Sentyabrın 27-si müharibə xəbəri yayılan kimi Xudayara davamlı zəng çalsam da, cavab ala bilmədim. Saat 10-11 arası zəng vurdu ki, ana, nə olub? Demişəm axı təlimdəyəm, sənə necə cavab verə bilərəm? Dedim ki, ay bala, müharibə başlayıb. Çox soyuqqanlı cavab verdi ki, nə olsun ki, başlayıb? Nə vaxta kimi gözləməli idik? Onun bu soyuqqanlı cavabı nənəsinin Xocalı haqqında danışdıqlarından təsirlənərək ağlayan məktəbli Xudayarı saldı yadıma və bir də generalın şəhadətindən hiddətlənərək söylədiyi “Bu qisas qiyamətə qalmaz” sözləri təkrar səsləndi qulağımda. Bununla belə, Xudayar müharibədə olduğunu məharətlə gizlədə bilirdi. Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə bir qadın üzüyü tapıb kiçik barmağına keçirmişdi. Yoldaşları soruşub ki, bu qadın üzüyünü nəyinə lazımdır? Demişdi ki, verəcəyəm nənəmə və deyəcəyəm ki, Xocalının qisasını aldıq. Həmin üzük hazırda anamın barmağındadır.

MM.AZ