Sel suları 60 hektar çəltik sahəsini yararsız vəziyyətə salıb Xəbərə görə Lənkəranda 1 aya yaxındır ki, çəltik yığımına başlanılıb. Son intensiv yağışlar ayr-ayrı fermerlərin əkib-becərdikləri çəltik sahələrinə ciddi ziyan vurub. Təqribən 60 hektara yaxın çəltik sahəsi demək olar ki, tamamilə məhv olub. Fermerlər deyir ki, sel suları sahələri çəltiyin biçin vaxtı basdı. Bu da həm biçini ləngitdi, həm də sahələri dağıtdı. Fermer-aqronom Möhtəmən Fərziyev bildirir ki, bu il sahədə iki növ: Belita və el dilində topa düyü deyilən Malisa əkilib. Yığımın əvvəlində hektardan Malisadan 4 ton, Belitadan 6-7 ton məhsul götürülürdü. Yağışlar başlayandan sonra, proqnozlar dəyişdi və vəziyyət çətinləşdi. “Sahələrimiz sığortalanıb. Ötən ilə kimi nə dövlətdən nə də sığorta şirkətindən kömək istəmədik. Lakin bu il istəyirik. Sığorta şirkəti bizə kömək olmalıdır. Əks halda çəltiyin qiymətinə təsir edə bilər. Keçən il 2,70 manata satılan düyü 3 manatdan yuxarı ola bilər. Çünki o qoyulan xərclər çıxmalıdır”. Sahələrdə yaranmış vəziyyətlə bağlı Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri İlqar Həsənov bildirib ki, 2025 təsərrüfat ilində Lənkəranda 780,2 hektar sahədə çəltik əkini reallaşıb. Bu günə kimi sahələrdən ayrı-ayrı fermerlər tərəfindən 350 hektara yaxın çəltik biçini aparılıb. Son intensiv yağışlar nəticəsində bəzi fermer təsərrüfatlarına 60 hektara yaxın ziyan dəyib. Yetişən sünbüllər yağışın nəticəsində yerə yatmış, yer su olduğundan sünbüllər də uzun müddət yerdə qalmış və cücərmiş yararsız vəziyyətə düşmüşdür. Sünbüllərin yerə, torpağa yatdığından kombaynlar həmin ərazilərdə biçin apara bilməmiş, bu baxımdan fermerlər xeyli ziyan dəymişdir. Fermerlər onu da bildirdi ki, hazırda hədəf növbəti illər üçün texnikaların sayını artırmaqdır. Çünki, yağışlar başlayana kimi, sentyabrın ilk 10 günlüyündə 2-3 texnika ilə məhsul tez yığılır və bu kimi problemlər də yaşanmır.
MM.AZ YAQUB MEHDİ OĞLU