şəhərin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, müxtəlif idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları abidə önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra şəhərin Şəhidlər Xiyabanına üz tutan iştirakçılar Birinci Qarabağ müharibəsində itkin düşmüş Şirvanlıların xatirə lövhəsini, həmçinin Birinci və İkinci Qarabağ müharibəsində canını Vətən uğrunda fəda etmiş igid şəhidlərimizin məzarlarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, onların ailələri ilə səmimi söhbətlər edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinin üzvləri ilə ayrıca görüşərək onlara dərin hüznlə başsağlığı verib, səbr diləyib, dövlətin və rəhbərliyin daim onların yanında olduğunu xüsusi vurğulayıb.
Şəhid analarının şərəfinə ucaldılmış “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında davam edən anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamını xatırladaraq, 27 sentyabrın Anım Günü elan edilməsinin şəhidlərin xatirəsinə dövlət səviyyəsində göstərilən ən ali ehtiram nümunəsi olduğunu qeyd edib. O, Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin sentyabrında törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən bəhs edib. Bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın birliyi və rəşadətli Ordumuzun igidliyi sayəsində torpaqlarımız işğaldan azad olunaraq, Azərbaycan öz tarixi ədalətini və suverenliyini bərpa edib. İlqar Abbasov qeyd edib ki, cəmi 23 saat davam edən antiterror tədbirləri ilə ölkəmizin tam suverenliyi təmin olundu və bu gün biz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı bahasına əldə edilmiş Zəfərlə fəxr edirik.
Çıxışında İlqar Abbasov həmçinin vurğulayıb ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva şəhidlərin əziz xatirəsinə daim xüsusi diqqət və qayğı ilə yanaşır, onların ailələrinin sosial rifahını, qazilərin müalicəsini və sağlamlıqlarının bərpasını daim diqqət mərkəzində saxlayır. Bu dövlət siyasəti xalqımızın qəhrəman oğullarının xatirəsinin unudulmaz olduğunun, hər zaman uca tutulduğunun bariz göstəricisidir.
Daha sonra tədbirdə çıxış edənlər – Daxili Qoşunların Şirvan şəhərində yerləşən hərbi hissəsinin komandiri, polkovnik Rəşadət Süleymanov, Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin müəllimi Şəmsiyyə Əskərova, şəhid anası Məryam Həsənova və müharibə iştirakçısı Taciyəddin Vəliyev xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən söz açıblar. Onlar çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən, şəhidlərin və qazilərin misilsiz fədakarlıqlarından bəhs edərək, qazanılan qələbənin əbədi olduğunu vurğulayıblar. Çıxış edənlər şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd ediblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda avtomobillərdən səs siqnalları verilib, bütün şəhər bir anlıq şəhidlərin müqəddəs ruhuna hörmət və ehtiramla dayanıb. Tədbirin sonunda isə şəhər məktəbliləri Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Onların ifasında səslənən bədii nümunələr tədbir iştirakçıları tərəfindən böyük duyğusallıqla qarşılanıb.
Tədbirlər bununla da yekunlaşmayıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri el qəbiristanlığında şəhid məzarlarını ziyarət edərək, onların önünə gül dəstələri düzüblər. Daha sonra Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanları – Rəfael Həbibov, Tahir Bağırov və Nofəl Quliyevin büstləri ziyarət olunub, onların xatirələri böyük ehtiramla yad edilib.
Bu genişmiqyaslı anım tədbirləri bir daha təsdiqlədi ki, Azərbaycan xalqı şəhidlərinin xatirəsini heç vaxt unutmayacaq, onların qəhrəmanlıq salnaməsi gələcək nəsillərə daim örnək olacaq. Qazanılan tarixi Zəfər, torpaqlarımızın işğaldan azad olunması, dövlətimizin tam suverenliyinin təmin edilməsi şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində mümkün olub və xalqımız bu qələbənin dəyərini heç vaxt unutmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
MM.AZ