Biləsuvar-Bəhrəmtəpə magistralında baş verən qəzada bir nəfər ölüb. Digər avtomobildə olan sürücü və ailəsi xəsarət alıb. Bu gün günorta saatlarında Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonun Arazbari kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Cücə daşıyan və Bəhrəmtəpə istiqamətində hərəkətdə olan Cəlilabad rayonunun Sabirabad kənd sakini Mahir Abışovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili, Biləsuvar rayonu istiqamətində hərəkətdə olan Qax rayon sakini Pərviz Abıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “VAZ 2107” markalı nəqliyyat vasitəsi yol kənarına düşüb. Digər avtomobil isə deformasiyaya uğrayıb. Deformasiyaya uğrayan avtomobildə bir ailənin üzvləri sürücü Pərviz Abıyev, onun həyat yoldaşı və iki azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “VAZ 2107″-nin sürücüsü Mahir Abışov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücünün maşında sıxılıb qalan nəşi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma davam etdirilir.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU